Azərbaycanda şəhərsalma mədəniyyətinin ən qədim mərkəzlərindən olan Şamaxı şəhəri antik Albaniya dövlətinin iri yaşayış məskənlərindən biri idi. Vətənimizin dilbər guşələrindən olub, əsrlər boyu Şirvanın mühüm mədəni, iqtisadi və siyasi mərkəzi sayılan, sorağı eramızdan çox-çox əvvəllərə gedib çıxan Şamaxı millətimizə hər zaman şöhrət gətirən şəhərlərimizdən olmuşdur.
Tarix boyunca davam edən dəhşətli zəlzələlər zamanı təkrar-təkrar yerlə-yeksan olmuş və dəfələrlə yerini dəyişmiş Şamaxının, arxeoloji qazıntılar zamanı ən qədim ərazisini müəyyən etmək hələlik mümkün olmamışdır. Lakın antik müəlliflərin yazılı məlumatları və Şamaxı şəhəri yaxınlığındakı Xınıslı qazıntıları zamanı aşkar olunmuş maddi-mədəniyyət nümunələrinin analiz və nəticələrinə görə Şamaxı şəhərinin ən azı 2500 il yaşı vardır.
Bütün bunlara baxmayaraq tədqiqatçılar hələ də Şamaxının yaşı ətrafında mübahisə edirlər. Tarixçi alimlərimizin bəziləri şəhərin e.ə. 3-2 əsrlərdə mövcud olduğunu, bəziləri isə Şamaxının 2000-2500 il bundan əvvəl salındığını iddia edirlər. Bu ərazidə uzun müddət aparılmış arxeoloji qazıntıların nəticələrinə əsasən də konkret faktlar söyləmək çətindir. Hələlik isə Şamaxı yaxınlığında yerləşən Xınıslı kəndi ətrafında təsadüfi torpaq işləri və daha sonra aparılan arxeoloji qazıntılar nəticəsində aşkarlanmış bir dəfinə daha çox diqqəti cəlb edir. 1958-ci ildə üzüm plantasiyaları salmaq məqsədilə təpəlik sahədə təsərrüfat işləri aparılarkən Xınıslı yaşayış yeri yaxınlığında aşkar edilmiş 300-dən çox gümüş sikkə tədqiq olunmuşdur. Sikkələr Roma (denari), Afina (5 tetradraxma), Frakiya (3 tetradraxma), Vifiniya (7 tetradraxma), Pont (1 tetradraxma), Selevki (76 tetradraxma), Arşaki (161 draxma) və yerli bənzətmə alban (72 ədəd) pullarından ibarətdir. Dəfinədə ən qədim pul Lisimaxın (e.ə. 323-281) Frakiyada zərb edilmiş tetrdraxma, ən sonuncu isə III Fraatın (e.ə. 70-58) Arşaki draxmasıdır.
Dəfinənin e.ə. təqribən 1 əsrin 3-cü rübündə basdırıldığı ehtimal olunur. Sikkələrlə yanaşı, gümüş bəzək əşyasının bir parçası (5,52 qr.), yastı gümüş lövhə (58,74 qr.), gümüş külçə (29,96 qr.) də tapılmışdır. Külli miqdarda bənzətmə alban sikkələri ilk dəfə Xınıslı dəfinəsində aşkar edilmişdir. Bu sikkələr əsasında əvvəllər ayrı-ayrı yerlərdən tapılmış naməlum pulları müəyyənləşdirmək mümkün olmuşdur. Xınıslı dəfinəsi hələ eramızdan əvvəl Azərbaycanda yerli sikkələr kəsildiyini, geniş pul-əmtəə tədavülünün olduğunu göstərir. Arxeoloji qazıntılar zamanı aşkar olunan sikkələr içərisində Makedoniyalı İsgəndərin sikkələrinə oxşadılmış yerli pullar da elmi cəhətdən böyük marağa səbəb olmuşdur. Şamaxının adı ilk dəfə antik mənbələrdə – yunan coğrafiyaşünası Klavdi Ptolemeyin “Coğrafiya” əsərində Albaniya ölkəsinin 29 şəhəri sırasında “Mamaxiya” “Camaxeya” və ya “Kemaxeya” formasında çəkilir. Sonralar mənbələrdə şəhər “Kemaxiya”, “Əşşamaxiyyə”, ərəblər adını dəyişdirdiyi zaman qısa müddət “Yezidiyyə” və sonra yenidən bu günə kimi “Şemaxi” və “Şamaxı” adlandırılmışdır. Qədim yaşayış məskəni yerində tədricən bir şəhər kimi formalaşan Şamaxı obyektiv səbəblər üzündən zaman-zaman sərhədlərini dəyişdirməli olsa da, bəzən hətta xarabalıqlar içindən yenidən baş qaldırsa da, erkən orta əsrlərdə də bir şəhər kimi varlığını və əhəmiyyətini qoruyub saxlaya bilmiş, xilafətin hakimiyyəti illərində isə tədricən mühüm ictimai-iqtisadi və siyasi mərkəzə çevrilmişdir.
Şamaxı Şirvanın mərkəzi hissəsində, dəniz səviyyəsindən təqribən 749 metr hündürlükdə, əlverişli coğrafi bir mövqedə yerləşir. Şamaxının cənubunda Zoğalavay, şərqində isə Pirsaat çayları axır. Şəhəri şimaldan Binaslı, Quşhan, şimal-qərbdə Pirdirəki və Qız qalası-Gülüstan, qərbdən isə Meysəri dağları əhatə edir. Bu dağları şəhərin təbii müdafiə istehkamları da hesab etmək olar. Qafqaz dağlarının ətəklərində yerləşdiyindən şəhər əhalisini və ətraf kəndləri içməli su ilə təchiz edən gözəl bol sulu bulaqları var.
9 əsrdən başlayaraq Şamaxı şəhəri haqqında mənbələrdə çox geniş məlumat verilir. Bu, 918 ildə hərbi-strateji baxımdan çox əlverişli mövqedə yerləşən qədim Şamaxının Şirvanşahlar dövlətinin paytaxtına çevrilməsi ilə bağlıdır. Dövrün ərəb coğrafiyaşünasları, səyyahları Şamaxı şəhərini “Şəməxiyyə” adlandırırlar. Əl-Bəlazuri Şamaxı şəhərinin əş-Şammax ibn Şucanın adını daşıdığını bildirir. Ərəb müəllifi Y.Həməvi qeyd edirdi ki, sözün kökü «yüksəklik» mənasını verən «şamax»dır. Bir sıra tədqiqatçılar isə Şamaxı sözünün “Şam” və “əxi” (Şamın qardaşı) sözündən götürülməsini güman edirlər. Şamaxı sözünü ərəblər və ya ərəb dili ilə əlaqələndirən digər mülahizələrin də mövcud olduğuna rəğmən, bu şəhərin daha qədim tarixə malik olmasını nəzərə alsaq onun adının, qədim “kimak” və ya “kamak” tayfalarının adi ilə bağlı olub, qədim Alban şəhəri “Kemaxeya”dan yarandığı daha düzgündür. Başqa bir fikrə görə, bəzi mənbələrdə «Kemaxeya» kimi qeyd olunan «Şamaxı» toponimi öz mənşəyini qədim Çin mənbələrində qeyd olunan türk etnonimi «kimak»dan almışdır. Akademik V.V.Bartolda görə, «kimak» etnonimi iki türk mənşəli «iki» və «oymaq» sözlərinin birləşməsindən yaranıb. Köçəri maldar tayfa olan kimaklar qıpçaqların məskunlaşdığı İrtış və Volqa çaylarının yuxarı hissəsində yaşamış və 11 kolondan ibarət olmuşdur. Mənbələrdən məlumdur ki, qədim dövrlərdən etibarən Volqa çayı və Dərbənd yolu vasitəsilə köçərilərin şimaldan cənuba doğru köçü baş verib ki, kimakların da məhz bu köç zamanı Azərbaycana gəlməsi ehtimal olunur. Ümumiyyətlə, müxtəlif mənbələrdə «Kemaxeya», «Mamaxeya» (Qədim yunan coğrafiyaşünsı Ptolomeyin məşhur «Coğrafiya» əsərində Albaniyanın tərkibində olan 29 yaşayış məntəqəsindən biri «Kemaxeya» və ya «Mamaxeya» kimi göstərilir), «Əşşamaxiyə» və s. kimi adı çəkilən şəhər məhz Azərbaycanın ən qədim mədəni və inzibati mərkəzlərindən olan indiki Şamaxı şəhəridir.
