1905.az portalının suallarını yazıçı Elxan Elatlı cavablandırdı.
– Elxan müəllim, Yu Nesbö kitabları bir çox dillərə tərcümə olunan məşhur Norveç yazıçısıdır. 4 milyon insanın danışdığı Norveç dilində yazır, amma əsərləri dərhal müxtəlif dillərə tərcümə olunur. Giyom Müssö isə gənc fransız yazıçısıdır. Çox gənc yaşlarında yazıb nəşriyyata göndərdiyi roman sayəsində məşhurlaşıb. Bu iki yazıçının əsərləri Norveç və Fransanı dünyaya tanıdır. Neft ixrac edən Norveç və dünyanın ən böyük iqtisadiyyatlarından biri olan Fransa həm də bu yolla pul qazanır, belə demək mümkünsə. Bu problemə necə baxırsınız, bizdə Nesbö və Myusso yoxluğunu necə şərh edərdiniz?
– Xaricə çıxma ilə bağlı mənim öz düşüncəm var. Çoxları səmimiyyətimə inanmır, amma şəxsən mən xaricə çıxma haqqında düşünmürəm. Məni düzgün başa düşün, əgər mənə pul gətirə bilərsə, bundan heç qaçmaq da istəmirəm. Amma xaricdə kimlərinsə mənim kitabımı oxumaları, bunun mənə şöhrət gətirə bilməsi o qədər də düşündürmür. Bilirəm, tutaq ki, Fransada heç vaxt olmayacağam, çünki gəzməyi sevmirəm. Məsələn, Amerikadakı oxucumun məhəbbət dolu baxışlarını görməyəcəmsə və buna heç can atmıramsa, xaricə çıxmaq mənə maraqlı deyil. Bu gün mən Azərbaycan oxucusunda özümə qarşı sevgi görürəmsə, küçədə, parkda mənə yaxınlaşıb xoş sözlər deyənlər varsa, bunu qiymətləndirməliyəm və qiymətləndirirəm. Mən əlbəttə, dünya şöhrətli yazıçı olsam və əsərlərim xarici ölkələrdə çap olunsa, bunun Azərbaycana xeyri dəyə bilər. Yəni ki, kimlərsə mənim əsərlərimlə Azərbaycanı tanıyar. Amma mənə elə gəlir ki, gənclərimizin dünyagörüşünün formalaşmasında oynadığım rolla Azərbaycana daha çox fayda gətirərəm. Bizim gənclər Dostoyevskidən zövq ala bilməz. Amma mənim əsərlərimdən zövq alırlarsa, qoy elə zövqü onlara da verim. Həm də tərbiyələndirə bilsəm, çox-çox xoşbəxt olaram. Bu gün bəzi gənclərimiz mənim əsərlərim sayəsində ermənilərə nifrət etməyə başladıqlarını söyləyirlər. Bildirirlər ki, bu nifrət onlarda mənim “Cəhənnəmdən gələn səs” əsərimdən sonra əmələ gəlib. Bu gün həmin amillər xaricdə şöhrət qazana biləcəyimlə müqayisədə daha əzizdir.
– Xaricdə kitabların nəşri və yayılması ilə bağlı industriya mövcuddur. Bu industriya yazıçının özünün belə xəbəri olmadan, onunla məşğul olur. Azərbaycan dilindəki əsərin xarici oxucu tərəfindən görülməsi üçün yazıçının kitabları yüksək səviyyədə xarici dillərə tərcümə olunmalıdır.
