BAKUVİ SEYİD YƏHYA , Seyid Yəhya Cəmaləddin Seyid Bəhaəddin oğlu Bakuvi Şirvani
Seyid Yəhya Cəmaləddin Seyid Bəhaəddin oğlu Bakuvi Şirvani (təqr. 1410, Şamaxı – təqr. 1462, Bakı) – Azərbaycan mütəfəkkiri, ilahiyyatçı filosof. Seyid Bahəddinin ailəsində anadan olmuşdur. Uşaq yaşlarında ikən ata-anası vəfat etmiş, yetim qalmışdır. Dərin zəkası ilə fərqləndiyindən, o zamanın ən böyük alimi sayılan uzaq qohumu Seyid Sədrəddin onun təlim-tərbiyəsilə məşğul olmuşdur. Həddi-büluğa çatanda qızını ona ərə vermişdir. Müəllimi və qayınatası Seyid Sədrəddinin vəfatından sonra, Şirvandan çıxaraq Bakıya üz tutmuşdur. O vaxt Bakı hakimi olan Xəlil bəy tərəfindən böyük izzətlə qarşılanmış və onun ailəsilə birgə rahat yaşayıb irfan fəaliyyətilə məşğul olması üçün hər cür şərait yaradılmışdır. Böyük kəramət sahibi olan Seyid Yəhya çox qısa zaman kəsiyində öz qüdrətli əsərlərilə diqqət cəlb etdi, onun şöhrəti bütün İslam məmləkətlərinə yayıldı.