Onu da qeyd edək ki, orta əsr ərəb müəllifləri əl-İstəxri, İbn Havqəl, Əl-Müqəddəsi, Yaqut əl-Həməvi və başqaları Şamaxını “gözəl”, “evləri daşdan tikilmiş”, “axar suları, bağları və gəzməli yerləri olan şəhər” kimi təqdim edir. 11 əsrin son rübünün əvvəlində naməlum müəllif tərəfindən yazılan «Tarix-i əl-Bab» əsərinə görə Şamaxı şəhəri Şirvanşah Əbu Tahir Yezid ibn Məhəmməd tərəfindən bərpa olunaraq paytaxta çevrilmiş və onun şərəfinə Yezidiyyə adlandırılmışdı. 9 əsrin ikinci yarısında Abbasilər xilafətinin dağılması Azərbaycan ərazisində bir sıra müstəqil feodal dövlətlərinin yaranmasına şərait yaratdı. Onlardan biri Şirvan idi. “Tarix əl-Bab”ın verdiyi məlumata görə 917 ildə atasının əmisi oğlu Şirvanşah Əli ibn Heysəmi öldürən Layzan hakimi Layzanşah Əbu Tahir Yəzid ibn Məhəmməd Şirvanı işğal etdi. O, 918 ildə Şirvan torpağında Yəzidiyyə (Şamaxı) şəhərini saldırdı. 10 əsrin sonu – 11 əsrdə Abbasilər xilafətinin tənəzzülü Şirvanşahların müstəqilliyini get-gedə artırdı. Şirvanşah IV Yəzidin (991-1027) hakimiyyəti dövründə sülalənin fаrslаşdırılmаsı baş verdi. Bu Məzyədilərin – Xalid, Yəzid və başqa bu kimi adlarının Ənuşirəvan, Mənuçöhr, Qubad və s. kimi Sasani adları ilə əvəz olunmasında əksini tapdı. Ehtimal ki, bu nəslin qadın nümayəndələrinin Məzyədilər ərəb sülaləsinə mənsub Şirvanşahlarla nigahı tarixdə Kəsranilər adı ilə tanınan sonrakı Şirvanşahların iranlaşdırılması üçün əsаs olmuşdu. Orta əsrlərdə Şamaxı şəhəri Azərbaycan Şirvanşahlar dövlətinin mərkəzi kimi inkişaf etmiş, nəqliyyat yollarının əhəmiyyəti xeyli artmışdı. Ərəb müəlliflərinin məlumatına görə 9-13 əsrlərdə Şamaxı qərbdən Bərdə-Gəncə-Tiflis, şimaldan Şabran-Dərbənd, şərqdən Xəzər dənizi, cənubdan Pirsaat çayı kənarı ilə uzanan karvan yolları vasitəsilə dünyanın bir çox ölkələri ilə iqtisadi, mədəni əlaqələr saxlayırdı. Şamaxıda tapılmış Orta Asiya şəhərlərinə məxsus basma naxışlı saxsı qablar 11-12 əsrlərdə Şamaxının Orta Asiya şəhərləri ilə iqtisadi-mədəni əlaqələri olduğunu sübut edir. 12 əsrdə Şamaxı Hindistanla, Çinlə də iqtisadi-mədəni əlaqələr saxlamışdı. Arxeoloji qazıntılar zamanı Şamaxıda tapılmış mis sikkələr, Çində istehsal edilmiş çini qablar, beynəlxalq ticarət əlaqələrinə xidmət edən karvansaraylar qədim Şamaxının tarixi ipək yolundakı əvəzsiz rolunu sübut edir. İbn əl-Əsir 1222 ildə Şamaxının zəbt edilib dağıdılmasını, şəhər əhalisinin monqol işğalçılarına qarşı qəhrəmancasına müqavimət göstərməsini parlaq surətdə təsvir edir. Şamaxı ətrafında arxeoloji qazıntılar aparılarkən monqol hücumu zamanı dağıdılan böyük ictimai binanın aşkar edilməsi və 13 əsrə aid təbəqələrdən aydın görünən yanğın izləri, monqol qoşunlarının Şamaxını dağıtmasına dair mənbələrin verdiyi məlumatı təsdiqləyir.
1222 ildə I Fərruxzadın hakimiyyəti dövründə monqollar Şirvana soxuldular. Cəbə və Sabutayın başçığı ilə otuz minlik monqol ordusu gürcü və erməni qoşunlarını məhv edərək Muğanda qışladılar. Şamaxını mühasirəyə alıb dağıtdılar. 1222 ildə Şimala getmək üçün Dərbənd keçidinə yönəldilər.
Monqol hücumundan sonra 1225 ildə qipçaq türkləri Azərbaycana soxularaq xeyli şəhər və kəndləri əsasən də Şamaxını dağıtdılar. Cəkkiz il sonra, 1231 ildə monqollar Azərbaycana ikinci dəfə hücum etdilər. Çingiz xanın nəvəsi Hülakü xan 1258 ildə Bağdadı alıb sonuncu xəlifəni öldürərək Abbasilər xilafətinə son qoydu. Beləliklə, Cənubi Azərbaycanda Hülakülər və yaxud Elxanilər sülaləsinin əsası qoyuldu. Amansız və aramsız müharibələr Şamaxının siyasi-iqtisadi həyаtınа fəlakətli təsir göstərmişdi. 1385 ildə Qızıl Orda xanı Toxtamış dа doxsan minlik ordu ilə Azərbaycana soxuldu. O, Şirvanın bir sıra şəhərlərini viran edib ölkəni tezliklə tərk etdi.
1387 ildə Teymurun qoşunları yenidən Şirvana girdi. Mаrаqlı hаldır кi, bu dövrdə Bakıda və Şamaxıda Toxtamışın və Teymurun adından kəsilmiş gümüş və mis sikkələr aşkar olunmuşdur. Teymurun Osmanlı sultanı Bəyazitə qarşı müharibəsində Şirvanşah I İbrahim də Teymurun tərəfində iştirak etmişdir. Teymur 1405 ildə öldükdən sonra Şirvan yenə qısa bir müddət müstəqillik əldə etdi. 1412 ildə Azərbaycan Qara Yusifin hücumuna məruz qaldı. O, Şamaxını dağıdaraq mahalların bir çoxunu amansızcasına qarət etdi. Qara Yusif I İbrahimi yeddi oğlu ilə birlikdə əsir aldı, amma az sonra təzminat alаrаq оnlаrı azad etdi. 1413 ildə Şirvanşah Qara Yusifin vassalı olmasını qəbul etdi. Bu dövrdə Şamaxı və Bakı Şirvanın digər şəhərləri kimi Qaraqoyunlu dövlətinin hakimiyyəti altına keçdi. 15 əsrin əvvəlləri İbrahimin oğlu və varisi I Xəlilüllah (1417-1465) müstəqil hökmdar kimi hakimiyyətdə оlmuşdu. I Xəlilüllah Şirvan şəhərlərində, xüsusilə Şamaxıda geniş tikinti işləri aparmışdır. Lakin bu əmin-amanlıq uzun sürməmişdi. Səfəvilər nəslindən olan Şeyx Cüneyd 1460 ildə I Xəlilüllah dövründə baş verən döyüşdə, oğlu Şeyx Heydər isə 1488 ildə Fərrux Yasаr dövründə döyüşdə öldürülmüşdülər. İsmayıl Səfəvi 1499 ildə atasının və babasının qisasını almaq üçün Şirvanşahlara qarşı yürüşə başlayır. Şirvanşah Fərrux Yasаr bu vaxt Gülüstan qalasında idi. İsmayıl bundan istifadə edib 1500 ildə Şamaxını tutur. Şamaxı yaxınlığındakı Cabanı çölündə baş verən vuruşmada Fərrux Yasаrın qoşunları darmadağın edilir və Şirvanşah öldürülür. Şirvanın çiçəklənən şəhər və qalaları onun tərəfindən işğal olunur. 1501 ildə uzun müddətli mühasirədən sonra İsmayıl Bakını da alır. 1501 ildə Təbrizə gəlir və özünü şаh еlаn еdir.
Fəribürz ibn Saların hakimiyyəti dövründə Şirvanşahlar və onların qohumluq münasibətlərində olduqları Arran hökmdarları arasında bir sıra müharibələr baş verdi. «Tarix-i əl-Bab» xəbər verir ki: 1063 ilin martında Arran hökmdarı Şavur ibn Fəzl Şirvana hücum edərək Quylamiyan qalasını tutdu və orada öz qarnizonunu yerləşdirdi. Həmin il o, yenidən Şirvana hücum edərək ölkəni viran etdi, qoyun və mal-qara sürülərini qovub apardı. Şavur onun əleyhinə çıxan Şirvan əhalisini qırıb-çatdı, əyyanlardan bir çoxunu əsir aldı və əmlaklarını qarət etdi. «Oradan hərəkət edən Şavur Yəzidiyyənin qapıları qarşısında düşərgə saldı, öz qızını – mərhum Saların arvadını (hərəmini) pulları, bütün mal və qiymətli şeyləri ilə birlikdə götürərək Arrana qayıtdı. Lakin həmin ilin iyul ayında o, üçüncü dəfə Şirvana gələrək Sədun kəndində dayandı, əkinləri, ətraf kənd və malikanələri yandırdı». 1064 ilin yanvar ayında Arran hakimi Əbüləsvar Şavur ibn Fəzl dördüncü dəfə Şirvana basqın edib, bir sıra kənd və məntəqələri tutdu. Sonra Şavur qoşununun bir hissəsini bəzi əmirləri ilə burada qoyub Şirvanı tərk etdi. Şirvanşah Fəribürz onunla sülh müqaviləsi bağladı. Bu müqaviləyə əsasən Şavur Şirvanşahdan 40 min dinar alıb, əvəzində Quylamiyan qalasını ona qaytardı. Artıq bu fakt Şirvanşahların qalalara, Şamaxının müdafiə sisteminə xüsusi diqqət yetirməsi, öz dövrü üçün kifayət qədər böyük miqdarda pul vəsaiti xərclədiyini və bunun da siyasi və hərbi səbəblərdən irəli gəldiyini sübut edir.
