Qobustan şəhəri yaxınlığında orta əsr Şirvan-Abşeron memarlığına aid türbə. Abidə xalq arasında “Diribaba piri” adlanır. Türbə 1402 ildə qayada oyulmuş mağarada əhəngdaşıdan tikilmişdir.Türbənin cənuba baxan bir fasadı vardır; o biri tərəfləri isə qayanın içindədir. İki mərtəbəlidir.
Birinci mərtəbə səkkizguşəli günbəzli kiçik dəhlizdən və onun yanındakı çatma tağtavanlı otaqdan, ikinci mərtəbə isə üzəri naxışlarla bəzənmiş tromp dayaqlı günbəzi olan kvadrat formalı böyük salondan ibarətdir. Salona birinci mərtəbənin dəhlizindən ensiz daş pilləkən qalxır. Salon qayanın daxilindəki balaca bir mağara ilə birləşir. Ehtimala görə mağarada türbənin memarı basdırılmışdır.Tromplardan birinin üstündə qalan kitabədə türbənin memarının atasının adı yazılmışdır (“…ibn ustad Hacı” – “Ustad Hacının oğlu”). Kitabənin bir hissəsi ovulub töküldüyündən memarın adı oxunmur. Türbənin yazıları Təbrizdəki Göy məscid yazılarına yaxındır. Türbənin bəzi hissələri stilizə edilmiş nəbati ornamentlərlə bəzədilmişdir. Diribaba türbəsində dini ayinlər icra edilirdi. Türbənin mərtəbələri arasındakı hissədə Şirvanşah I İbrahimə məxsus kitabə olmuşdur. Orijinal memarlıq forması, mütənasibliyi, dekorativ bəzək elementlərinin zərifliyi, ətrafdakı təbii mənzərə ilə əlaqələndirilməsi və s. keyfiyyətlərinə görə orta əsr Azərbaycan memarlığının ən maraqlı abidələrindəndir. Səyyah və alimlərdən Adam Oleari, Kornelius de Bruin (17əsr), B. Dorn (19 əsr) və b. Diribaba türbəsi haqqında məlumat vermişlər. Sovet hakimiyyəti illərində bərpa edilmişdir.
Əd.: ASE, III cild, Bakı, 1979, s. 469