QURDTƏPƏ
Şamaxı rayonu Qurdtəpə kənd i.ə.d.-nin mərkəzi. Qurdtəpə yaylasındadır. Əhalisi 804 nəfərdir (2009), 139 təsərrüfatı var. 1874 ildə Rusiyanın müxtəlif əyalətlərindən köçürülmüş rusların bu ərazidə yerləşdirilməsi nəticəsində Novodmitrovka adlandırılmışdır. 1886 il əhalinin siyahıyaalınması sənədlərində Şamaxı qəzasında Novodmitrovka kəndi (20 ailə, 96 nəfər əhali) qeydə alınmışdır.
QURTYEV Leonti Nikolayeviç
(1.7.1891, Şamaxı r-nunun Hilmilli k. – 3.8.1943) orta məktəbi bitirəndən sonra Peterburq Politexnik İnstitutuna daxil olur (1914). İnqilabi hərəkatda iştirak etdiyi üçün həbs edilir və institutdan çıxarılır. 1915 ildə çar ordusunda, 1919 ildən sonra Sovet Ordusunda xidmət edir. Böyük Vətən müharibəsində 308-ci Sibir atıcı diviziyasının komandiri olmuş, 1942-43 illərdə Stalinqrad və Oryol uğrunda gedən döyüşlərdə igidlik göstərmişdir. Qırmızı Bayraq ordeni və medallarla təltif olunmuşdur.
QURU DAĞ
Qonaqkənd kəndinin ərazisində, kəndin cənub-şərq tərəfindən Pirsaat çayının sol sahilində yerləşir. Quru sözü dağın iqliminin quru, bitki örtüyünün kasıb olmasını bildirir. Əslində 500-700 m-dən yüksəkdə yerləşən ərazilərdə quru sözü iştirak edən yerlər çöl və meşə-çöl zonasında özünəməxsus iqlimini, landşaft xüsusiyyətlərini əks etdirir. Həmin ərazi təbii qanunauyğunluqdan kənaraçıxma olaraq Quru dağ adlanmışdır.
QUŞÇU
Şamaxı rayonu kənd i.ə.d.-nin mərkəzi. Rayon mərkəzindən 26 km cənub-şərqdə, Pirsaat çayından 8 km, Bakı – Şamaxı şose yolundan 12 km aralı, Ləngəbiz silsiləsinin yamacındadır. Әhalisi 3681 (2009) nəfərdir, 558 təsərrüfatı var. Tam orta və ibtidai məktəb, kitabxana, tibb məntəqəsi, kənddən 2-3 km cənub-qərbdə qədim yaşayış yeri (e.ə. I minilliyin sonu, eramızın I minilliyi) var. Eyniadlı palçıq vulkanı kəndin yaxınlığındadır.
QUŞÇU YAŞAYIŞ YERİ
İlk orta əsr abidəsi. Şamaxı rayon mərkəzindən 25 km cənub-şərqdə eyni adlı kəndin mərkəzində yerləşir. Abidə 5 hektar sahəyə malikdir. Mülayim iqlim zonasında yerləşən Quşçu kəndi ərazisində kənd təsərrüfatı və sənətkarlığın bütün sahələrinin inkişaf etdirilməsi üçün əlverişli şərait vardır. Bu zəmin ta qədim zamanlardan insanların Quşçu ərazisində məskunlaşmasına səbəb olmuşdur. Quşçu kəndi ərazisində müxtəlif tipli arxeoloji abidələr – Daş qutu qəbirləri və Qalacıq müdafiə ictehkamı qeydə alınıb tədqiqat işi aparılmışdı. Əldə edilmiş arxeoloji materialların əksəriyyəti keramika məmulatından ibarətdir.
QUŞQANA
Şamaxı şəhərinin şimal-qərbində, təxminən 3 km məsəfədə Əngəxaran kəndi yaxınlığında 11-13 əsrə aid yaşayış yeri. Sahəsi 3-4 hektardır. Təsərrüfat işləri zamanı bir neçə bina qalığı aşkar edilmişdir. Binalar əhəng və kirəcdən istifadə etməklə daşdan tikilmişdir. Quşqanadan şirli və şirsiz qab qırıqları və tünk qalıqları tapılmışdır. Yaşayış yerinin ətrafında bir neçə Orta Əsrlər abidəsi də var.
QUYU QƏBİR
Azərbaycanda Şamaxı yaxınlığındakı Xınıslı qəbiristanında aşkar edilmişdir. Yerin üstündə onları nişan verə bilən heç bir əlamət yoxdur. Buradan dəmir xəncər, ox və nizə ucları, bıçaqlar, toqqalar, bəzək şeyləri (tunc və dəmir bilərziklər, gümüş sırğalar, müxtəlif muncuqlar və s.) tapılmışdır. Tapıntılara əsasən quyu qəbirlər e.ə. I minilliyin 2-ci yarısına aid edilir.
QӘDİROV Әbdülqədir Dərgah oğlu
(1896, Şamaxı r-nunun Göylər k.-25.9.1967, orada) – Sosialist Әməyi Qəhrəmanı (1948). 1947 ildə taxılçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. Ömrünün axırına qədər kolxozçu olmuşdur.
QӘNİYEV Məmmədtağı Qasım oğlu
(9.5.1907, Şamaxı – 24.5.1979, Bakı) – Azərbaycan mikrobioloqu və epizootoloq. Azərbaycan SSR EA akademiki. (1962), Azərbaycan SSR əməkdar elm xadimi (1958). Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda mikrobiologiya kafedrasının dosenti və müdiri (1932-59), Azərbaycan Elmi-Tədqiqat Baytarlıq Stansiyasının direktoru (1943-47), direktor müavini (1947-55), 1955-70 illərdə həmin stansiyasının əsasında yaradılmış institutun direktoru, zoologiya institutunda mikrobiologiya bölməsinin müdiri (1970-71), 1971 ildən həmin bölmənin böyük elmi işçisi-məsləhətçisi olmuşdur.