All posts by rashad

ACISU

Şamaxı r-nu ərazisində çay. Çayın adı acı və su sözlərindən düzəlib. Çay suyunun dadının acı və ya şor olduğunu bildirir. 5-13 əsrlərə dair gürcü mənbələrində bu çayın adı qeydə alınmışdır.

Ətraflı oxu

RZAİ Aydın Əli oğlu

rzai_aydin-web

(1954, Şamaxı r-nunun indiki Şəhriyar q.) – filoloq, filologiya üzrə fəlsəfə doktoru (1990), dosent (2006). Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmişdir. Şamaxı şəhərində müəllim və Azərbaycan EA Nəsimi adına Dilçilik İnistitutunda işləmişdir. 1990 ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Azərbaycan dili kafedrasında çalışır. 8 kitabı, 50-dək elmi məqaləsi çap olunmuşdur.

Məlumat A.Rzaidən alınmışdır.

Ətraflı oxu

AĞAYEV Şövqi Süleyman oğlu

agayev_sovqi-web(1926, Şamaxı ş. -1975, Bakı) – Azərbaycan psixoloqu, psixologiya elmləri doktoru (1967), professor. Bakı ikiillik Müəllimlər İnstitutunu və Azərbaycan Tibb İnstitutunu bitirmişdir.

Ətraflı oxu

XƏLİLOVA Rəqsanə Ələvəz qızı

xelilova_reqsane-web(6.11.1961, Şamaxı ş.) – mədəniyyət işçisi, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2008). Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univerisitetini və Azərbaycan Müəllimlər İnistutunun Şamaxı filialının Azərbaycan dili və ədəbiyyatı üzrə yenidən hazırlanma təhsilinin tam kursunu bitirmişdir. Şamaxı Ekskursiya və Səyahətlər bürosunda işləmişdir.

Ətraflı oxu

AĞAKƏRİM NAFİZ

İsrafilbəyli Ağakərim Ağaisrafil oğlu (4.12.1948, Şamaxı r-nunun Qaladərəsi k.) – xanəndə. Şirvan muğam məktəbinin yetişdirdiyi, öz dəst-xətti ilə seçilən sənətkarlardandır.

Ətraflı oxu

NOVRUZOV Tərlan Cabbar oğlu

novruzov_terlan-web(20.1.1947, Yardımlı) – ədəbiyyatçı, filologiya elmləri doktoru (1992), professor (1993). Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. 1993 ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin dünya ədəbiyyatı tarixi kafedrasının müdiridir. Bir çox elmi əsərlərin, dərslik və monoqrafiyaların, o cümlədən “Sabir irsinin tədqiqi və təbliği”, “M.Ə.Sabir ədəbi məktəbi”, “Sabir və davamçıları”, “Müasir şeirimizdə Sabir ənənələri” kitablarının müəllifidir.

Ətraflı oxu

ƏLİYEVA Həbibə Mirpaşa qızı

eliyeva_hebibe-web(13.1.1962, Şamaxı ş.) – tarixçi, tarix üzrə fəlsəfə doktoru (2014). Bakı Dövlət Universitetini bitirmişdir. 1997 ildən AMEA Milli Azərbaycan Tarixi Muzeyində elmi işçi kimi iş fəaliyyətini davam etdirmişdir. 2009 ildən ekspozisiyanın təhlükəsizliyi üzrə muzeyin direktor müavini vəzifəsində çalışır.

Ətraflı oxu

ƏFƏNDİYEV Qalib Məmməd oğlu

efendiyev_qalib

(9.5.1946, Bakı) – Azərbaycan geoloqu, geologiya-mineralogiya elmləri doktoru (1997), Azərbaycan MEA-nın müxbir üzvü (2007). Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir Azərbaycan EA-nın DNQYPİ-da mühəndis, böyük mühəndis, kiçik elmi işçi, böyük elmi işçi, “Qazımada geoloji-texnoloji proqnozlaşdırma” sektorunun rəhbəri işləmiş (1970-96), 1996 ildən “Quyuların qazılmasının geoloji şəraiti” (hal-hazırda “Quyuların qazılması texnologiyası”) şöbəsinin rəhbəri, 2003 ildən bu günə kimi isə, Azərbaycan MEA-nın Geologiya (hal-hazırda Geologiya və Geofizika) lnstitutunda həmin şöbənin müdiri vəzifəsində işləyir.

