Mirzə Ələkbər Məşədi Zeynalabdin oğlu Tahirzadə (30.5.1862, Şamaxı ş. – 12.7.1911), Şamaxı ş.) – Dünya ədəbiyyatının misilsiz satirik şairləri panteonunun ön cərgələrində özünəməxsus böyük yeri olan böyük vətənpərvər, dahi Azərbaycan şairi, mütəfəkkir, ictimai xadim, müəllim. İlk təhsilini 1870 ildə mollaxanada almış, sonra isə 1874 ildə Bakı quberniya məclisinin Şamaxıdakı ruhani məktəbində – maarifpərvər şair Seyid Əzim Şirvaninin yeni üsullu məktəbində oxumuşdur.
İlk şeirlərini mollaxanada və S.Ə.Şirvaninin məktəbində təhsil aldığı zaman qələmə almış, Sədi Şirazinin yaradıcılığından tərcümələr etmişdir. Atasının baqqal dükanında ticarətə yox, şeirə meyl etdiyi üçün cəzalanır; Məşədi Zeynalabdin Ələkbərin daim qoynunda gəzdirdiyi şeir dəftərçəsini cırır. Atasından da inadkar olan Ələkbər fürsət düşən kimi bir gün Xorasana gedən karvanla şəhərdən çıxır, lakin Məşədi Zeynalabdin xəbər tutaraq oğlunu geri qaytara bilir. Bu hadisə Şamaxıda geniş əks-səda doğurur və Ələkbər məşhurlaşır.
1884 ildə ziyarət adıyla səyahətə çıxmış, Səbzvar, Nişapur, Səmərqənd, Buxara, Xorasan, Məşhəd, Həmədan və başqa yerlərdə olmuşdur. Xorasanda tüğyan edən vəba onun Şamaxıya qayıtmasına səbəb olur. Az sonra Kərbəlaya səfər edir. Həmədanda bədahətən dediyi bir rübai gələcək böyük satirikin istedadından soraq verirdi:
Həmədanda qonağımdan xəbər aldım, key, şeyx,
Hansı məxluq sizin şəhərdə bişək çoxdur?
Dedi: Az isə də bu şəhərdə sair məxluq,
Leyk dəbbağ ilə səbbağ ilə eşşək çoxdur.
1887 ildə qohumlarından olan Büllurnisə ilə ailə həyatı qurmuş, bu izdivacdan səkkiz qızı və bir oğlu – Məmmədsəlim doğulur.
1901 ildə A.Səhhət təhsilini bitirərək Şamaxıya dönür və tezliklə onların arasında əbədi dostluq telləri yranır. M.Ə.Sabirin Abbas Səhhət, Ağəli bəy Naseh və Məhəmməd Tərrahla əbədi dostluğu onun bir şair kimi yetişməsində mühüm rol oynayır. Müasirlərinin ehtiramla “Mizanüş-şüəra” adlandırdıqları Ağəli bəy Naseh M.Ə.Sabirin ilk tənqidçilərindən olmuşdur. Mənbələrin verdiyi məlumata görə, A.Nasehin hər hansı bir əsər haqqındakı fikri, rəyi öz obyektivliyi ilə seçilir və rəğbətlə qarşılanırdı.
1902 il yanvarın 31-dəki Şamaxı zəlzələsi zamanı M.Ə.Sabirin də evi dağılır. O nəinki öz ailəsinə, başsız qalmış qonum-qonşuya, qohum-əqrəbaya da pasiban olur, kimsəsiz insanlara əlindən gələn köməyi göstərir, bu fəlakəti “Üç yüz on doqquz idi bəd həzar” misrası ilə başlayan mənzuməsində əks etdirir.
1903 il iyunun 27-də “Şərqi-Rus” qəzetinin 37-ci sayında “Ələkbər Tahirov” imzası ilə “Şükr lillah ki, afitabi-süxən” misrasıyla başlayan mənzuməsi çap olunur. “Şərqi-Rus” qəzetinin nəşri ilə bağlı bu mənzum təbrik M.Ə.Sabirin ilk mətbu əsəridir. Qəzetdə şeirdən əvvəl redaksiyanın belə bir qeydi vardır:
“Şamaxılı Əli Əzimov bəradərimizin idarəmizə göndərdiyi xeyirxahanə məktubunun ləffindəki “Sabir” təxəllüslü bir şairin kəlamıdır”.
