17 əsrə aid Azərbaycan memarlıq kompleksi. Şamaxı r-nunun Kələxana kəndindədir. 9 türbədən 8-i qalmışdır. Türbələrdən yalnız birinin giriş qapısının yuxarı hissəsində kitabə var. Kitabədəki yazıda abidənin 1663 ildə sərkar Әbdüləzim Әmirəli oğlu (Əbdüləzim Sərkar) tərəfindən İbrahim Әmirəhməd adlı şəxsin qəbri üzərində tikildiyi göstərilir. Kələxana türbələri planda səkkizbucaqlı olub piramida şəkilli günbəzlə örtülmüşdür. Türbələrin hər biri baştağlı divarla əhatələnmiş dördbucaqlı həyətdə yerləşir. Bu, kompleksə özünəməxsus həcm- kompozisiya siması verir. Әhəngdaşıdan tikilmiş Kələxana türbələrinin hamısı eyni quruluşda olsa da, giriş səthlərindəki memarlıq bölgülərinin müxtəlifliyi onların hər birinə fərdi xüsusiyyətlər verir. Beləliklə, Kələxana türbələri vahid kompleks olmaqla bərabər, türbələrin hərəsi ayrılıqda müstəqil memarlıq əsəridir. Bu cəhətlər bütün türbələrin eyni memar tərəfindən inşa edildiyini (Әbdüləzim Sərkar) göstərir. Alman tədqiqatçısı E.Ditsin fikrincə Kələxana türbələri səkkizbucaqlı türbələrin ən yaxşı nümunələrindəndir. Kələxana türbələri 1960 illərdə bərpa edilmişdir.
Əd.: ASE, V cild, Bakı, 1981, s.336-337