Ətraflı oxu

ŞAMAXI RAYONUNUN YAŞAYIŞ MƏNTƏQƏLƏRİ

 

ADI Haqqında
1 ACIDƏRƏ Şamaxı rayonu Göylər i.ə.d.-də kənd. Rayon mərkəzindən 25 km cənubdadır. Acıdərə çayının sahilində, Ləngəbiz silsiləsinin ətəyindədir. Әhalisi 15 (2008) nəfərdir, 3 təsərrüfatı var.

Kəndin ərazisi keçmişdə Şamaxı qəzasında yaşamış Çıraqlı tayfasının qışlaq yeri olmuşdur. 1896 ildə çıraqlıların bir hissəsi Acıdərədə xidmət evi olan poçt (çaparxana) ətrafında məskunlaşmışlar. Yaşayış məntəqəsi yerləşdiyi ərazinin adı ilə adlanmışdır.

 

Əd.: Azərbaycan Milli Ensiklopediyası, 1-ci cild, Bakı, 2009, s. 68

Azərbaycan toponimlərinin ensiklopedik lüğəti, 1-ci cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 11

 

2 ADNALI Şamaxı rayonu Adnalı kənd i.ə.d.-nin mərkəzi. Rayon mərkəzindən 7,5 km cənub-qərbdə, Ələt-Ləngəbiz silsiləsinin şimal yamacındadır. Əhalisi 1005 (2008) nəfərdir, 175 təsərrüfatı var; taxılçılıq, heyvandarlıq və üzümçülüklə məşğuldur. Tam orta məktəb, uşaq bağçası, tibb məntəqəsi, klub, kitabxana var.

1933-cü ildə bu kənd Kələxana i.ə.v.-nin tərkibində qeydə alınmışdır. Kələxana fars. “ilxı saxlanılan yer” deməkdir. Adna qədim türk dillərində adana/adına/aduna formasında olub “axtalanmış dəvə; at ilxısı; at saxlanılan yer” mənalarında işlənmişdir. Şamaxı r-nu yaxınlığında, Ağsu r-nuna aid İlxıçı kəndinin olması bir daha əsas verir ki, Adnalı sözü “ilxısı olan, at saxlanılan yer” kimi izah olunsun.

 

Əd.: Azərbaycan Milli Ensiklopediyası, 1-ci cild, Bakı, 2009, s. 96

Azərbaycan toponimlərinin ensiklopedik lüğəti, 1-ci cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 12

 

3 AŞKAR Şamaxı rayonuda Quşçu i.ə.d.-də qəsəbə. Rayon mərkəzindən 26 km.cənub-şərqdə, Ləngəbiz silsiləsinin ətəyindədir. Əhalisi 27 (2008) nəfərdir.

Türk dillərində “döyüş atı”, fars dilində isə “açıq, aydın, müstəqil” mənalarını ifadə edir. Burada aşkar sözü “müstəqil” mənasında işlənmişdir.

 

Əd.: Azərbaycan Milli Ensiklopediyası, 2-ci cild, Bakı, 2010, s. 196

Azərbaycan toponimlərinin ensiklopedik lüğəti, 1-ci cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 61

 

4 AVAXIL Şamaxı rayonu Avaxıl kənd i.ə.d.-nin mərkəzi. Rayon mərkəzindən 19 km şimal-qərbdə, Meysəri silsiləsinin cənub ətəyində, Ağsu çayının yuxarı axınındadır. Əhalisi 490 (2009) nəfərdir, 99 təsərrüfatı var. Taxılçılıq və maldarlıqla məşğuldur. 2 tam orta məktəb, uşaq bağçası, kitabxana; məscid (19 əsr) var.