Tarixin sonrakı dövrlərində Şamaxının ticarət dövriyyəsində oynadığı rol müxtəlif mənbələr tərəfindən təsdiqlənir. 1434 ildə Qaraqoyunlu hökmdarı İsgəndərin Şirvana hücumu zamanı Şamaxı şəhəri amansızlıqla qarət olunur, dağıntılara məruz qalır. Bu, monqol yürüşlərindən sonra ən dağıdıcı basqın olmuşdur.
15 əsrin 30-80-ci illərində Azərbaycanın nisbətən sabit siyasi şəraitdə olması şəhər həyatının kifayət qədər yüksək inkişafını təmin etmişdir. Qaraqoyunlu hökmdarı Cahanşahın, Ağqoyunlu hökmdarı Uzun Həsənin dövründə şəhərlərin inkişafında xeyli irəliləyiş baş vermişdir. Uzun Həsənin islahatı şəhərlərin, o cümlədən Şamaxı şəhər təsərrüfatının canlanmasında yeni mərhələnin başlanğıcı idi.
15 əsrdə Şamaxıda təqribən 60 min nəfər yaşamışdır. Bu şəhər orta əsrlərdə Azərbaycan miqyasında ən iri iqtisadi mərkəz idi. Kontarininin verdiyi məlumata görə Şamaxı həyat üçün əlverişli olan məhsulların çoxluğu baxımından Təbrizdən üstün olmuşdur. 1538 ildə Şirvan ərazisi Səfəvilər dövlətinə birləşdirildikdən sonra Şamaxı şəhəri Şirvan bəylərbəyliyinin paytaxtına çevrilmişdir.
Şah Abbasın Azərbaycana yürüşündə (1603-1607) iştirak edən tarixçi İ.Münşi yazırdı: «Şəhər yamacda, hökmdarların və keçmiş şahların evi isə dağın şimal yamacında, şəhərin ərazisinə nisbətən çox yüksək bir sahədə yerləşir». Onun sözlərinə görə bu iki hissədən hər biri 17 əsrin əvvəllərində türklər tərəfindən bir-biri ilə əlaqələnmiş müstəqil qalalara çevrilmişdir.
17 əsrin birinci yarısında Azərbaycanda olmuş alman alimi Adam Olearinin Şamaxı haqqında verdiyi məlumat da olduqca maraqlıdır: «Əvvəllər onun dairəsi daha böyük idi və 5000-ə qədər ev vardı, ancaq Şah Abbasın türklərlə apardığı müharibələr nəticəsində çox kiçildi. O, hər biri divarlarla əhatə olunmuş iki müxtəlif hissədən ibarət idi. Şah Abbas gördü ki, türklər açıq yerlərdən keçərək daha çox müdafiə olunmuş və istehkamlarla möhkəmlənmiş yelərə hücum edib oraları tutmağa çalışırlar. O güman edir ki, sərhəd və keçidlər deyil, əksinə, ölkənin daxilində yerləşən qalalar onun üçün daha təhlükəlidir. Ona görə də o, cənub hissədəki daha möhkəm olan divarların dağıdılmasını əmr etdi. Təbriz, Naxçıvan və Gəncə kimi böyük şəhərlərdə də belə olmuşdur».
16 əsrdə Cənubi Qafqazda ipək istehsalı və ticarətinin cəmləşdiyi şəhərlərdən biri məhz Şamaxı olmuşdur. Bu mənada ingilis səyyahı A.Cenkinson Şamaxını “gözəl kral şəhəri” adlandırmışdır. Şamaxıda rus, hind, türk, fars tacirlərinə xidmət edən karvansaraylar olmuşdur. 16 əsrin 2-ci yarısında burada ingilis “Moskva şirkəti”nin daimi nümayəndəliyi açılmışdır. Moskva tacirləri Şamaxı bazarlarında Moskvada hazırlanmış sənətkarlıq məhsullarını satır, yerli malları, əsasən də xam ipəyi, ipək parçaları alırdılar.
17 əsrin əvvəllərində Şamaxı şəhəri xeyli möhkəmləndirilmişdir. Adam Olearinin verdiyi məlumata görə, Şamaxı hər iki tərəfdən ayrıca divarlarla əhatələnmiş və iki hissədən ibarət olan bir şəhər idi. ”Şəhərin şimal hissəsi cənub hissəsindən bir qədər kiçik idi. Burada daşdan hörülmüş 5 qapı vardır”.
1683-84 ilin qışında 77 gün Azərbaycanda olmuş, Bakının və Şamaxının qrafik rəsmini çəkib önəmli qeydlər etmiş, XVII əsr səyyahı Engelbert Kempfer (1651-1716) Şamaxı şəhəri haqqında müfəssəl məlumatlar verir. O, Səfəvi hökmranlıgı dövründə Şamaxı hakimi olmuş Məhəmməd Hüseyn bəylə görüşmüş, onun evində qalmışdı. Əlyazmalarında Şamaxıda bəzi şəxslərlə keçirdiyi görüşləri, gördüyü abidələrin epiqrafik kitabələrini əlyazmalarında təsvir edir. Səhv etməsin deyə həmin kitabə mətnlərini molla taparaq ona yazdırır. E.Kempfer Şamaxının qrafik rəsmini çəkmişdir. Bu qrafik rəsm indiyə kimi heç yerdə çap olunmamışdır. O, yazdığına görə Şamaxıdan Bakıya gələrkən iki karvansarayda qalmış, Mərəzədə Diri Baba pirini ziyarət etmişdi.
1725 ildə Şamaxıda olmuş ingilis Henri Bryus öz xatirələrində, Şamaxı şəhərini Cənubi Qafqazın ən məşhur ticarət mərkəzi kimi qiymətləndirirdi. Şamaxının ipək yolu üzərində yerləşməsi şəhərin iqtisadi inkişafı üçün əlverişli şərait yaratmışdı. Lakin 1192 ildə baş vermiş birinci və 1667 ildəki ikinci zəlzələ, həmçinin ardı-arası kəsilməyən müharibələr Şamaxının iqtisadi inkişafına müəyyən zərbə vurmuşdu. Belə ki, 1670 ildə Şamaxıya gəlmiş hollandiyalı səyahətçi Yan Streys qeyd edirdi ki, “məni ən çox təəccübləndirən o idi ki, şəhəri tamamilə yerlə-yeksan edən və viran qoyan həmin zəlzələdən 3 ildən də az müddət keçməsinə baxmayaraq, şəhər yenidən bərpa olunmuşdur”. 1724 il Rusiya ilə Türkiyə arasında bağlanmış İstanbul müqaviləsi, Şirvana daxili muxtariyyətin verilməsi, Şamaxı şəhərinin ticarət əlaqələrinin əvvəlki səviyyəyə çatmasına imkan yaratmışdı.
Qanlı-qadalı müharibələrə, işğallara, dağıntılara və təbii fəlakətlərin törətdiyi itkilərə baxmayaraq (1667, 1859 və 1902 illərdə Şamaxıda dəhşətli zəlzələlər olub), Şamaxı sənətkarlarının ucaltdığı binalar, yaşayış evləri, tarixi abidələr günümüzə qədər gəlib çatmış, bu diyarın şanlı keçmişi haqqında tutarlı mənbələr kimi çıxış etməkdədir. Belə abidələr sırasında dini-ibadət yerlərimizdən olan məscidlər, ziyarətgahlar, qalalar və s. mühüm yer tutur. Qədim Şamaxının ən məşhur məscidlərindən Cümə məscidini, İmamzadəni, Qala-bayır məscidini və s. misal göstərmək olar.
Şamaxının dini tikintiləri içərisində qədim Cümə məscidi mühüm yer tutur. O, 8 əsrdə Xəlifə I Validin qardaşı Əbu Müslümün hökmranlığı dövründə tikilmişdir. Dəfələrlə dağıdılan Cümə məscidi sonuncu dəfə 1902 ildə baş vermiş zəlzələdən sonra bərpa olunmuşdur. Vaxtı ilə, Şahqulu adlı bir nəfər geoloq məscidə aid ərəbcə kitabəni oxuyaraq onun tikilmə tarixinin 743 il olduğunu bildirmişdi. Bu isə o deməkdir ki, Şamaxıdakı Cümə məscidi Zaqafqaziyada ən erkən tikilmiş məsciddir.