Ədəbi mühitdə “Sabir” təxəllüsü ilə tanınan şair bütün yaradıcılığı boyu ictimai-siyasi mühitlə bağlı olaraq Hophop, Ağlar-güləyən, Əbunəsr Şeybani, Qoca əmi, Boynu buruq, Fazil, Din dirəyi, Boynu yoğun, Tükəzban cici, Qoca iranlı, Yarıkönül, Sevdayi kimi gizli imzalardan istifadə etməli olmuşdur.
1906 ildə “Həyat” qəzetində /10 fevral 1906, №33/ “M.Möhtəmil” imzası ilə “Bir məclisdə on iki kişinin söhbəti” şeiri çap olunmuşdur.
1906-11 illərdə “Molla Nəsrəddin” jurnalında müxtəlif mövzulu əsərlərini fərqli imzalarla dərc etdirir. A.Şaiq yazırdı: ”Sabirin daha cocuqkən donmuş və cərəyana bir yol araya bilməyən təbi-səliminə “Molla Nəsrəddin” jurnalının üslub və məsləki çox uydu və şairin hissiyati-qəlbiyyəsini oyatmağa və təbi-şairanəsini dadlı-dadlı oxşamağa, əhvali-ruhiyyəsində fövqəladəliklər və başqalıqlar törətməyə başladı. Çoxdan bəri donmuş və məcrasını bulamayan sərçeşməyi-təbi artıq məcrasını bulmuş olduğundan bir seyli-xüruşan kimi axıb getməyə başladı”.
İlk dəfə “Molla Nəsrəddin” jurnalında “Millət necə tarac olur olsun, nə işim var?!” satirası imzasız çap olunmuşdur /28 aprel 1906, №4/. Həmin satiradan əvvəl C.Məmmədquluzadənin “Niyə məni döyürsünüz?” adlı bir felyetonu verilmişdir.
1906 ildə “Füyuzat “ jurnalında /18 dekabr 1906, №5/ “Söz” şeiri çap olunur. M.Ə.Sabirin şeirlərindən əvvəl jurnalda Əli bəy Hüseynzadənin “Ə.H. “ imzası ilə “Qırmızı qaranlıqlar içində yaşıl işıqlar “ məqaləsi yer almışdır.
1907 ildə sabun bişirib satmaqdan imtina edərək müəllimliyə başlayır. 1908 il aprelin 11-də Bakı quberniya ruhani idarəsində imtahan verir və həmin il mayın 7-də Tiflisə gedib Qafqaz Şeyxül-İslamı İdarəsinin verdiyi şəhadətnaməni alır. Beləliklə, rəsmi şəkildə müəllimlik hüququ qazanır.
1908 ilin sentyabrında “ Ümmid” məktəbini açır. “Ümmid “ məktəbinin açılmasında M.Ə.Sabirə yaxın dostları və cəmiyyət içərisində xüsusi nüfuz sahibi olan Əbdülxalıq Əfəndi yaxından köməklik edirlər. M.Ə.Sabir yeni açdığı məktəbi müəllim Hacıbala Zamanovla birgə idarə edirdi. Zamanının tanınmış mühərrirlərindən olan Haşım bəy Vəzirov 1909 il iyul ayında Şamaxıda qalarkən “Ümmid” məktəbində də olmuş, məktəbin fəaliyyətindən məmnun olaraq, onun “beqədri-imkan üsuli-cədidə yaxın bir tərzdə idarə olunduğunu” xüsusi olaraq qeyd etmişdir.
1909 ilin yayında “Ümmid” məktəbi bağlanır və şair 1910 ilin əvvəllərində Bakıya işləməyə gəlir. Balaxanıda fars dilli və şəriət müəllimi kimi çalışır. Eyni zamanda mətbəədə müsəhih /korrektor/ vəzifəsində çalışır.
1910 ilin yayından Bakıda çıxan “Günəş”, “ Həqiqət” qəzetlərinin redaksiyasında işləyir.
1910 ildə qara ciyər xəstəliyinə tutulur və Şamaxıya qayıdır.
1911 ilin may ayında müalicə üçün Tiflisə gedir. C.Məmmədquluzadə, Həmidə xanım şairi evlərində saxlayır, ona sonsuz diqqət və qayğı göstərirlər.
1911 ilin may ayında həkimlər cərrahiyyə əməliyyatının vacibliyini bildirsələr də, M.Ə.Sabir buna razılıq vermir və Şamaxıya dönür.
