(? – təqr. 1096) – Şirvanşah [1063 – 96]. Salar ibn Yəzidin oğlu. Atasının sağlığından dövləti idarə edirdi. Onun dövründə Şəddadilər (1063 – 64) və Səlcuqlar (1066) dəfələrlə Şirvana soxuldu. I Fəribürz hər dəfə külli miqdarda xərac vermək və s. diplomatik vasitələrlə Şirvanın müstəqilliyini qoruya bildi. Bu zaman I Fəribürzün çətin vəziyyətdə qalmasından istifadə edən Kaxeti çarı II Aqsartan (1058 – 84) Şəkini tutdu. 1067 ildə Arranda Səlcuq sultanı Alp Arslanın [1063-72] yanına qiymətli hədiyyələrlə gələn I Fəribürz onun vassallığını qəbul etdi. 1068 ildə I Fəribürz Dərbəndi tutub onun idarəsini oğlu Əfriduna tapşırdı. Dərbəndlilər I Fəribürzün hərəkətlərindən Alp Arslana şikayət etdilər. Alp Arslan I Fəribürzü həbs etsə də, tezliklə onu hər il çoxlu xərac ödəmək şərti ilə azadlığa buraxdı. Alp Arslan Azərbaycanı tərk etdikdə I Fəribürz qısa müddətdə Arran, Muğan və Beyləqanı, həmçinin Dağıstanın bir hissəsini ələ keçirdi; oğlu Əfridunu yenidən müstəqil hakim kimi Dərbəndə göndərdi (1071). 1078/79 ildə sultan Məlikşah (1072-92) Azərbaycana gəldikdə I Fəribürz ildə 70 min dinar (sonralar bu rəqəm 40 minə endirildi) xərac verməklə onun vassallığını qəbul etməyə məcbur oldu. Məlikşahın ölümündən sonra I Fəribürz səlcuqların asılılığından çıxaraq ölkəni tam müstəqil idarə etməyə başladı.
Əd.: ASE, IX cild, Bakı, 1986, s.537-538