– Mənim əsərlərimi nəşr edən nəşriyyat kitablarımın birini özümün də xəbərim olmadan rus dilinə tərcümə edib. Tərcümə çox yüksək səviyyədə edilmişdi. Kitab 1000 nüsxə ilə buraxıldı və tirajın yarısı satıldı. Düzü, mən bir az pərt oldum ki, 500 nüsxə kitab satılmayıb. Amma sonra fikirləşdim ki, axı bu kitablar Rusiyaya göndərilmədi. Yalnız Azərbaycanda satıldı. Daha sonra Qafqaz Universitetinin müəllim və tələbələri başqa bir kitabımı ingilis dilinə tərcümə etdilər. İndi çap edilməsi üçün sponsor axtarırıq. Amma nəşriyyatdan bildiriblər ki, sponsor tapılmasa da çap edəcəklər. Daha bir kitabımı da rus dilinə tərcüməyə veriblər. Yəni kitabımın xarici dillərə tərcümə edilmək təşəbbüsü məndən gəlməyib. Bütün bunların hamısını oxucularım edirlər. Bu yaxınlarda da bir nəfər Türkiyədən zəng etmişdi ki, kitablarımı çap etmək üçün həmin ölkənin nəşriyyatlarına təkliflər verib. Bəzi türk nəşriyyatları bildiriblər ki, onlarda detektiv satılmır. Bununla bağlı öz şəxsi fikrimi söyləmək istəyirəm. Türkiyədə bu gün ona görə detektiv əsərlər satılmır ki, bu ölkədə detektiv yaza bilmirlər. Hətta bilirəm ki, Türkiyədə Artur Konan Doylun məşhur qəhrəmanı Şerlok Holmsun baş qəhrəmanlığı ilə kitablar da vaxtilə yazılıb. Amma bu əsər fiaskoya uğruyub. Çünki türk Şerlok Holmsu orijinaldakından fərqli olaraq ağlını deyil, silahını tez-tez işə salıb. Yaxud mən Türkiyədə yaşayan dostlarımdan xahiş etmişdim ki, müəllifi türk olan ən yaxşı detektiv əsəri mənə göndərsinlər. Mən həmin kitabı yarısından sonra oxuya bilmədim. Çox cansıxıcı idi. Bu gün həm Türkiyədə, həm də Azərbaycanda o qədər keyfiyyətsiz detektivlər yazılıb ki, hamı bir ağızdan deyir: “Mən detektiv xoşlamıram”. Hətta bunu mənim üzümə söyləyənlər də var. Məncə, bu insanlar daha çox özlərini rüsvay edirlər. Bu yaxınlarda telejurnalistlərdən biri mənə dedi ki, anası və bacısı mənim fanatlarımdır, amma özü detektiv oxumur. Dedim ki, əgər mənim detektivlərimi oxumursansa, “Mərtəbələr” romanımı oxu. Bu əsər detektiv deyil. Deməli, detektiv oxumuram, deyənlər əslində ümumiyyətlə kitab oxumurlar.
– Bizi çox maraqlandıran bir məsələyə toxunmağınızı istərdik. Şərti olaraq “Qarabağ problemi” adlandırdığımız, torpaqlarımızın işğalı, xalqımıza qarşı törədilən soyqırımlar və deportasiyalar probleminin Sizin yaradıcılığınıza inikasından danışaq. Bu Sizin əsas mövzularınızdandır.
– Mən yazıçılıqla yanaşı, ixtisasca riyaziyyatçıyam. Bu məsələləri tarixçilər araşdırmalıdırlar və araşdırırlar. Həmin yazıları yazanda böyük bir araşdırma aparmamışam. Ermənilərin vəhşiliklərindən xəbərdaram. Bunları vaxtilə kitablar, yaxud müəllimlərim mənim beynimə yeridiblər. Fikrimcə, bu əbədi düşmənçilikdir və beynimdə ermənilərlə barışıq məsələsinə yer yoxdur. Yeni-yeni faktlar aşkar olunduqca isə daha da əsəbiləşirəm. Əsas məsələ bu hadisələri bədii şəkildə oxuculara çatdırmaqdır. Xocalı haqqında roman yazanda Nəsiman Yaqublunun “Xocalı soyqırımı” kitabını oxudum. Açığını deyim ki, sona kimi oxumağa da hövsələm çatmadı. Gənclər də mənə etiraf edirlər ki, bu tipli kitabları tam