1911 il on dördüncü sayında “Molla Nəsrədddin“ jurnalı şairə yardım etmək üçün oxucularına müraciət dərc etdirir.
1911 il 8 iyulda təkrar Bakıya gələn şair cərrahi müdaxiləyə razılıq versə də, həkimlər artıq vəziyyətin ağırlığını nəzərə alaraq gec olduğunu bildirirlər. M.Ə.Sabir Şamaxıya qayıdır. A.Şaiqin xatirələrindən məlumdur ki, Sabir öz qələm dostunun xahişi ilə ona geniş tərcümeyi-halını yazıb göndərmiş, Salman Mümtaz isə o məşhur əlyazmanı A.Şaiqdən almışdır. A.Şaiq Sabirin xatirələrinə istinadən yazır ki, “xəstəliyimin uzandığından təngə gəlib hər an ölməyi arzu edər və bu fərdi daim oxurmuş:
İstərəm ölməyi mən, leyk qaçır məndən əcəl,
Gör nə bədbəxtəm əcəldən də gərək naz çəkəm”.
1911 il iyulun 12-də Şamaxıda vəfat edir, “Yeddi günbəz” qəbiristanlığında dəfn olunur. Məsləkdaşı, yaxın dostu A.Səhhət 19 iyul 1911 il tarixində “Məlumat” qəzetinin 16 sayında “Qara xəbər” məqaləsi ilə çıxış edir. O, sözügedən məqaləsində vətəndaş-ziyalı kimi M.Ə.Sabirin Azərbaycan, azərbaycanlılar üçün necə bir əvəzolunmaz tarixi şəxsiyyət olduğunu özünəməxsus bir formada təqdim edir: “Yalnız bir istəkli rəfiq, mehriban dost itirdiyimdən bu qədər mütəəssir deyiləm. Bir böyük millət bir qiymətli şair itirdiyindən kədərim bilmüzaəfdir. Sabirin vəfatı millət üçün bir ziyani-əbədidir, bir zərbeyi-fəlakətdir ki, onun ağuşunu millət öz vücudunda hələ sonralar dərk edəcəkdir”.
M.Ə.Sabir hələ Tiflisdə müalicə olunarkən A.Səhhətə yazmış olduğu məktubunda böyük bir inamla bildirirdi ki, “ölürsəm, qəm etmərəm. Çünki bilirəm siz mənim asarımı təb etdirərsininz”. Həqiqətən də, A.Səhhət nə qədər çətin olsa da, əziz dostunun bu vəsiyyətinə 1912 ildə əməl etdi: “Hophopnamə” adlı kitab işıq üzü gördü.
Mübaliğəsiz demək olar ki, M.Ə.Sabir ömrünü vətənin, millətin rifahı, azadlığı, inkişafı yolunda məşələ çevirdi və hələ sağlığında ikən ümumxalq məhəbbəti qazanaraq onun qəlbində özünə əbədi yuva qurdu. Əlbəttə, Sabirin heç bir tərifə, təşəkkürə ehtiyacı yox idi, Əliabbas Müznibin dediyi kimi, Sabirə ilk heykəl “Hophopnamə “nin nəşri idi.
Azərbaycanda qələm sahiblərindən ilk dəfə olaraq M.Ə.Sabirə heykəl qoyulmuşdur. 1920 ildə sovet hakimiyyətinin ilk günlərində gipsdən, 1922 ildə isə Yakov Keylixis adlı heykəltəraşın betondan tökdüyü heykəl N.Nərimanovun təşəbbüsü ilə Bakıda qoyulmuş, sonralar həmin heykəl qoyulduğu bağdan götürülmüş, heykəltəraş Cəlal Qaryağdı 1958 /tunc, qranit/ və 1962 illərdə M.Ə.Sabirin monumental heykəllərini yaratmışdır. Bu gün şairin doğma vətəni Şamaxıda, onun adını daşıyan qəsəbədə, ölkəmizin müxtəlif guşələrində dahi şairin möhtəşəm heykəlləri ucalmaqdadır.
Əd.: E.Eminalıyev “Mirzə Ələkbər Sabir: həyatı və sənəti”. Bakı, CBS, 2012, s. 20-29
Z. Əliyev “Sabir təsviri sənətdə”Bakı, “Təhsil”, 2012