Şəriət ehkamlarına görə yeni məscidlər çox zaman dağılmış köhnə məscidlərin bünövrəsi üzərində tikilirdi. Şamaxı Cümə məscidi də qədim məscidin yerində tikilmişdir. Cümə məscidi bir-biri ilə birləşən üç zaldan ibarətdir. Sferik günbəzlə örtülü bu zalların hər birinin simmetrik ox üzərində qibləyə yönəldilmiş mehrabı vardır. Bina quruluşuna görə mərkəzi oxlu simmetrik kompozisiyaya malikdir.
1971 ilin yayında arxeoloqlar H.Ciddi və F.İbrahimov tərəfindən aparılan arxeoloji qazıntı işləri zamanı Cümə məscidinin həyətinə giriş baş tağının bünövrəsi aşkar edilmişdir. Böyük həyətin dərinliyində yerləşən Cümə məscidinin yanında mədrəsə olmuşdur. Qeyd etmək lazımdır ki, orta əsrlər dövründə Azərbaycanda dini komplekslərin belə planlaşdırılma üsulu, yəni məscid və mədrəsənin bir kompleksdə birləşdirilməsi olduqca xarakterikdir. Bir zamanlar Şamaxının ticarət və ictimai mərkəzi də Cümə məscidi yaxınlığında yerləşmişdir.
Şamaxı Cümə məscidi 9-11 əsrlərin (bəzi mənbələrdə 13 əsrin) yadigarıdır. Məscid 1902 ilin dəhşətli zəlzələsində dağılıb və əvvəlki görkəmini, demək olar ki, tamamilə itirib. 1903 ilin oktyabrında məscidin ianə yolu ilə bərpası üçün komitə yaradılır. Layihə işləri əslən şamaxılı olan mülki mühəndis Zivərbəy Əhmədbəyova həvalə edilir və ona uçulmuş cizgilərini saxlamaqla köhnə bünövrə üzərində məscidin layihələndirilməsi tapşırılır. Lakin az sonra komitə ilə memar arasında fikir ayrılığı meydana gəldiyindən, Zivərbəy Əhmədbəyov tikintini tərk edir. Məscidin layihə işlərinin davam etdirilməsi mülki mühəndis İ.K.Ploşkoya tapşırılır. Ploşko öz variantını təklif etməklə yanaşı, həm də Z.Əhmədbəyovun memarlıq variantını saxlayır və məscidi bərpa edir. Abidənin bir çox elementləri xaricdə hazırlanır, o cümlədən daxili həcm məkanını bəzəyən günbəzaltı metal karkas Varşavadan gətirilir. Bərpası 1912 ildə başa çatan məscidin fasadının naxışları və daşları el sənətkarı Usta Kəli tərəfindən yonulur.
Azərbaycan memarlıq tarixində Cümə məscidinin böyük əhəmiyyəti vardır. Məscidin arxeoloji və memarlıq baxımından tədqiqi Şirvan-Abşeron memarlıq məktəbinin hələ də açılmayan bir çox sirlərini öyrənməyə imkan verə bilər. Təsadüfi deyil ki, 2009 ildən Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə burada yeni əsaslı təmir işlərinə başlanılıb. 2010 il okyabrında Şamaxıya səfəri çərçivəsində Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Cümə məscidini də ziyarət etmiş, təmir işlərinin gedişi ilə maraqlanmışlar.
Zivərbəy Əhmədbəyovdan başqa, Şamaxının memarlıq tarixində yeri olan şəxslərin sırasında yuxarıda adını çəkdiyimiz Usta Kəli və onun şagirdi Usta Tərxanın da adlarını qeyd etmək vacibdir. Cümə məscidindəki işlərdən əlavə, Şamaxının «Laləzar», «Şah Xəndan», «Yeddi günbəz» və «Qəriblər» məzarlıqlarındakı daşların çoxunu da Usta Kəli yonub. Həmin daşların üzərində tez-tez rast gəlinən «Mən bir vaxt yaxşı bağban idim», «Mən sürücü idim», «Mən hələ məktəbdə oxumalıydım» və s. kimi yazılar böyük maraq kəsb etməklə məşhur ustanın həyatı, peşə və sənəti haqqında müəyyən fikir yürütməyə imkan verir.
Şamaxının memarlıq abidələrindən danışarkən «İmamlı hamamı», «Topal Mövsümün hamamı», «Məşədi Mursalın karvansarayı», «Gülüstan qalası», «Qaleybuğurt qalası», «Qız döyüşü istehkamı», «Govurxana sərdabəsi», «Diri Baba türbəsi», «Şeyxməhəmməd», «Pir-Mərdəkan» və onlarla tarixi abidə və qalaları, həmçinin Mir Səyid (Pirsaat. İki alim qardaş olub), Qara Sofi (yel piri də deyirlər), Ağdaş piri, Göydaş piri, Şeyx Eyyub piri, 18 əsrdə buranın mürşidi olub), Pirsaat piri, Uzun yol piri (Xınıslı məhəlləsində), Pir küleyiş (Qəriblər piri), Kələxana piri, Alçalı piri (Pirqulu yaylağındakı bu pirə «Ziyil piri» də deyirlər) kimi ziyarətgahları da qeyd etmək olar.
17 əsr məşhur Osmanlı səyyahı Evliya Çələbi Şamaxı şəhərini belə təsvir etmişdir: “qırx xanlıq, qırx səkkiz qəza olub, qırx nahiyəsi, 70 qalası, 1300-ə qədər abad kəndi var. Qədim və abad bir şəhərdir… Şəhər içində təxminən yeddi minə qədər torpaqla örtülü abad evləri var. Hər yerindən çay keçir. Bağ və bağçalarının hesabı yoxdur. 26 məhəlləsi var, Meydan və Şabran məhəllələri şəhərin çox gözəl yerində yerləşir. Evləri olduqca yaraşıqlıdır, 70-ə qədər mehrabı var”. Evliya Çələbi şəhərdə 5 böyük məscid, 7 mədrəsə, 40 məktəb, 7 hamam, 44 daş karvansay, iki yüzə qədər dükanın olduğunu qeyd edirdi.
Şamaxı şəhəri həmişə strateji məkan kimi qonşu dövlətlərin diqqət mərkəzində olmuşdu. 18 əsrin əvvəllərində yaranmış beynəlxalq şəraitdən və Səfəvi imperiyasının zəifləməsindən yararlanan ermənilər Azərbaycan torpaqlarını ələ keçirmək üçün layihələr tərtib edərək özlərinə xaricdə havadarlar axtarmağa başladılar.
Rusiya imperatorunun Şərq siyasətində Şimal-Şərqi Azərbaycan mühüm əhəmiyyət kəsb edirdi. Hətta Şirvan üsyanından əvvəl Peterburqda qarşıda duran yürüş barədə tərtib olunan sənədlərdə bu yürüş “Şamaxı ekspedisiyası” adlandırılırdı.
Xanlıqlar dövründə Şamaxı şəhəri xanlığın mərkəzi kimi yenə də iqtisadi və siyasi əhəmiyyətini saxlamışdı. 18 əsrin əvvəllərində Şamaxıda olmuş ingilis səyyahı Con Bel şəhəri dağ döşündə amfiteatr şəklində tikilmiş şəhər kimi xatırlayırdı. Lakin Şamaxı şəhəri Nadir xan Əfşar tərəfindən 1734 ildə dağıdıldığı üçün əhalinin Yeni Şamaxıya köçürülməsi ilə əlaqədar Şamaxının adı tarixi ədəbiyyatda Köhnə Şamaxı kimi çəkilir. 18 yüzilliyin 70-ci illərində Şamaxıda 1000-ə yaxın evdə 5-6 min adam yaşayırdı. Şəhərlər inzibati cəhətdən məhəllələrə bölünürdü. S.Qmelinin verdiyi məlumata görə, Köhnə Şamaxı doqquz məhəlləyə bölünürdü: Yuxarı qala, Sarıtorpaq, Qala bazar, Yəhudi, İmam, Meydan, Şahpəri, Gilandibli, Nar ağacı məhəllələri.
Xanlığın paytaxtı kimi özünün çiçəklənmə dövrünü yaşayan Köhnə Şamaxı sənətkarlıq mərkəzi olmaqla yanaşı, həm də böyük ticarət mərkəzi idi. 1768 ildə Şamaxı xanlığı qubalı Fətəli xan tərəfindən tabe edilərkən, Fətəli xan Dərbənd, Quba və Salyandan Köhnə Şamaxıya 1000 ailə köçürür. 1769 ilin iyulunda Yeni Şamaxı dağıdılır və əhalisi Köhnə Şamaxıya köçürülür.
