(1863, Şamaxı – 1923, Bakı) – maarif və mətbuat xadimi, publisist. Bəy ailəsində doğulmuşdur. Şamaxıda məhəllə və şəhər məktəblərində (1870-79), Qori Seminariyasında (1879-83) təhsil almışdır. Pedaqoji fəaliyyətində Yelizavetpol və İrəvan quberniyası xalq məktəbləri direktorluğu ilə başlamış, Padar, Ağcabədi və Ağdam kənd ibtidai məktəblərində (1883-88) müəllim işləmişdir. Bakı quberniyası, Dağıstan vilayəti xalq məktəbi direktorluğuna dəyişilmiş, Dilman və Kalavat kənd ibtidai, Göyçay və Sabunçu ikisinifli məktəblərində (1888-97) pedaqoji fəaliyyətini davam etdirmişdir. 1897 ildə Bakı Şəhəri 2-ci “rus-müsəlman” məktəbində müəllim, 1898 ildə 3-cü “rus-müsəlman” məktəbində müdir olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkənin mədəni-maarif həyatında yaxından iştirak etmiş, 1919 il yanvarın 16-da maarif naziri Nəsib bəy Yusifbəylinin əmri ilə Bakı quberniyası xalq məktəblərinin 4 rayonu üzrə inspektor vəzifəsinə təyin olunmuş, nazirliyin təşkil etdiyi əlifba komissiyasının işində fəal iştirak etmişdir.
Təhsilin milliləşdirilməsi, demokratikləşməsi, xalq həyatına yaxınlaşması, milli mənlik şüurunun oyanması uğrunda mübarizə M.Mahmudbəyov fəaliyyətinin əsas istiqamətini təşkil edir. 20 əsrin əvvəllərində xalq inqilabının təsiri altında milli mənəvi həyatda milliləşmə prosesi başlanarkən M.Mahmudbəyov Qafqaz müsəlman müəllimlərinin 1-ci və 2-ci qurultaylarında tədris-pedaqoji ədəbiyyatın yaradılmasına rəhbərlik etmişdir. O, “Birinci il Müsəvvər türk əlifbası” (1907), “İkinci il” (1908; S.Əbdül-Rəhmanbəyzadə və S.Axundovla birgə) “Yeni məktəb” (1909; Abbas Səhhətlə birgə), “Türk ədəbiyyatına ilk qədəm” (1914; Abbas Səhhətlə birgə) dərsliklərini yaratmış, milli məktəblərin tarixində yeni mərhələnin təməlini qoymuşdur. Məktəbdə və mətbuatda yazı qaydalarını nizama salmaq və vahid orfoqrafiya prinsipi yaratmaq məqsədilə “İmlanuz” (1911) əsərini yazmışdır.
Mahmudbəyov milli bədii və pedaqoji ədəbiyyatın sağlam inkişafına xüsusi diqqət yetirmiş, ədəbiyyatdan və üsuli-təlim və tərbiyədən bəhs edən “Rəhbər” (1906-07) adlı jurnal nəşr etmiş, “Maarif’ (1922) uşaq jurnalının redaktorlarından biri olmuşdur. Onun fəaliyyətində milli ədəbiyyatın toplanması, nəşri və təbliği məsələləri aparıcı yer tutur. O, uşaq mütaliəsində fars və ərəb ədəbiyyatı nümunələrinin təsirini tənqid etmiş (“Müsəlman məktəbləri”, 1905), ədəbiyyat tarixi materiallarının toplanıb tədqiqi məsələsini irəli sürmüş (“Ədəbiyyatımıza dair”; 1906), F.Köçərliyə sifariş verərək “Seyid Əbülqasım Nəbati”, “Vaqif və Vidadi” haqqında məqalələr yazdırmış (“Rəhbər” jurnalı, 1906, № l, 5), xalq ədəbiyyatı nümunələrini toplayıb nəşr etdirmiş (“Zaqafqaziya türklərinin poeziyadan”, “Molla Qasım nağılı”, “Abbas və Gülgəz”, “Aşıq Qərib”), “Hophopnamə”nin birinci və ikinci çapının (1912-14) fəal təşkilatçılarından olmuşdur.
Əd.: Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, II cild, Bakı, “Lider-Nəşriyyat”, 2004, s. 170