Azərbaycan MEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası – elmi-tədqiqat müəssisəsi. Şamaxı şəhərindən 22 km aralı Y.Məmmədəliyev qəsəbəsi yaxınlığında Pirqulu dağının şimal yamacında dəniz səviyyəsindən 1435 m yüksəklikdədir.
Azərbaycan astronomiya elmi orta əsr Azərbaycan astronomu Nəsirəddin Tusi tərəfindən 13 əsrdə Cənubi Azərbaycanda yaradılmış məşhur Marağa Rəsədxanasının hesabına şöhrət tapmışdır. 20 əsrdə milli astronomiya elminin inkişafında yeni əlamətdar bir mərhələ başlandı. 1927 ildən Azərbaycanda astronomiya ekspedisiyaları fəaliyyətə başladı. Bu ekspedisiyalar Şamaxı da daxil olmaqla Azərbaycanın bir sıra rayonlarını tədqiq etmiş, son nəticədə rəsədxananın tikilməsi üçün Pirqulu ərazisinə üstünlük verilməsini tövsiyə etmişdir.
1954 ildə Azərbaycan SSR EA Fizika-Riyaziyyat İnstitutunun nəzdində yaradılmış və H.Sultanovun rəhbərlik etdiyi astrofizika şöbəsində müvafiq tədqiqatlar (1956 ildə bu şöbə Akademiyanın tərkibində müstəqil astrofizika sektoruna çevrildi) aparılırdı.
ŞAR-ın yaradılması barədə dövlət qərarı 1959 ilin sonlarında qəbul edilmişdir.Həmin il noyabrın 17-də Azərbaycan SSR Nazirlər Sovetinin 975 saylı “Şamaxı Astrofizika Rəsədxanasının təşkili haqqında” qərarı imzalandı. Bu qərar əsasında “Azərbaycan SSR Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasının təşkili haqqında” sənəd qəbul edildi və ŞAR bir institut kimi fəaliyyətə başladı. Həmin qərara əsasən H.Sultanov rəsədxananın direktoru, R. Hüseynov onun müavini, M. Hüseynov elmi katıb vəzifəsinə təsdiq olundular. ŞAR EA-nın birinci dərəcəli institutu statusunu aldı.
ŞAR – ın yerləşdiyi ərazinin coğrafi koordinatları aşağıdakı kimidir: uzunluq – 48o35’04” və enlik – 40o46’20”. Sonuncunun bir sıra Avropa rəsədxanalarının enliyinə nisbətən kiçik olması Cənub göyünün müşahidəsində ŞAR-a müəyyən üstünlüklər verir.
Azərbaycan SSR EA-nın elə həmin qərarında ŞAR-ın strukturu təsdiq edilmiş, dörd elmi şöbənin (“Günəş fizikası və radioastronomiya”, “Ulduz fizikası ” , “Günəş sisteminin kiçik cisimləri”, “Astronomiya tarixi” şöbəsi) və optika-mexanika emalatxanasının yaradılması qərara alınmışdır. Son əlli ilədək Rəsədxananın strukturu və elmi istiqaməti demək olar ki, dəyişməz qalmışdı. Bu da start xəttinin düzgün seçilməsinə dəlalət edir.
ŞAR-da ilk teleskop 1957 ildə qurulmuş Xromosfer-Fotosfer Günəş teleskopu olmuşdur. Bu teleskopun qurulub istifadəyə verilməsində və müşahidələrin aparılmasında əməyi olmuş İ.Aslanov, S.Məmmədov, M.Musayev, Ə.Həsənəlizadə, H.Məlikov, L.Avakotsa və başqalarının adları qeyd olunmalıdır.
1959 ildə Rəsədxanada 200 mm-lik fotoelektrik teleskop qurulmuş və onun köməyi ilə ərazinin astroiqlimi öyrənilmişdir. Bu teleskopda işləyən əməkdaşlardan Q.Axundova və S. Ömərovun fəaliyyəti xüsusi qeyd olunmalıdır. 1964 ildən başlayaraq həmin teleskopda dəyişən ulduzların və kometlərin fotoelektrik və elektropolyarimetrik müşahidələri aparılmışdır.