1789 ildə qubalı Fətəli xanın ölümündən sonra, Şamaxı xanlığında hakimiyyət uğrunda daxili çəkişmələr baş verir. 1792 ildə həmin mübarizədə Mustafa xan qalib gəlir. Mustafa xan mərkəz kimi köhnə Şamaxını yox, yeni Şamaxını seçir. Lakin əsrin sonunda bütün əhali köhnə Şamaxıya qayıdır. Beləliklə, 1775 ildən xaraba vəziyyətində qalan Şamaxı şəhəri yenidən öz əvvəlki yerində bərpa edilib tikilməyə başladı.
Bu qədər dağıntı və zorakı köçürmələrə baxmayaraq, Şamaxı şəhəri xanlıqlar dövründə də sənətkarlıq mərkəzi kimi öz əvvəlki şöhrətini qoruyub saxlaya bilmişdi. 19 əsrin sonlarında Azərbaycanda olmuş rus səyyahı S.Bronevskinin təbirincə desək, «ticarət və sənətin qədim ruhu Şamaxıda hələ tamamilə sönməmişdi».
Rusiyadan İrana və Hindistana, yaxud əks istiqamətə mal aparan tacirlər çox zaman Bakı və Niyazabad limanları vasitəsilə Şamaxıya gəlir, burada mal mübadiləsi aparırdılar. Bakıdan Tiflisə gedən yol Şamaxıdan keçdiyi üçün Şamaxının ticarət dövriyyəsində oynadığı rol inkaredilməzdir. E.S.Zevakin Şamaxının hələ 16-17 yüzilliklərdə Rusiyanın Səfəvi dövləti ilə ticarət əlaqəsinin mərkəzi olduğunu göstərirdi. 1805 ilin sonlarında xeyli müqavimətdən sonra Şamaxı xanlığı daxili müstəqilliyi saxlanılmaqla Rusiya imperiyasının tərkibinə qatılır. 1820 ildə isə çar Rusiyası Şamaxı xanlığını tamamilə ləğv edir. 1846 ildə Şamaxı şəhəri quberniya mərkəzinə çevrilir. 1859 ildə quberniya mərkəzi Şamaxıdan Bakıya köçürülür.
1917 il fevral inqilabı nəticəsində çarizmin devrilməsi Azərbaycanın ictimai-siyasi həyatında ciddi dəyişikliklərə səbəb oldu. Şamaxıda da Müsəlman Milli Şurası yaradıldı. Şuranın əsas məqsədi Şamaxının azərbaycanlı əhalisini milli ideallar ətrafında birləşdirmək, onun maraq və mənafelərini müdafiə etməkdən ibarət idi. Lakin 1917 ilin sonları – 1918 ilin əvvəllərində Cənubi Qafqazda, o cümlədən Bakıda formalaşmış hərbi-siyasi şərait Şamaxıya da təsirsiz ötüşmədi. 1918 ildə S.Şaumyanın fitvası ilə erməni silahlı dəstələri, Şamaxıda Sovet hakimiyyəti qurmaq adı altında, Bakıda törədikləri dəhşətli qırğından sonra ikinci qırğını Şamaxı qəzasında törətmişdilər. Şaumyan 1918 ilin aprelin 13-də Sovet Rusiyası Xalq Komissarlar Sovetinə göndərdiyi məktubda Şamaxıya artilleriya və pulemyotları olan «yeni dəstələr» göndərdiyini etiraf edirdi. S.Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti erməni hərbi hissələrini Şamaxıya göndərərək yerli azərbaycanlılara qarşı dəhşətli qırğınlar törətdilər.
Ermənilər Şamaxı şəhərində azərbaycanlılara məxsus 1 milyard manatdan yuxarı dəyəri olan əmlakı qarət etmiş, şəhərin azərbaycanlılara məxsus bütün evlərini yandıraraq məhv etmişlər. Şəhərdə həmçinin, 13 məscid, o cümlədən böyük tarixi abidə olan «Cümə məscidi» yandırılmışdır. M.Ə.Rəsulzadə qeyd edirdi ki, əski Şirvanşahların bu qədim paytaxtı bir həmlədə atəşə verilib, məşhur tarixi camiyə varıncaya qədər yaxıldı. Yalnız erməni məhəlləsi salamat buraxıldı.Şamaxı şəhəri və Şamaxı qəzası 1918 ilin iyul ayının 18-də Qafqaz İslam Ordusu və Azərbaycan korpusunun birgə apardıqları uğurlu döyüş əməliyyatları nəticəsində azad edilənə qədər daşnak-bolşevik qüvvələrinin işğalı altında qaldı.
Şamaxı şəhəri düşmənlərdən azad edildikdən sonra sağ qalmış əhali yavaş-yavaş geri dönməyə başladı. Şəhərdə həyat tədricən öz axarına düşürdü. Az müddət ərzində qəddi-qəmətini düzəldən Şamaxı Azərbaycan Xalq Cümhuriyyətinin ictimai-siyasi, mədəni həyatında mühüm rol oynamış mərkəzə çevrildi.
1993 ildə ümummilli liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Şamaxının inkişafının yeni mərhələsinə başladı. Bu dövrdə Şamaxı rayonunun daxili imkanlarından və ehtiyat mənbələrindən səmərəli istifadə olunmuş, iqtisadiyyatın sabitləşməsi istiqamətində xeyli işlər görülmüşdü. 24 noyabr 2003 il tarixində ölkə prezidenti İlham Əliyevin imzaladığı «Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında» fərman və dövlət başçısı tərəfindən təsdiq olunan «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı» digər bölgələrlə yanaşı, Şamaxıda sosial-iqtisadi tərəqqidə, həyat səviyyəsinin daha da yüksəldilməsi və məşğulluğun təmin edilməsi sahəsində dönüş yaratmışdır.
Xalqımıza Xaqanilər, Nəsimilər, Seyid Əzim Şirvanilər, Abbas Səhhətlər, habelə onlarla digər böyük mütəfəkkirlər, maarifçilər bəxş etmiş və dahi Sabiri yetirmiş Şamaxı Azərbaycanın ən böyük mədəniyyət mərkəzlərindən biridir.
Bu gün Şamaxı özünün böyük intibah dövrünü yaşayır. Ulu Öndərin və Prezident İlham Əliyevin gündəlik qayğısı sayəsində Şamaxı özünün tarixi ənənələrini saxlamaqla müstəqil Azərbaycanın ən müasir sənaye, kənd təsərrüfatı və mədəniyyət mərkəzinə çevrilmişdir.
Şamaxının məhəlləri. Mənbələrdə Şamaxı şəhərinin məhəllələrindən bəhs olunur. 16-18 əsrlərdə Şamaxı müxtəlif məhəllələrə bölünürdü. Şəhərin məhəllələrə ayrılmasının əsasını əhalinin ictimai-iqtisadi vəziyyətinin müxtəlifliyi təyin edirdi. Məhəllələrə ad verilməsində vahid prinsip olduğu nəzərə çarpır. Rayonların hər biriözünəməxsus ictimai-iqtisadi və mədəni məişət şəraitinə malik spesifikası, memarlıq siması ilə seçilirdi. Məhəllələr əsasən yerləşdiyi sahənin xüsusiyyətinə görə adlandırılırdı. Məsələn, «Sarı torpaq», «Narağac» və s.
Türk səyyahı E.Çələbi göstərir ki, Şamaxı 26 məhəlləyə börünmüşdür. Onlardan ikisi – «Meydan» və «Şapuran» məhəllələri, abadlığı və zövqlə bəzədilmiş gözəl evlərin olması ilə diqqəti cəlb edirdi. Bu məhəllələrdə şəhərin varlı sakinləri yaşayırdı.
1771 ilin avqustunda şəhəri gəzən alman alimi S.Qmelinin məlumatına görə Şamaxı 9 məhəlləyə bölünmüşdür: «İçəri qala» «Sarıtorpaq», «Qalabazar», «Cuhud məhəlləsi», «İmamlı məhəlləsi», «Meydan», «Şapuran», «Qala dibi», «Narağac».
19 əsrin axırlarında şəhərdə on beş məhəllə olmuşdur: Ərəblər, Ərdəbilli, Dərə məhəllə, Cuhud məhəlləsi, İmamlı məhəlləsi, Qala bazar, Kürd, Meydanlı, Sarı torpaq, Talış, Ucarlı, Şeyx Zahirli, Şeyx Namaz, Şapirli və Yuxarı qala. Hər bir məhəllə müxtəlif küçə və dalanlara ayrılırdı. Əyri küçələr küləklərin təsirini azaldır, kölgə verir, relyefin nahamarlığı və sərtliyi ilə yaxşı əlaqələnirdi. Lakin məşhur fransız memarı Korbuziye əyri küçələri «uzun bulaqlar yolu» adlandırırdı. Əslində feodal şəhərlərinin əyri küçələri haqqında onun fikri, A.V.Buninin göstərdiyi kimi birtərəflidir; çünki düz küçələrlə yanaşı əyri küçələrin də, yuxarıda qeyd edildiyi kimi, öz estetik mənası vardır. Əlbəttə, iqtisadi və texniki imkanların məhdudluğu şəraitində daha çox məhz belə küçələrin salınması anlaşılan idi.
