QARAYEV Əlövsət Ağakərim oğlu
(10.08.1914, Şamaxı – ?) – Azərbaycan neftçi alimi, texnika elmləri namizədi (1966). Lenin mükafatı laureatı (1963), Azərbaycan SSR əməkdar mühəndisi (1964), SSRİ-nin fəxri neftçisi (1974). 1934-40 illərdə Bakının neft mədənlərində işləmişdir. 1940 ildən 1945 ilə qədər Uzaq Şərq Neft Birliyinin rəis müavini, Krasnodar Neft və Qaz Kəşfiyyatı Trestinin müdiri (1945-52), Şimali Qafqaz Xalq Təsərrüfatı Şurası Neft və Qaz Sənayesi İdarəsinin rəisi (1963-65), SSRİ Neftçıxarma Nazirliyinin Cənub Baş Neftçıxarma idarəsinin rəisi (1965-70), SSRİ Neft Sənayesi Nazirliyinin Texniki-İqtisadi İdarəsi rəisi olmuşdur (1970-76). 1976 ildən Elmi-Tədqiqat Qazıma Texnikası İnstitutunun elmi işlər üzrə direktor müavini olmuşdur.