Qənnadı məmulatı. Ş.q. hazırlamaq üçün una yumurta (1 kq una 3-4 yumurta götürülür), duz, sirkə cövhəri və su vuraraq xəmir hazırlanır. Xəmiri otaq temperaturunda yarım saata qədər saxlamaq lazımdır.
Kərə yağı bir qədər un ilə övkələnir və 12°C temperatura qədər soyudulur. Xəmir 18-20 mm qalınlığında yayılır, soyudulmuş yağ xəmirin ortasına qoyulur və xəmir zərf şəklində bükülür. Bükülmüş xəmir elə yayılır ki, yağ içərisinə bərabər yayılsın. Xəmir 3-4 dəfə ikiqat bükülüb yayılır. Sonra 4 qat bükülüb bir neçə hissəyə ayrılır və soyuducuda bir saata yaxın saxlanılır. Qoz ləpəsini ətçəkən maşından keçirib şəkərlə qarışdırır, ona qızdırılmış bal və ədviyyat əlavə etməklə içlik hazırlanır (0,5 kq ləpə üçün 100 q şəkər kirşanı və 110 q bal götürülür). Qatlama xəmiri 5 mm qalınlığında 90×90 mm ölçüdə kvadratlar şəklində yayılır, ortasına bir xörək qaşığı içlik qoyulur və zərf şəklində bükülür, qızdırıcı şkafın (fırının) tavasına yığılır, üzərinə yumurta çəkilir, 250-260°C temperaturda tünd sarı rəng alana qədər (15 dəqiqə) bişirilir
Əd.: “Azərbaycan kulinariyası ensiklopediyası”, Bakı, “Şərq-Qərb”, 2007. 137 s.