Yaşayış məntəqəsinin adı ərazisindəki mineral bulağın adından götürülüb. AMEA-nın Şamaxı Astrofizika Rəsədxanası kəndin yaxınlığındadır.

 

Əd.: Azərbaycan Milli Ensiklopediyası, 2-ci cild, Bakı, 2010, s. 280

Azərbaycan toponimlərinin ensiklopedik lüğəti, 1-ci cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 64

 

5 BAĞIRLI Şamaxı rayonu Bağırlı kənd i.ə.d.-nin mərkəzi. Rayon mərkəzindən 30 km cənubda, Ləngəbiz silsiləsinin cənub ətəyində, Bulanıqsu çayının sahilindədir. Әhalisi 1957 (2009) nəfərdir, 462 təsərrüfatı var. Tam orta məktəb, kitabxana, tibb məntəqəsi, rabitə şöbəsi var.

Tam adı Lələ Bağırlıdır. Kəndin adı keçmişdə qışı Ərəş qəzasında, yayı isə Kəlbəcər yaylaqlarında maldarlıqla məşğul olmuş bir elatın adındandır.

 

Əd.: Azərbaycan toponimlərinin ensiklopedik lüğəti, 1-ci cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 74

 

6 BİRİNCİ ÇAYLI Şamaxı rayonu Birinci Çaylı kənd i.ə.d.-nin mərkəzi. Pirsaat çayı sahilində, dağətəyi ərazidədir. Əhalisi 1685 nəfərdir (2009), 368 təsərrüfatı var. Əhalisi əsasən kənd təsərrüfatı – əkinçilik və maldarlıqla məşğuldur.
7 BİRİNCİ ÇAĞAN Şamaxı rayonu Dədədgünəş i.ə.d.-də kənd. Dağətəyi ərazidədir. Əhalisi 184 nəfərdir (2009), 44 təsərrüfatı var.

Kənd Çağan mineral bulağının yaxınlığında məmmədsəlimli nəsli tərəfindən salındığı üçün əvvəllər Çağan Məmmədsəlimli adlanmışdır. Sonralar bu kənd yalnız bulağın adı ilə adlandı. Çağan türk-monqol dillərində “ağsu” deməkdir.

 

Əd.: Azərbaycan toponimlərinin ensiklopedik lüğəti, 1-ci cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 100

 

8 BÖYÜK XINISLI Şamaxı rayonu Şamaxı şəhər i.ə.d.-də kənd. Rayon mərkəzindən 5 km şimal-qərbdə, Xınıslı çayının (Zoğalavay çayının qolu) sağ sahilində, Meysəri silsiləsinin (Böyük Qafqaz) ətəyindədir.  Әhalisi 412 (2009) nəfərdir, 11 təsərrüfatı var. Doqquzllik məktəb, uşaq bağçası, kiçik kitabxana, orta əsrlərə aid yaşayış yeri var.

Əvvəllər r-nun ərazisində Kiçik Xınıslı (və ya Dərə Xınıslısı) kəndi də olmuşdur. İndi bu kənd Şamaxı şəhərinin bir məhəlləsidir. Orta əsrlərdə Türkiyədə Xınıslı adlı şəhər və vilayət olmuşdur. Səlcuqilər, Səfəvilər dövlətlərinin siyasi həyatında mühüm rol oynamış xınıslıların adını daşıyır. Etnotoponimdir.

 

Əd.: Azərbaycan toponimlərinin ensiklopedik lüğəti, 1-ci cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 109

 

9 CABANI Şamaxı r-nu İkinci Cabanı i.ə.d.-də kənd. Dağətəyi ərazidədir. Bu söz oğuz tayfalarından birinin adını əks etdirir. Çəpni, Çəbni,

Cabani variantlarında Azərb. ərazisində geniş arealda yayılmışdır. Şərqi Avropa düzənliyində də rast gəlinir.

