ŞƏRİFOV Ələsgər Məmmədtağı oğlu
(25.12.1909, Şamaxı – 28.9.1982, Bakı) – Azərbaycan rejissoru. Azərbaycan SSR xalq artisti (1960). Bakı Teatr Texnikumunu (1928) və Dövlət Teatr Sənəti İnstitutunu (Moskva) bitirmişdir (1933). 1934-82 illərdə Azərbaycan Dövlət Akademik Dram Teatrının rejissoru olmuşdur. Şərifov “Lenin” (1940, A. Kapler və T. Zlatoqorova), “Tufanlı il” (1959, 1967, A. Kapler), “Zamanın hökmü” (1970; N. Poqodinin trilogiyası əsasında), “Kreml saatı” (1975, N. Poqodin), “Cehizsiz qız” (1938, 1979; A. Ostrovski), “Pəri cadu” (1940, 1957; Ә. B. Haqverdiyev), “Sevil” (1944, C. Cabbarlı), “Qış nağılı” (1955, V. Şekspir), “Şeyx Sənan”, “Səyavuş” (1956, 1963; H. Cavid), “Orlean qızı”, “Məkr və məhəbbət” (1965, 1973; F. Şiller), “Közərən ocaqlar” (1967, M. İbrahimov), “Məhəbbət əfsanəsi” (1977, N. Hikmət) və s. tamaşaları səhnəyə qoymuşdur. Qırmızı Əmək Bayrağı, 2 “Şərəf nişanı” ordeni və medallarla təltif edilmişdir.
Əd.: ASE, X cild, Bakı,1987, s. 515