İlk orta əsr abidəsi. Şamaxı rayon mərkəzindən 15 km cənub-şərqdə, Gümüşlü yaşayış yerindən 800 m aralıda yerləşir. Yaşayış yeri şimal tərəfdən Çarhan, qərb istiqamətində Nüydü kəndləri, cənubdan Ləngəbiz sıra dağlarının şimal aşırımları, şərqdən isə müasir Dağ Bağırlı kəndi ilə həmsərhəddir.
Abidənin sahəsi 5 hektara yaxındır. Döyrə yaşayış yerinin cənub-şərqində bol su mənbələri, qaynama bulaqlar vardır. Qaynamaların bəzilərinin yaxınlığında vaxtilə bulağın üst hissəsinin hörgüsündə istifadə olunmuş tikinti materialları (daş parçaları) və su tünglərinin qalıqları vardır. Bunlar orta əsrlərdə Döyrə yaşayış yerinin su ilə təmin edilməsi üçün xüsusi su təchizatı qurğularının inşa edildiyini göstərir. Kəndin ərazisindəki münbit şabalıdı torpaqlar, yaşayış yerindən təqribən 10-12 km cənubda yerləşən Küdrü qışlaqları, 15-20 km şimaldakı yay otlaqları, eləcə də yaşayış yerində təsadüf edilmiş asteoloji qalıqlar və su mənbələri burada yaşamış əhalinin əkinçilik və maldarlıqla məşğul olması haqqında fikir söyləməyə əsas verir. Abidəyə yaxın məsafədən keçən “Dərə yolu” və “Tat yolu” adlı karvan yolları qonşu regionlarla, həmçinin Qafqaz Albaniyasının müxtəlif bölgələri ilə tiçarət əlaqələrinin olduğunu söyləməyə imkan verir. Döyrə yaşayış yeri ərazisinin böyüklüyünə, yaxınlığından keçən qədim ticarət yollarına, əlverişli strateji mövqedə salınmasına, burada aşkar olunmuş müxtəlif tip və vəzifəli maddi-mədəniyyət nümunələrinə əsaslanaraq şəhər tipli yaşayış məskəni sayılır. Əldə olunmuş maddi-mədəniyyət nümunələrinin təhlilinə əsasən Döyrə yaşayış yeri 3-8 əsrlərə aid edilir. Görünür, ərəblərin işğalı ilə əlaqədar burada yaşayış kəsilmiş, onun salamat qalmış sakinləri qonşu Gümüşlü yaşayış yerinə köçmüşlər.
Əd.: N.Xasayev “Dağətəyi Şirvanın ilk orta əsr arxeoloji abidələri”, Bakı, “Nafta-Press”, 1998, s.27-29