oxumağa heç kəsin hövsələsi çatmır. Əsas odur ki, özüm üçün yeni olan faktları götürdüm, Xocalı faciəsini dərk edərək bu romanı yazdım. Oxuyanlar da onu məhz bədii əsər olduğuna görə duydular – kimlərsə ağladı, kimlərsə əsəbiləşdi. Ona görə də təəsssüf edirəm ki, bu gün bədii əsərin dəyərini bilən insanlar çox azdır. Hətta televiziyada da görürsən danışırlar ki, nələrisə dünyaya yaymaq lazımdır. Hər şeydən danışırlar, bədii əsərdən başqa. Məncə, bunu dünyaya yaymalıyıq, həm də çox böyük tirajla. Çünki çox güman ki, milyon nüsxəlik kitabın yəqin ki, yalnız çox az bir qismi kiməsə təsir edəcək. Qalan 900 mini hardasa tozlanacaq, yer tutacaq, amma bunlardan qorxmaq lazım deyil. Mənim fikrimcə, bu gün bizim əsas nöqsanımız odur ki, nə yaxşı romanlar, nə də yaxşı filmlər ortaya çıxara bilmişik. Başda “Dolu” olmaqla, yalnız bir neçə yaxşı filmimiz var. Məsələn, mənim baxdığım “Otel Ruanda” filmi Ruandadakı soyqırım haqqında, fiaciənin miqyası ilə bağlı məndə böyük təssürat yaratmışdı. Belə bir filmi Xocalı haqqında çəksəydik, bu insanların dərdini xaricdə daha aydın göstərə bilərdik. İnanmıram ki, Amerikada hansısa bir peşə sahibi uzaq Azərbaycan və ya Ermənistan haqqında kitab alıb, oxuya və ya təsirlənə.
– Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun həyatından bəhs edən “Qisas gecəsi” raomanı haqqında danışaq.
– Düzü, “Qisas gecəsi” romanını yazmaq istəmirdim. Çünki qəhrəmanlıqla gənc yaşlarında həlak olan Mübariz İbrahimovun həyatını bir roman kimi təsəvvür edə bilmirdim. Daha çox onun 5 saatlıq döyüşü ilə bağlı bir hekayə yazmağı düşünürdüm. Amma romana kökləndiyimdən və oxucularım da məndən yeni bir əsər gözlədiklərindən, bu romanı yazdım. Əvvəlcə, Mübarizin həyatını yaxından öyrəndim. Bu romana bədii cəhətdən güclü əsər kimi baxmıram. Bu romanın ən böyük qiyməti ondadır ki, gənclərimiz Mübariz İbrahimovun nələr etdiyini bildilər. Romanın pirat nüsxələri də geniş tirajla yayılmışdı. Qəzetlərdə, saytlarda Mübariz haqqında yazılanlarda həqiqətə uyğun olmayan faktlar çox idi. Gənclər Mübarizin döyüşdüyü gecə nə baş verdiyini öyrənmək istəyirdilər, mən də həm yazıçı məntiqi, həm də araşdırmalarım sayəsində sənədli bir əsər meydana qoya bildim.
– Yəni Mübariz İbrahimovun 5 saatlıq döyüşündən bəhs edən romanınız sırf detektiv romanlarınız qədər bir auditoriya qazandı.
– Detektiv romanın əhatə dairəsi genişdir, amma Mübariz də Mübarizdir axı. Ola bilsin ki, daha az tanınan bir qəhrəmanımızdan yazdığım bir əsər bu qədər auditoriya toplaya bilməyəcəkdi. Ola bilsin ki, kimlərsə düşünsün ki, Elxan Elatlı ona görə Mübariz İbrahimovdan yazıb ki, kitabı oxunsun. Hərçənd buna qədər mənim detektiv romanlarım çap olunmuşdu, oxucular da məni tanıyırdılar. Ola bilsin ki, 1000-2000 adam məni tanımasa da, Mübariz haqqında nəsə oxumaq naminə bu kitabı oxuyub. Amma əksəriyyət məni artıq tanıyırdı. Mübarizin atası Ağakərim kişiyə də demişdim ki, roman yazacağam, ona görə də daha dərindən söhbət aparmışdım.
– Və romanda Mübariz İbrahimovun dindarlığını azaldıb, vətənpərvərliyini qabartmısınız.