 

Əd.: Azərbaycan toponimlərinin ensiklopedik lüğəti, 1-ci cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 117

 

 

10 ÇARHAN Şamaxı rayonu Çarhan kənd iəd.-nin mərkəzi. Rayon mərkəzindən 9 km cənubda, Ləngəbiz silsiləsinin ətəyindədir. Əhalisi 2599 (2009) nəfərdir. 525 təsərrüfatı var. Şərab zavodu, tam orta və doqquzillik məktəb, klub, kitabxana, xəstəxana; arxeoloji abidələrdən orta əsrlərə aid qədim qəbiristan var. Tədqiqatçılar bu sözü gah Orta Asiyada yaşamış türkdilli çaruqan tayfasının adı ilə bağlayır, gah da “dörd karvansara” mənasında izah edirlər. Əslində, kəndin adı İran dillərindəki çaharan (dördlər) sözünün fonetik variantıdır və Azərb. toponimiyasında Dördlər adlanan yaşayış məntəqələrinin (Gədəbəy, Neftçala) sinonimidir.

.

 

Əd.: Azərbaycan toponimlərinin ensiklopedik lüğəti, 1-ci cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 131

 

11 ÇIRAQLI Şamaxı rayonu Sabir qəsəbə iəd.də kənd. Rayon mərkəzindən 72 km cənubda . Ləngəbiz silsiləsinin ətəyində, Pirsaat çayının sahilindədir. Əhalisi 242 (2009) nəfərdir, 42 təsərrüfatı var. Doqquzillik məktəb, arxeoloji abidələrdən qədim qəbiristan (e.ə I minilliyin sonu-eramızın I minilliyi) var. Qızılbaşların çıraqlı tayfasının adını əks etdirir.

 

12 ÇÖL GÖYLƏR Şamaxı rayonu Göylər i.ə.d.-də kənd. Rayon mərkəzindən 25 km cənubda, Ləngəbiz silsiləsinin ətəyindədir.

Əhalisi 185 (2009) nəfərdir, 41 təsərrüfatı var. Doqquzillik məktəb, tibb məntəqəsi, abidələrdən çoxtəbəqəli «Təpədibi» yaşayış yeri, Pirəbağdad türbəsi, qəbiristan, «Qalacıq» yaşayış yeri və s. var.

13 ÇUXURYURD Şamaxı rayonu Çuxuryurd kənd i.ə.d.-nin mərkəzi. Rayon mərkəzindən 9 km şimalda, Şamaxı—Dəmirçi avtomobil yolu kənarında, dağ ətəyindədir. Çuxuryurd çökəkliyindədir. Əhalisi 1048 (2009) nəfərdir, 794 təsərrüfatı var. Tam orta və ibtidai məktəb, klub, kitabxana, kinoqurğu, xəstəxana, ambulatoriya, doğum evi var. İkinci Dünya müharibəsində həlak olmuş həmyerlilərin şərəfinə abidə qoyulmuşdur.

Yaşayış məntəqəsi XIX əsrin birinci yarısında rusailələrinin köçürülməsi nəticəsində yaranmışdır. Əvvəllər yaylaq yeri olmuş bu ərazi çuxurda, çökəklikdə yerləşir. “Çökəklikdə yurd yeri”

mənasındadır.

Çuxuryurdda Tunc və ilk Dəmir dövrlərinə (e.ə. II minillik—I minilliyin əvvəlləri) aid kurqanlardan müxtəlif maddi mədəniyyət nümunələri aşkar edilmişdir. Orta əsrlər dövrü üçün səciyyəvi olan şirli və şirsiz qab qırıqları, həmçinin qara rəngli şüşə bilərziklər tapılmışdır.

 

Əd.: Azərbaycan toponimlərinin ensiklopedik lüğəti, 1-ci cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 144

 

14 DAĞ BAĞIRLI Şamaxı r-nu Dağ Bağırlı kənd i.ə.d.-nin mərkəzi. Əhalisi 1258 nəfər. Mənbələrin məlumatına görə, yaşayış məntəqəsi XIX əsrdə Şamaxı qəzasının dağlıq ərazisində yaşamış bağırlı elatının məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. “Bağırlı kəndinin dağlıq hissəsi və ya dağlıq ərazidə yerləşən Bağırlı kəndi” deməkdir.