Bir sıra müəlliflər şəhərin diqqətəlayiq tikintiləri içərisində xan evlərini və Kələntərin evini ayrıca qeyd edirlər. Xan evləri 19 əsrin 30-cu illərinə qədər qalmışdı. Onlar fəvvarələri olan böyük bağın içərisində tikilmişdi.
Yerli sakinlərlə söhbət zamanı bizə 35-dən artıq məhəllənin adı çəkildi ki, bu da Şamaxının öz dövrü üçün kifayət qədər böyük bir şəhər olduğundan xəbər verir. Məhəllə adları etnoqrafik cəhətdən böyük maraq kəsb etməklə, şəhərin strukturu, əhalinin etnik tərkibi, təsərrüfat həyatı, məşğuliyyəti və s. məsələlərin tədqiqi baxımından da əhəmiyyətlidir: İçəriqala, Qaladibi, Sarıtorpaq, Bərbərlər («Barbarlar» da deyirlər. Çünki, buranın sakinləri çox davakar olublar), Garuslar, Quşçular, İmamlılar, Padarlar, Cuhudlar, Talışlar, Qəriblər, Axundlar, Laləzar məhləsi, Şaxəndan, Şıxminaz, Qarabazar, Ərdəbilli, Alaqayınlı, Qırmızı məhlə, Cırta-pırta, Aşağı Qalabazar, Yuxarı Qalabazar, Moltanı məhləsi, Ağçılar məhləsi, Ərəblər məhləsi, Bozavand məhləsi, Yuxarı İmanlı, Aşağı İmanlı, Şapuran, Şeyxsehirli, Şəhidlər, Meydan, Narağac, Pirküleyiş, Yuxarı Qala, Kövsərli, Ucarlı, Yarıslı, Qala bazar, Dərəməhəllə (S.Ə.Şirvaninin yaşadığı məhəllə), Qurdlar, Gürcübazar, Başmanbazar. Hər məhəllənin öz ibadət yeri, karvansarayı və hamamı olub.
Məhəllə adlarının etimologiyasından, həmçinin tarixi tədqiqatlardan məlum olur ki, Şamaxıda Azərbaycan türkləri ilə bərabər zaman-zaman tat, cuhud, malakan, ukraynalı və digər etnik və etnoqrafik qrupların nümayəndələri də yaşayıblar. Bu baxımdan türkdilli padarlar (pay+dar – kömək edən, pay verən sözündən olub, həmişəlik, daimilik, sabit, davamlı, möhkəm mənalarını ifadə edir.Ehtimallara görə, onların həmişəlik köçürülməsi ilə əlaqədardır), şahsevənlər, udulular (Orta Asiyada yaşayan «dulu» tayfasından olması ehtimal edilir), şamlı (8 əsrdə Şamdan, Dəməşqdən Azərbaycana köçən tayfa. 1945-46 illərdə Şamaxıda Ərəbşamlı kəndi olub) və s. böyük maraq doğurur.
Əfsanələr də bir tarixdir. Bu günün özündə də Şamaxının ayrı-ayrı yaşayış məntəqələri, yurd yerləri, toponim və tarixi abidələri haqqında xalqın mənəvi dünyasını, inam və etiqadlarını, müdrikliyini, qəhrəmanlıq tarixini və s. sözündə ehtiva edən əfsanələr dolaşmaqdadır. Böyük maraq doğuran həmin əfsanələrdən biri də Dədə-Günəş əfsanəsidir. Əfsanədə deyilir: «Məlhəm kəndində məşhur şair İbrahim Əli Nəccar Xaqaninin doğma əmisi Kafiyəddin Ömər İbn Osman adlı bir filosof, astronom, riyaziyyatçı, kimyaçı və həkim yaşayıb. O, Xaqaninin tərbiyəçisi və hamisi olub. Kafiyyəddin Ömər İbn Osman ölərkən xalq onu özünün iqamətgahı yaxınlığında, gün düşən bir yamacda dəfn edib. Ömər İbn Osman oğlu bütün ətraf kənd əhlini müalicə edə bildiyindən, çox şəfalı, yüngül əli olduğundan, Günəş şüasının müalicəvi xüsusiyyətlərini təbliğ etdiyindən onun dəfn olunduğu yerə «Dədə Günəş» adı, yəni «Günəşin atası» adını veriblər. O, öləndən sonra da camaat şəfa tapmaq ümidilə onun qəbri istünə gəlməkdə davam edib».
Məlhəm kəndi Şamaxının ən qədim və səfalı kəndlərindən biridir. Dünyanın ilk tibb ocağı – «Mədrəseyi-Tibb» (Tibb Mədrəsəsi) adı ilə tanınan Tibb Akademiyası 12 əsrin əvvəllərində məhz bu kənddə yaradılıb və burada ilk dəfə olaraq tibb stasionarı fəaliyyət göstərib. Məlhəmdə ilk dəfə olaraq gənclərə təbabət sənətinin sirləri öyrədilir, müalicə məqsədilə şəfalı məlhəmlər hazırlanırdı.
Digər bir əfsanə isə məhz «Məlhəm» toponiminin özü ilə bağlıdır. Həmin əfsanə isə belədir: «Qədim zamanlarda bir padşah ova çıxır. Gəzə-gəzə məmləkətdən uzaq düşür. Nədənsə özünü pis hiss edir. Qoşun əhli bir-birinə dəyir. Təbib axtarmağa başlayırlar. Bir əsrarəngiz yerə çatırlar. Sən demə, bu adamlar qədim Şirvan torpağına gəlib çatıbmışlar. Rastlarına çıxan çobandan təbib soruşublar. Çoban «təbib nədir»- deyə təəccüblənib. Onlarsa deyiblər: «Bəs sizdə xəstələri necə sağaldırlar?». Çoban məsələni başa düşüb qonaqlara «xoş gəldiniz» edir və deyir: Bizdə heç kəs xəstələnmir. Xəstələnəndə isə bax, o bulağın suyundan içirlər. Padşah da həmin sudan içir və sağalır. «Bu ki, su deyil, məlhəmdir!» – deyir. Elə o vaxtdan da bu diyarın adı Məlhəm qalır.
Şamaxının maraqlı tarixə malik olan kəndlərindən biri də Məlhəmin yaxınlıgındakı Əngəxaran kəndidir. Əngəxaran kəndi Şamaxı şəhərindən şimalda yerləşib, ondan 3 km.-lik məsafədədir. Təqribən 17 əsrin əvvəllərində bu kənd bir az daha yüksəklikdə yerləşən indiki Zarat kəndinin yanındaymış. Hal-hazırda da, Zarat kəndinin yaxınlığında “Əngəxaran yeri” adlandırılan yer qalmaqdadır. Bu kəndlər müvafiq tarixi şəraitə və məşğul olduqları təsərrüfat fəaliyyətinə görə, kənd ağsaqqallarının razılığı nəticəsində yurdlarını dəyişmişlər. Öz kəndlərinin adını saxlamaqla Əngəxaranlılər Zarata, Zaratlılar da Əngəxarana köçmüşlər. Tarixdə belə məkan dəyişmə kimi faktlar az olur. Qoca sakinlərin məlumatına görə kənd öz adını arıçılıq təsərrüfatında çox istifadə olunan bal arısının xoşladığı «Əngəbu» adlı bitkidən almışdır. Belə ki, yeni arı ailələri yarananda öz şahları ilə birlikdə köhnə arı ailəsini tərk edir, haradasa ən çox ağac budaqlarında və ya buna oxşar yerlərdə özünə məskən salır. Arıçılar yeni arı ailəsinin uçub tam uzaqlara getməsinin qarşısını almaq üçün müəyyən təcili tədbirlər görürlər ki, arı ailəsi onun üçün nəzərdə tutulan «səbət» – yuvaya toplansın. Və bu zaman ən çox «əngəbu» adlı müəyyən ətir verən bitkidən istifadə edirlər, yəni arının qonduğu sahəyə «əngəbu» bitkisi yarpaqları tökürlər. Arılar həmin bitkinin iyini xoşladıqları üçün xeyli müddət bundan istifadə edən arıçılar arı ailəsini səbətə köçürə bilirlər.
Şamaxıdakı «Nağaraxana» toponimi də böyük maraq doğurur. Xalq etimalogiyası məlumatlarına görə «Nağaraxana» sözü əslində «naharxana»dır. Guya vaxtilə Şirvan meşələrində ov ovlayan Şirvan xanları günorta saatlarında bu səfalı məkanda kabab bişirib nahar edir, günəşin doğmasını seyr edirlərmiş.
