Şamaxı r-nunun Dədəgünəş i.ə.d.-də kənd. Ağsu çayı hövzəsindəki Çağan çayının sahilindədir. Yaşayış məntəqəsi keçmiş Çağan Məmmədsəlimli kəndindən çıxmış ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır. 20 əsrin əvvəllərində Şamaxı qəzasının Qoşun sahəsində Böyük Çağan, Orta Çağan, Çağan Məmməd Səlim və Dədəgünəş ayrılıqda kənd kimi göstərilmişdir. Buradan aydın olur ki, sonralar Dədəgünəş Günbəzi ətrafında məskunlaşanlar Çağan kəndindən çıxmış ailələr olmuşdur. T.Q.Səlimov tarixçi S.Aşurbəyliyə əsaslanaraq qeyd edir ki, Şağan farsca “şah” böyük və məkan yer, kənd mənasını ifadə edən “an” şəkilçisindən ibarətdir, yəni böyük kənd, baş kənd mənasındadır. Q.Qeybullayevin fikrincə Ptolomeydə (2 əsr) Sakan, 3 əsr qaynağında Şikan, 7 əsrdə Sakan, 9 əsrdə Sakkan yer adlarının adı eyni əyalətin, eyni etnonimin müxtəlif variantlarıdır.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild. Bakı, “Şərq-Qərb”, 2007, s. 254
N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, 2009, s.84-87