Kərbəlayi Allahi Arif, (1786-1866), Azərbaycan şairi. Həyatı haqqında məlumat azdır. Şirvan hakimi Mustafa xanın (1792-1820) sarayında yaşamış, sonralar ondan inciyərək, İrəvan xanı Hüseyn xanın sarayına getmişdir. İncikliyə əsas səbəb saraya gəlib yaltaqlıqla özünə yüksək mövqe qazanan, ancaq öz mənfəətini güdən insanlara kəskin münasibəti olmuşdu. Allahi təxəllüsünü də özünə bica götürməmişdi. Bütün hərəkətlərində Allah yolunu gözləyən ədalətli adamdı. Qəzəllərində dövrünün zülm və haqsızlıqlarından, vətənin ara müharibələri nəticəsində viran olmasından, vəfalı sirdaşın yoxluğundan şikayətlənmişdir. Mustafa xana yazdığı bir həcvində onu və onun saray əyanlarını kəskin tənqid etmişdir. Kərbəlayi Allahi Arifin ilk kitabın Salman Mümtaz toplayıb nəşr etdirmişdir.
Əd.: Azərbaycan Milli Ensiklopediyası, 2 cild, Bakı, 2010, s.37-38