Şamaxı sənətkarlar diyarıdır. Şamaxı Azərbaycanın ən qədim sənətkarlıq mərkəzlərindəndir. Burada tarixən sənətkarlığın müxtəlif sahələri inkişaf edərək diyarı bütün dünyada məşhurlaşdırıb. Belə sənət sahələrindən biri də ipəkçilik olub. Orta əsrlərdən başlayaraq Təbriz və Şamaxı xam ipək toxuculuğunun başlıca mərkəzləri kimi tanınıb. Mənbələr göstərir ki, hələ 13-14 əsrlərdən başlayaraq venesiyalılar Şamaxıya gələrək ipək aparıblar. Böyük İpək Yolunun üzərində yerləşən bu şəhər bütün italyan səyahətçiləri tərəfindən ticarət və sənaye mərkəzi kimi qeyd olunur. Məsələn, italyan səyyah Kontarini yazır: «1475 ilin 1 noyabrında biz Şamaxıya gəldik. Burada bizdə «Talaman ipəyi» adı ilə məlum olan ipək istehsal olunur, müxtəlif ipək məmulatları, saya ipək parçalar və s. hazırlayırlar. …Doğrudur, Şamaxı Təbriz qədər böyük şəhər deyil, lakin mənim fikrimcə, yaşayış üçün, təbii ehtiyatlar baxımından Təbrizdən qat-qat üstündür».
16 əsrin ingilis səyyahı A.Cenginson isə yazırdı: «Tatarlar bura pambıqdan, yundan və ipəkdən hazırlanmış müxtəlif mallar gətirirlər. Məhz Şamaxıdan ipək saplar, Rusiya bazarlarında böyük tələbat olan boyaq, alabəzək ipəklər gətirirlər».
Tarixən Şamaxı öz xalçaları ilə də şöhrət qazanmışdı. Təsadüfi deyil ki, qədim Şirvan torpağı bu gün də Azərbaycanın dörd əsas xalçaçılıq məktəbindən biri hesab olunur. Şamaxının «Şirvan», «Şamaxı», «Qobustan», «Salyan», «Qəbələ», «Ərciman», «Mərəzə», «Sorsor», «Şilyan» və s. xalçaları öz kompozisiya quruluşuna və naxışlarının incəliyinə görə geniş şöhrət qazanıb. Medalyon və xırda naxış çeşnilərindən əlavə, bu qrupa «Namazlıq» və «Bəndi-rumi» kimi orijinal kompozisiyalı xalça çeşniləri də daxildir. Şirvan xalçalarında həmçinin buta motivli bəzək ünsürləri (gülabdan buta, çiçəkli buta, bala buta, badamı buta və b) üstünlük təşkil edir.
Bu gün Şirvan xalçaları dünyanın bir sıra məşhur muzeylərinin ekspozisiyalarını da bəzəməkdədir. İstanbulun Türk və İslam muzeyində saxlanılan «Şirvan» (13 əsr), Berlin İncəsənət Muzeyinin Şərq bölgəsində saxlanılan «Şirvan» (15 əsr), Amerikanın Pensilvaniya muzeyində saxlanılan «Şamaxı» (17 əsr) xalçaları deyilənlərə misal ola bilər.
Zarat-Xeybəridə, Dəmirçidə, Məlhəmdə və digər kəndlərdə divar və yer hanasında xurcun, naxır torbası, çuval, çuxa, örkən, şal, corab, fərməş, yəhərüstü və s. toxuculuğu daha geniş yayılmışdı.
Digər sənət sahələrindən dabbaqlıq, misgərlik, dulusçuluq, dərziik, zərgərlik, ağacişləmə, oyma sənəti, dəmirçilik (dəmirçi Alsəhab çox məşhur olub) və s. də Şamaxıda yüksək səviyyədə inkişaf etmişdi.
Şamaxı ipək yolu üstündə. Qədim Çini, Mərkəzi Asiya və Hindistanı Aralıq dənizi və Qara dəniz sahillərindəki başlıca ticarət mərkəzləri ilə birləşdirən beynəlxalq karvan yollarının 2 əsas qolu Azərbaycandan keçirdi. Bu qollardan biri Kür çayı boyunca Kolxidaya, İberiyaya (Gürcüstana), digər qol isə şimala dönərək Xəzər dənizinin qərb sahilləri ilə Dərbəndə oradan isə Şimali Qafqaz çölləri ilə yunan şəhərlərinə gedib çıxırdı. Bu yolların üzərində fəaliyyət göstərən qədim şəhərlərimizdən biri də Şamaxı olmuşdur.
Ümumiyyətlə ticarət yolları öyrənilmədən antik və orta əsr şəhərlərinin iqtisadi həyatının dərindən tədqiq edilməsi mümkün deyildir. Bu baxımdan da qədim Şamaxı şəhərinin Azərbaycan şəhərləri və xarici ölkələrlə olan iqtisadi, mədəni əlaqələrinin öyrənilməsində ticarət yollarının tədqiqi mühüm əhəmiyyət kəsb edir.
Arxeoloji qazıntılar zamanı Şamaxıda tapılmış mis sikkələr, Çində istehsal edilmiş çini qablar, beynəlxalq ticarət əlaqələrinə xidmət edən karvansarayların olması qədim Şamaxının Tarixi ipək yolundakı fəaliyyətini sübut edir. Belə karvansaraylardan Şamaxıdakı 13 əsrə aid Göylər kəndindəki karvansarayı və digərlərini göstərmək olar.
8-9 əsrlərdə Bərdə ilə şərqdən kəsişən Berzeng-Şamaxı, Şabran Dərbənd yolu Azərbaycanın digər şəhərləri kimi Şamaxını da Dağıstan, Şimali Qafqaz, Qara dəniz sahilləri və Yaxın Şərqlə birləşdirirdi.
10 əsrdə Bərdə paytaxt kimi öz əvvəlki rolunu itirdikdən sonra Şamaxı Məzyədi Şirvanşahların mərkəzi kimi inkişaf etmiş, nəqliyyat yollarının əhəmiyyəti xeyli artmışdı. Ərəb müəlliflərinin verdiyi məlumata görə 9-13 əsrlərdə Şamaxı qərbdən Bərdə-Gəncə-Tiflis, şimaldan Şabran-Dərbənd, şərqdən Xəzər dənizi, cənubdan Pirsaat çayı kənarı ilə uzanan karvan yolları ilə dünyanın bir çox ölkələri ilə iqtisadi, mədəni əlaqələr saxlayırdı. Arxeoloji qazıntılar zamanı Şamaxıda və İranın Nişapur şəhərində tapılmış 4 lüləkli çıraq qoyulan qablar, piyalələr onun ipək yolu vasitəsilə İranla olan əlaqələrini göstərir.
11-12 əsrlərdə Şamaxının Orta Asiya şəhərləri ilə də iqtisadi mədəni əlaqələri olmuşdur.Arxeoloji qazıntılar zamanı Şamaxıda tapılmış Otra Asiya şəhərlərinə məxsus basma naxışları olan saxsı qablar bunu bir daha sübut edir.
12 əsrdə Şamaxı Hindistanla, Çinlə iqtisadi mədəni əlaqələr saxlamışdı. Şamaxıda tapılmış Çinə məxsus qablar bunu sübut edir. Belə hesab edirlər ki, 12-13 əsrlərdə bu qablar Orta Asiya və İran vasitəsilə Azərbaycana gətirilmişdir.
14 əsr Şamaxının ticarət yolları haqqında məlumat verən Həmdulla Qəzvini yazırdı ki, 14 əsrdə Elxanilər dövlətinin mövcud olduğu dövrdə 4 böyük ticarət yolu vardı. Bunlardan biri də şimal yolu adlanan Biləsuvar, Mahmudabad, Şamaxı, Dərbənd yolu idi. Bu yol Təbriz şəhərini Qafqaz və Rusiya şəhərləri ilə birləşdirirdi.
14-15 əsrin ikinci yarısında Şirvanşahlar ərazisi Çobanilər, Cəlarilər, Teymurilər, Ağqoyunlular, Qaraqoyunlular arasında döyüş meydanına çevrilməsinə baxmayaraq Şirvanın ticarət yolları öz əhəmiyyətini itirməmişdi.
14-15 əsrlərdə beynəlxalq ticarət əlaqələrində əsas yeri ipək tuturdu. Şamaxıdan Avropa və Şərq ölkələrinə, İrana, Kiçik Asiyaya, Suriyaya ipək daşınırdı. Bu barədə məlumat verən Teymurilər sarayındakı İspan səfiri Klavxia yazırdı ki, Şamaxıdan Sultaniyyəyə yüksək keyfiyyətli ipək daşınır, ipəkdən ötrü Genuya və Venetsiya tacirləri Şamaxıya gəlirdilər.