– Bilmirəm, bunu nə dərəcədə düzgün etmişəm. Mübarizin atası ilə söhbət edəndə də sezdim ki, o, çox vətənpərvər insan olub. Amma bu vətənpərvərlik onun dindarlığının yanında sönük görünür. Hətta son məktubunda da bu, aydın görünürdü. Ona görə də Mübarizin son məktubundakı “seyid övladı olduğuma görə bunu etməliyəm” cümləsini də romandan çıxardım. Hər halda roman bədii əsərdir. Mən həmişə təkrarlayıram ki, normal, azad yazıçının qələmi diktatordur. Qələm əlimdədirsə, mənə yaxın olanını yazıram. Bu gün ürəyimdən keçənləri yazmışam və buna görə heç kim mənə təzyiq göstərməyib.
– Həm də axı Siz sözün də məsuliyyətini başa düşmüsünüz.
– Bəli. Mən həmişə yazanda dövlətin mənafeyini nəzərdə tuturam. Bəzi yazıçılardan fərqli olaraq mən ancaq özümü, sənəti, yaxud Nobel mükafatını düşünüb yazanlardan deyiləm. Mən xalqımızı, gənclərimizin tərbiyəsini düşünürəm. Görünür, bu ondan irəli gəlir ki, mən müəlliməm və müəllim oğluyam. Hətta qoy mənim yazdıqlarıma heç ədəbiyyat da deməsinlər. Hətta bu yazdıqlarımın ədəbiyyat olmadığını deyəndə bir dəfə təklif də etdim ki, gəlin, onda mənim yazdıqlarımın adını tapaq. Amma bildirdim ki, bu, məni daha da şöhrətləndirəcək. Çünki ədəbiyyatdan kənar nə isə yazıram və bunu hamı oxuyur.
– Artur Konan Doyldan üzü bəri hər bir detektiv yazıçısının bütün əsərlərində adı keçən bir obrazı var. Sizin Qambay Qasımlı obrazınız necə yarandı?
– Təzə yazmağa başlayanda bu barədə çox düşünmüşəm. Və hələ də razı deyiləm. Ola bilsin ki, indi yazmağa başlasaydım, başqa ad götürərdim. Elçin Əfəndiyevin çox sevdiyim bir kitabı var – “Tənqid və ədəbiyyatşünaslıq məsələləri”. Həmin kitabda belə bir abzas oxumuşdum ki, bu günə qədər də Şerlok Holmsun yaşadığı küçəyə məktublar gəlməkdədir. Bu da yazıçının məharətindən və ona olan hörmətdən irəli gəlir. Abzas belə bitirdi ki, bəs görəsən Azərbaycan ədəbiyyatının Şerlok Holmsu nə vaxt yaranacaq? Bu abzas məni çox həvəsləndirmişdi. Düşünürdüm ki, bəlkə belə bir obrazı mən yaradım. Ona görə də heç kimlə məsləhətləşmədən belə bir ad, soyad, xarakter yaratmaq qərarına gəldim. Qambay Qasımlı belə yarandı. Hətta bir neçə il əvvəl eşitdim ki, gənclər Qambay Qasımlının adını Bakı küçələrindən birində divara yazıblar. Deməli, yavaş-yavaş olsa da, Azərbaycanın Şerlok Holmsu yaranır. Mən həm də fəxr edirəm ki, qəhrəmanım Şerlok Holmsu yamsılamır. Mənim romanlarımda ailə-məişət mövzusu da var, məhəbbət də var, polisin fəaliyyəti də. Ona görə də kimsə deyəndə ki, detektivi sevmir, təəccüblənirəm. Soruşuram ki, müəllim, həkim həyatından roman yazsam, oxuyarsanmı? Cavab verirlər ki, oxuyarlar. Bəs bizim asayişimizi qoruyan polislərin həyatlarından yazmağın nəyi pisdir? Məncə, detektivi gözdən salan quru, gülünc xəfiyyə obrazlarıdır. Amma mən ilk gündən qərara gəlmişəm ki, polisi müsbət mənada təqdim edim.
Fuad Babayev, Gündüz Nəsibov, 1905.az