ACIDƏRƏ
Şamaxı r-nunun Göylər i.ə.d.-də kənd. Rayon mərkəzindən 25 km cənubdadır. Acıdərə çayının sahilində, Ləngəbiz silsiləsinin ətəyindədir. Әhalisi 15 (2008) nəfərdir.
19 əsrin 1886 il siyahıyaalınmasında Bakı quberniyası Şamaxı qəzasında Binəcik nahiyəsində Acıdərə adlı (7 ailə, 31 nəfar əhali) kənd qeydə alınmışdır. Acıdərə kəndini eyni adlı çayın sahilində əvvəllər poçt məntəqəsi olmuş yerdə Şeyx Əyyub baba və onun nəslinə mənsub olanlar bina etmişlər.
ACIDƏRƏ – çay
Azərbaycan Respublikasının Şamaxı r-nunda çay. Pirsaat çayının sol qolu. Uzunluğu 23 km. Sündü kəndinin yaxınlığından başlanır. Әsasən, bulaq və yağış suları ilə qidalanır. Yay quraq keçəndə suyu azalır və şorlaşır. Buna görə də Acıdərə adlanır. Güclü yağışlardan sonra sel olur.
ACIDƏRƏ – dağ
Şamaxı r-nu ərazisində dağ. Hün. 931 m.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, 1 cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 11
ACISU
Şamaxı r-nu ərazisində çay. Çayın adı acı və su sözlərindən düzəlib. Çay suyunun dadının acı və ya şor olduğunu bildirir. 5-13 əsrlərə dair gürcü mənbələrində bu çayın adı qeydə alınmışdır.
ADIGÖZƏLOV Ağakərim Canəli oğlu
(1.1.1936, Şamaxı r-nunun Nərimankənd k.) – riyaziyyatçı, riyaziyyat üzrə fəlsəfə doktoru (1969). Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. Şamaxı rayonunun Nərimankənd kənd məktəbində riyaziyyat müəllimi işləmişdir.
ADIGÖZƏLOV Azadxan Səfərxan oğlu
ADNALI
Şamaxı r-nu Adnalı kənd i.ə.d.-nin mərkəzi. Rayon mərkəzindən 7,5 km cənub-qərbdə, Ləngəbiz silsiləsindəki Orta bulaq dərəsinin sağ tərəfində, Adnalı yaylasında yerləşir. Əhalisi 1005 (2008) nəfərdir, 175 təsərrüfatı var; taxılçılıq, heyvandarlıq və üzümçülüklə məşğuldur. Tam orta məktəb, uşaq bağçası, tibb məntəqəsi, klub, kitabxana var.
AĞA MƏSİH ŞİRVANİ
Ağa Məsih Məhəmməd oğlu Şirvani (1687-1765), – Azərbaycan şairi. Şamaxı şəhərinin yaxınlığındakı Dədəgünəş kəndində doğulmuşdur.
AĞABABA SAĞƏRİ
Ağababa Nurulla oğlu (1847, Şamaxı ş. – 1922, Qarasu k.) – şair, müəllim. Mollaxanada və mədrəsədə təhsil almış, Şamaxıda müəllimlik etmişdir. Gənc yaşlarından şeir yazmış, Şamaxı mühitində böyük nüfuz sahibi olmuşdur.