Qafqaz İslam Ordusu Şimal qrupunun Şamaxı şəhərini S.Şaumyanın başçılıq etdiyi Bakı Sovetinin bolşevik-daşnak qüvvələrindən azad etmək uğrunda 1918 il iyulun 19-22-də keçirdiyi hərbi əməliyyat. Əməliyyat üçün münasib şərait Ağsu və Kürdəmirin azad edilməsindən sonra yarandı. Qafqaz İslam Ordusunun komandanlığı qüvvələri yenidən qruplaşdıraraq, Şərq cəbhəsinin komandanlığı altında şimal və cənub qruplarını yaratdı. Şamaxı istiqamətində döyüşləri şimal qrupu aparırdı.
Bakı uğrunda həlledici hücumlara başlamaq üçün Şamaxı əsas dayaq bazası olduğundan ordu komandanlığı bu məntəqənin tezliklə alınmasını zəruri hesab edirdi. Şimal qrupunun qüvvələri Şamaxının cənub kəndlərindən keçməklə, Şamaxı-Bakı yolunu bağlamalı və Şamaxıdakı bolşevik-daşnak qüvvələrini mühasirəyə almalı idilər. Bunun üçün Şamaxının cənubundakı Göylər kəndinə güclü dəstə göndərilməli idi. Dəstə kənddən keçərək, irəli hərəkət etməklə, Şamaxı-Bakı şose yoluna çıxmalı və nəzərdə tutulan planın icrasını təmin etməli idi. Lakin hücum ərəfəsində (iyulun 19-da) gecə güclü yağış yağması əməliyyatın nəzərdə tutulduğu kimi həyata keçirilməsinə imkan vermədi. Göylər kəndinə doğru hərəkət etməli olan qüvvələr Mədrəsə kəndinə istiqamət götürdülər. Hücum planının dəyişməsinə baxmayaraq, qüvvələr xeyli irəliləyə bildi. Bolşevik-daşnak qoşunları müqavimət göstərməyin əbəs olduğunu anlayaraq, günün ikinci yarısında kütləvi şəkildə Şamaxıya doğru geri çəkildilər.
İyulun 20-də şimal qrupu Şamaxıdan keçərək, onun şərqindəki Çuxanlı-Məlikçoban xəttinə çıxdı. Düşmən qüvvələri Şamaxıda mühasirə olunmaq təhlükəsi ilə üzləşdiklərindən təcili Mərəzəyə doğru geri çəkildilər. İyulun 21-də şimal qrupunun hissə və bölmələri Mərəzəyə daxil oldular, 22-də isə bu məntəqə ətrafında baş verən döyüşdən sonra bolşevik-daşnak qüvvələri Cəngiyə qədər qaçaraq, orada müdafiə mövqeləri qurmağa çalışdılar. Bununla da Şamaxı və onun ətrafi azad edildi və Bakı istiqamətində hücumu genişləndirmək üçün əlverişli mövqelər ələ keçirildi.
Əd.: Azərbaycan Xalq Cünhuriyyəti Ensiklopediyası, II cild, Bakı, “Lider-Nəşriyyat”, 2004, s 363-364