1962-63 illərdə rəsədxanada yeni bir teleskop-Üfüqi Günəş teleskopu inşa edilmiş və onun vasitəsilə Günəşin spektral müşahidələrinə başlanmışdır. Həmin müşahidələr bu gün də davam etdirilməkdədir. Bu teleskopda R.Hüseynov, İ.Aslanov, S.Məmmədov, M.Kərimbəyov qiymətli elmi nəticələr almışlar.
1964 ilin dekabrında ŞAR-da yeni və son dərəcə orijinal bir teleskopun -AST-452 adlı cihazın (teleskopun diametri 350 mm , səmada əhatə etdiyi sahə çox böyükdür ~4.14 dərəcə) quraşdırılması başa çatdırıldı. Bu teleskopun tikintisi və işə salınmasında Q.Axundovanın və S.Əzimovun xidmətlərini qeyd etmək lazımdır.
1970 ildə ŞAR-da 700 mm-lik fotoelektrik teleskopun (AZT-8) inşası başa çatdırıldı. Bu işə S.Ömərov başçılıq etmişdir.Teleskop fotometrik müşahidələrin aparılması üçün nəzərdə tutulmuşdur.
Azərbaycan SSR EA Rəyasət Heyətinin 1971 il mart ayının 25-də qəbul etdiyi 13 saylı qərar əsasında ŞAR-ın nəzdində Batabat bölməsi yaradıldı. Fizika-riyaziyyat elmləri namizədi M. Məmmədov 1971 ilin aprelindən bölmənin rəhbəri, həmin ilin yayında ŞAR əməkdaşı S.Zeynalov bölmə rəhbərinin müavini təyin olundu. Ərazi, onun relyefi və xüsusiyyətləri tədqiq edildikdən sonra Batabatda müvafiq teleskopun köməyi ilə astroiqlimin öyrənilməsinə başlandı. Bakı, Moskva və Leninqrad universitetlərini bitirmiş yerli gənclər işə cəlb olundu.
1974 ildə Batabat bölməsində ilk böyük teleskop – Günəş Koronoqrafı quruldu. Tezliklə həmin teleskopda Günəş spikullarının müşahidəsinə başlandı. Onların hərəkətinin izlənməsi çox maraqlı nəticələr əldə etməyə imkan verdi. Bu işlərə Moskva astronomu G.Nikolski rəhbərlik edirdi. Gənc əməkdaşlar qalaktikalar, Günəş fizikası və kometlərin öyrənilməsi üzrə təkmilləşdirildi.
ŞAR-da o dövrdə ən boyük teleskop sayılan 2 m-lik reflektorun sifariş verilməsində Azərbaycan EA-nın keçmiş prezidenti Y.Məmmədəliyevin xüsusi əməyi olmuşdur. Bu teleskop keçmiş Almaniya Demokratik Respublikasının “Karl Seyss Yena” (“Carl Zeiss Jena”) firmasında hazırlanmış və onun güzgüsünün cilalanması texniki cəhətdən son dərəcə uğurlu alınmışdı. Elə bunun nəticəsidir ki, teleskop özü ilə analoji olan cihazlarla müqayisədə daha səmərəli elmi müşahidələrin aparılmasına imkan vermişdir. Sovet astronomiya tarixində bu teleskop öz əhəmiyyətinə görə xüsusi yer tutmuşdur.
2-metrlik teleskop 1966 il sentyabr ayının 20-də istifadəyə verilmiş və 1967 ilin sonlarında müşahidələrə tam hazır vəziyyətə gətirilmişdir.Bu teleskopun inşasında H.Sultanov, V.Krat və N.Mixelson kimi astronom və optiklərin rolu xüsusi qeyd olunmalıdır. Onlarla yanaşı bu işin təşkilində İ.Aslanov, Z.İsmayılov, N.İbrahimov, C.Əzimov, S.Zeynalov, Y.Məmmədov kimi əməkdaşlar çox böyük fədakarlıq nümayiş etdirmişlər.
1980 illərin əvvəllərində ŞAR-da daha bir teleskop-“Zeiss-600” qurulmuşdur. Almaniyada hazırlanmış bu teleskopdan fotometrik müşahidələr üçün istifadə edilir. Məlum olduğu kimi, teleskopun əldə olunub qurulması hələ elmi informasiya almaq üçün kifayət deyil. Bunun üçun çox vacib şərtlərdən biri də həmin teleskoplara müvafiq işıqqəbuledicilərin qoşulmasıdır.