Rus tacirləri Şirvana Volqa çayı vasitəsilə Həştərxan, Xəzər dənizi və Dərbənd yolu ilə gəlirdilər. Gətirilən əsas məhsul isə neft, duz və xəz-dəri idi. Yazılı mənbələrdə 14 əsrdə Şamaxı yolu ilə Rusiya şəhərlərindən qiymətli xəz dərinin Təbrizə və İranın digər yerlərinə daşındığı da göstərilirdi. Bununla əlaqədar ən qiymətli sənəd monqol Qazan xanın qış tədarükü ilə əlaqədar Şirvandan aldığı vergilərin siyahısıdır. Bu siyahıda Sibir samuru, qoqom kimi qiymətli xəzlərin adları çəkilir ki, bunların da Rusiyadan Şirvana gətirilməsi heç bir şübhə doğurmur. Monqolların Təbriz əhalisindən aldığı vergi siyahısında da həmin xəzlərin adları çəkilir ki, bunları da şübhəsiz ki, Təbriz tacirləri Şamaxı bazarlarından əldə etmişlər.
14-15 əsrlərdə Şamaxı Yaxın Şərq ilə Rusiya və Avropa şəhərləri arasında ipək ticarətində mühüm dayaq məntəqəsi idi. Şamaxı Təbriz toxucularını yüksək keyfiyyətli ipəklə təmin etmişdir. Bu dövrdə Təbriz ilə Şamaxı arasında iqtisadi əlaqələr o qədər güclü olmuşdur ki, hətta Şirvanşah İbrahim müharibə zamanı Qara Yusifə əsir düşdüyü zaman Təbriz tacirləri onun əfv olunması üçün lazım olan məbləği ödəməyə razı olmuş və onu azad etmişlər.
Səyyah A.Kontarini isə Şamaxını Təbrizlə müqayisə edərək belə qənaətə gəlmişdir ki, Şamaxı həyat üçün əlverişli məhsul bolluğu baxımından Təbrizdən üstündür.
16 əsrdə Cənubi Qafqazda ipək istehsalı və ticarəti başlıca olaraq Şamaxıda cəmlənmişdi. Şamaxıda rus, hind, türk, fars tacirlərinə xidmət edən karvansaraylar vardı. Şamaxı xarici ölkələrdən axışıb gələn, xam ipək alan, onu başqa ölkələrdə mənfəətlə satan çoxsaylı tacir kütləsinin cəmləşdiyi mərkəzi bazar olmuşdur.
16 əsrin 2-ci yarısında Şamaxıda ingilislərə məxsus «Moskva şirkətinin» daimi nümayəndəliyi açılmışdır. Səyyah Artur Edvards yazırdı ki, «Moskva şirkəti» Şamaxıdan hər il 30-40 min funt məbləğində xam ipək alırdı. İngilis tacirləri Volqa-Xəzər ticarət yolu ilə Yaroslavl şəhərindən Şərqə ticarət səfəri edir, Həştərxana çatdıqdan sonra Xəzərin Qərb sahilləri ilə üzərək Dərbəndə daxil olmadan Niyazabad limanına yetişir, yükləri orada boşaltdıqdan sonra Şabrandan keçərək Şamaxıya çatırdılar. İngilis səyyahı Antoni Zsonun məlumatına görə Həştərxandan Şamaxıya səfər iki həftəyə, Moskvadan isə Şamaxıya qədər olan ticarət yolunu qət etmək üçün iki ayadək vaxt lazım idi.
Ümumiyyətlə 16 əsrdə Azərbaycanın Qərbi Avropa ölkələri ilə ticarət əlaqələrində ipək xüsusi rol oynayırdı. Bu isə təsadüfi olmayıb inkişafda olan Avropa manufakturalarının Azərbaycan ipəyinə olan tələbatının artması ilə bağlı idi. Şirvan ipəyinin Rusiyaya, İngiltərəyə ixracında Şamaxı xüsusi rol oynayırdı. Şamaxı bazarında nəinki Rusiyanın xəz dəri məmulatları, həmçinin Orta Asiya, Türkiyə və Hindistanın çox çeşidli malları da satılırdı. Şamaxıda istehsal olunan ipək mallar Moskvaya ixrac edilən əsas əmtəə idi. Rusiya Azərbaycan ticarət əlaqələri əsasən Şamaxı və Bakı vasitəsilə həyata keçirilirdi. Şamaxıda Moskva tacirlərinin ticarət nümayəndəliyi yaradılmışdı. Onlar Moskva dövlətində hazırlanmış sənətkarlıq məmulatları satır, xam ipəyi və ipək parçaları isə alıb aparırdılar.
Şamaxıda olmuş Alman səyyahı Adam Olearinin 17 əsrin ortalarına olan məlumatına görə Şamaxı azərbaycanlılardan başqa gürcü, yəhudi, rus, hind tacirlərinin ticarətlə məşğul olduğu sənaye mərkəzi idi. Burada 44 karvansaray, 200-ə yaxın dükan vardı. Daha sonra o yazırdı ki, şəhərin cənub hissəsində böyük bazar, bağlı küçələrdə isə müxtəlif mallar olan dükanlar yerləşirdi. Qızılı, gümüşü parçaları, oxu, yayı, qılıncı və digər əl işlərini burada ucuz qiymətə almaq olardı. Şamaxının ipək yolu üzərində yerləşməsi şəhərin iqtisadi inkişafı üçün əlverişli şərait yaratmışdır. Lakin 1192 ildə və 1667 ildə baş verən ikinci zəlzələ, müharibələr Şamaxının iqtisadi inkişafına müəyyən zərbə vurmuşdu. 1724 il Rusiya ilə Türkiyə arasında bağlanmış İstanbul müqaviləsi, Şirvana daxili muxtariyyətin verilməsi Şamaxı şəhərinin ticarət əlaqələrinin əvvəlki səviyyəyə çatmasına imkan yaratmışdı.1562 ildə Şamaxıda olmuş İngilis səyyahı Antoni Cenkinson Osmanlılarla Səfəvi dövləti arasında Avropaya çıxışı olan ticarət yolları uğrunda mübarizə getdiyini göstərmişdir. Tarixi ipək yolu öz fəaliyyətini dayandırdıqdan sonra da Şamaxı Volqa-Xəzər ticarət yolu ilə Niyazabad limanı vasitəsilə xarici ölkələrlə ticarət əlaqələri saxlayırdı. 16-17 əsrlərdə Şamaxı tacirləri Rusiya ilə geniş ticarət əlaqələrinə malik idi. 1684 il çar fərmanı ilə Moskvada ticarət edən gəlmələrin siyahıya alınması zamanı burada şamaxılı tacirlərin olması qeydə alınmışdır. 17 əsr sənədlərində Moskvada Şamaxıdan olan Lətif, Abdul, Məhəmməd, Xıdır kimi şəxslərin adları qeyd olunmuşdur.Göründüyü kimi, Şərqi Avropanı, o cümlədən Rusiyanı və Volqaboyunu Dərbənd keçidi vasitəsilə Cənubi Qafqaz, İran, Kiçik Asiya və Hindistanla əlaqələndirən karvan yolları Azərbaycan torpağından keçirdi. Azərbaycanın Bərdə, Naxçıvan, Şəki və digər qədim şəhərləri kimi Şamaxı şəhərinin də “Tarixi ipək yolu”nun fəaliyyətində, Azərbaycanın Yaxın Şərq, Rusiya və Avropa ölkələri ilə ticarət-iqtisadi və mədəni əlaqələrinin genişləndirilməsində mühüm rolu olmuşdur. Bu gün isə Şamaxı “Yeni ipək yolu” üzərində turizmin inkişaf etdirilməsində, ölkəmizin iqtisadi qüdrətinin gücləndirilməsində fəal iştirak edir.
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT
1. Mинopcкий Ф. Иcтopия Шиpвaнa и Дepбeндa. Mосква: 1963
2. Aşurbəyli S. B. Şirvanşahlar dövləti VI-XVI əsrlər. Bakı: 2006
3. Azərbaycan tarixi. Yeddi cilddə. İkinci cild (III-XIII əsrin I rübü). Bakı: 1998
4.Bakıxanov A. Gülüstani-İrəm. Bakı: 1970
5. Ciddi H. Gülüstan qalası (Şamaxı Qız qalası). Bakı: 1967
6. Ciddi H.Ə.Buğurt qalası. Bakı: 1973
7. Evliya Çələbi Səyahətnaməsində Azərbaycan. Bakı: 2012
8. Fərhadoglu K. İçərişəhər. Bakı, II cild, 2006
9. İbrahimov K. İçərişəhər. (toplu) Bakı, 2012
10. İbrahimov K. Qədim Şirvan elinə səyahət. Bakı, 2005
11. Qiyasi C. Nizami dövrü memarlıq abidələri. Bakı: 1991
12. Mehdiyeva A.Ə.Azərbaycanda Qız qalalarının tarixi. Bakı: 2000
13. Керимов В.И. Оборонительные сооружения Азербайджана эпохи Низами. Баку: 1991
14. Олеарий А. Описание путешествия в Московию / Пер. с нем. А. М. Ловягин. Смоленск: 2003
Kamil İbrahimov,
tarix elmləri doktoru, professor