ŞAR-da “Ulduz və dumanlıqlar fizikası ” sahəsində əsas tədqiqatlar ulduz atmosferlərində və qalaktikalarda baş verən qeyri-stasionar proseslərin öyrənilməsinə yönəlmişdir. Buraya cavan, maqnit xüsusiyyəti güclü olan, ifratnəhəng, yeni, Volf-Raye və s. tipli ulduzların, həmçinin, qalaktikaların tədqiqi də daxildir. Rəsədxanada aparılan bu işlərin nəticələri sonralar dünyanın tanınmış astronomlarının tədqiqatları ilə təsdiq edilmişdir.
Günəş fizikası üzrə tədqiqatlara ŞAR-da 1957 ildən “Günəş xidməti” ilə başlanmışdır və alınan nəticələr bir sıra beynəlxalq kataloqlara daxil edilmişdir. Bundan əlavə, Günəşdə alışmaların, protuberansların, spikulların müşahidəsi və dinamikası tədqiq edilmişdir.Tədqiqatlar zamanı kiçik miqyaslı Günəş sahələrinin təbiəti, xromosfer alışmaları, udulma xətlərinin formalaşması, parlaq fotosfer “cığırlarının” müşahidəsi üçün qurğu hazırlanması və s. kimi mühüm məsələlərə dair elmi nəticələr alınmışdır. Bununla bərabər Günəş atmosferi üçün nəzəri – maqnito-akustik-qravitasiya (MAQ) dalğalarının transformasiyasının xətti nəzəriyyəsi qurulmuşdur. Günəş atmosferində MAQ və qazodinamik dalğaların yayılması, şüalanmanın sönməsi, transformasiyası və əks olunması məsələləri dərindən öyrənilməkdədir. Günəşin radioşüalanması sahəsində də tədqiqat işləri aparılmışdır.
Bundan başqa, SSRİ kosmik stansiyalarının, həmçinin “Lunaxod”ların izlənməsi və onların koordinatlarının təyini kimi vacib məsələlərin həlli də 2-m teleskopun köməyi ilə həyata keçirilirdi.
2001 ildən başlayaraq ŞAR-da Kosmik Hava məsələləri ilə əlaqədar geniş elmi-tədqiqat işləri aparılır və alınmış nətişələr dünyanın yüksək indeksli jurnallarında dərc olunur.
2006 ildən başlayaraq AMEA-da qərb standartına uyğun olan “Астрономический Журнал Азербайджана” jurnalı buraxılır. Bu jurnalda müasir astronomiyanın problemlərinə həsr olunan məqalələr ingilis, rus və Azərbaycan dillərində dərc olunur. 2006 il tarixindən yeni jurnal – “Sun and Geosphere” – Balkan, Qara dəniz, Xəzər Regionları Ölkələrində Kosmik Havanın öyrənilməsi üzrə Elmi Əlaqələr jurnalı da dərc olunur.
Günəş sistemi cisimlərinin tədqiqi sahəsində aparılan işləri aşağıdakı kimi klassifikasiyaya ayırmaq olar: komet, asteroid və planet peyklərinin hərəkət nəzəriyyəsi, planet -komet və asteroidlərin fizikası.
Bu sahədə ilkin tədqiqatlar H.Sultanova məxsusdur. O, asteroidlərin bir cismin parçalanması nəticəsində yaranması barədə Olbers nəzəriyyəsinin səhv olduğunu isbat etmişdir. Alimin tədqiqatları göstərdi ki, parçalanmaya bir yox, bir neçə iri cismin məruz qalması ehtimalı həqiqətə daha uyğundur. Digər tərəfdən, H.Arazovun dərin tədqiqatları asteroidlərin hərəkət nəzəriyyəsinin verilməsinə və Yupiterin beşinci peykinin orbitinin dayanıqlı olması isbat edilmişdir.
Kometlərin mənşəyinin öyrənilməsi sahəsində də dəyərli elmi tədqiqatlar aparılmış və hətta ŞAR-da Ə.Quliyevin rəhbərliyi ilə “Elektron komet kataloqu” yaradılmışdır. Kometlər, asteroidlər və planetlərin atmosferinə dair çoxlu dəyərli işlər dünyanın bir çox jurnallarında dərc olunmuşdur.Yalnız Mars planetinin öyrənilməsində xidmətlərinə görə N.B.İbrahimovun adı Qırmızı planetin səthindəki kraterlərdən birində əbədiləşdirilmişdir. İndi Mars planetinin xəritəsində “İbrahimov” və ”Quba” kraterləri var.
Hüseynov və onun əməkdaşlarının (1960-80 illər) nəzəri işləri ulduz təkamülünün son mərhələsinin fiziki təbiətinə aiddir. İsbat olunmuşdur ki, ulduzların katastrofik sıxılmasının nəticəsində enerjisi 50MeV olan neytrino və antineytrino əmələ gəlir. Kollapsa məruz qalmış ulduzun mərkəzində neytron ulduzunun əmələ gəlməsi neytrinonun tam enerjisinin artmasına və eyni zamanda spektrin daha yumşaq olmasına gətirib çıxarır. Bu tədqiqatların nəticəsindən Baksan Neytrino Rəsədxanasında istifadə olunmuşdur. Sübut olunmuşdur ki, pulsarlar qalaktika mərkəzinə yaxın və ölçüsü 8 kps olan halqada yerləşirlər. Z. Seyidov da ulduzlarda neytrino məsələri ilə çox ətraflı məşğul olmuşdur.
ŞAR-a müxtəlif illərdə akademik H.Sultanov (1960-81), f.r.e.d. O.Hüseynov (1981-82), f.r.e.n. A.Abbasov (1982-85), f.r.e.n. Z.İsmayılov (1985-86), f.r.e.n. K.Rüstəmov (1986-88), f.r.e.n. Ş.Əhmədov (1988-97), AMEA-nın müxbir üzvü Ə.Quliyev (1997-2015) rəhbərlik etmişdir. 2015 ilin iyun ayından AMEA-nın müxbir üzvü N.Cəlilov ŞAR-ın direktoru təyin edilmişdir.
1970-2010 illərdə yeni tapılmış asteroidlərə “Azərbaycan”, “ŞAR”, “Nizami”, “Cavid” , “Müslüm Maqomayev”, “Sorin”, “Tusi”, “Əyyub Quliyev” adları verilmişdir. Ayda bir kraterə N.Tusinin və Merkuridəki kraterlərdən birinə isə ” N. Gəncəvi” adı verilmişdir. 192 ölkədən 1400000-dən çox rəsmi qeydiyyatdan keçmiş abunəçi alimi olan “Research Gate” elmi şəbəkə tərəfindən SAR-ın direktoru, AMEA-nın müxbir üzvü N.Cəlilova, onun elmi işlərinə dünya alimləri tərəfindən edilən müraciət və istinadların sayının rekord həddi aşaraq 3000-i keçməsi ilə əlaqədar təbrik məktubu gəlmişdir.
Rəsədxananın bir neçə əməkdaşı Beynəlxalq Astronomiya İttifaqının, Avropa Astronomiya Cəmiyyətinin və Avro-Asiya Astronomiya Cəmiyyətinin üzvü seçilmişdir.
2009 ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə bölgələrin abadlaşdırılması proqramı üzrə ŞAR tamamilə yenidən qurulmuşdur. Alimlərin iş yerləri və yaşadıqları mənzillər yüksək səviyyədə inşa edilmişdir.
Şamaxı rəsədxanasının fəaliyyətini daim diqqət mərkəzində saxlayan ulu öndər Heydər Əliyev 1974 ildə bu elm ocağına gəlmiş, alimlərlə görüşmüşdür. Bu ənənəni davam etdirən Prezident İlham Əliyev rəsədxananın inkişafına yüksək diqqət və qayğı göstərir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 sentyabr 2008 il və 21 iyul 2009 il sərəncamları ilə Azərbaycan Milli Elmlər Akademiyası (bundan sonra AMEA) Şamaxı Astrofizika Rəsədxanasının həyatında yeni əlamətdar mərhələ başlandı. Nəticə etibarilə ŞAR-ın maddi-texniki bazasının möhkəmləndirilmiş, əsaslı təmir və yenidənqurma işləri aparılmış, yeni binalar və qurğular işə salınmışdır.
Dövlət başçısı İlham Əliyev Şamaxı Astrofizika Rəsədxanasında aparılan yenidənqurma işləri, əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olmaq məqsədilə 2 dəfə (13 sentyabr 2001 və 16 may 2013) rəsədxanada olmuşdur.
Ədalət Ətayi,
fizika üzrə fəlsəfə doktoru