 

Əd.:  ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh.75

15 DƏDƏGÜNƏŞ Şamaxı rayonu Dədəgünəş kənd i.ə.d.-nin mərkəzi. Rayon mərkəzindən 12 km şimal-qərbdə, Şamaxı—Dəmirçi şose yolundan 6 km, Ağsu çayının sol sahilindan 3 km aralı, dağ ətəyindədir. Әhalisi 198 (2009) nəfərdir, 52 təsərrüfatı var. Doqquzillik məktəb, kitabxana, klub, kinoqurğu, tibb məntəqəsi, doğum evi var.  Kənd adını oradakı Dədəgünəş pirinin adından almışdır. Yerli əhali bu piri Piri-Sultan Dədəgünəş

adlandırır. Dədəgünəş türbəsi 1602-1603-cü illərdə tikilmişdir.

Dədəgünəşdə erkən orta əsrlərə aid məqbərənin xarabalığı var. Məqbərədən tapılmış kitabəyə görə məqbərə Dədəgünəş (şair Əfzəllədin Xaqaninin əmisinin ləqəbi) nəslindən Şeyx Dədəqulunun oğlu Şeyx Məhəmmədə məxsus olmuşdur. Zəngin təbiəti və müalicə suları ilə məşhur olan Dədəgünəşdə rəvayətlərə görə orta əsrlərdə məşhur elm mərkəzlərindan biri yerləşmişdir.

 

Əd.:  ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. 1-ci cild. Bakı, “Şərq-Qərb”, 2007, səh.155-156

16 DƏMİRÇİ Şamaxı rayonu Dəmirçi kənd i.ə.d.-nin mərkəzi. Rayon mərkəzindən 32 km şimalda, Şamaxı—Lahıc yolu kənarında, Pirsaat çayının sağ sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. Әhalisi 582 (2009) nəfərdir, 102 təsərrüfatı var. Tam orta məktəb, klub, kitaxana, tibb məntəqəsi, doğum evi; orta əsrlərə aid qədim qəbiristan var. Dəmirçi palçıq vulkanı kənddən 2,5 km cənub-şərqdədir.

Kənd əvvəllər Künəçayın (Dibçay) sahilində salındığına görə Künəçay adlanmışdır. Əhən kəndindən gəlmiş dəmirçi ailələri əvvəlcə mövsümi xidmətlə əlaqədar el yolunun kənarında müvəqqəti yurd, sonralar isə daimi yaşayış məntəqəsi salmışdılar. Kəndin adı sakinlərin məşğuliyyəti ilə əlaqədardır.

 

Əd.:  ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh.159

17 ƏHMƏDLİ Şamaxı r-nunun Hacılı i.ə.v.-də kənd. Pirsaat çayının sahilində, Çobançatladan dağının qərbindədir. Əhalisi 502 nəfərdir (2009), 123 təsərrüfatı var. 19 əsrdə salınmış olan bu kəndin adını Əhməd şəxs adı ilə bağlayırlar.

 

Əd.:  ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh.178

18 ƏNGƏXARAN Şamaxı rayonu Məlhəm i.ə.d.-də kənd. Rayon mərkəzindən 3,5 km şimalda, Şamaxı—Dəmirçi şose yolu kənarında, Baş Qafqaz silsiləsinin cənub-qərb ətəyindədir. Әhalisi 856 (2009) nəfərdir, 196 təsərrüfatı var. Doqquzillik məktəb, kitabxana var. Əngəxaran kəndinin ərazisində orta əsrlərə aid yaşayış yeri və qəbiristanhq mövcuddur. Kəndin əhalisi indiki əraziyə təqr. 300-400 il əvvəl Şamaxının 50 km. şm.-q.-indəki eyniadlı kənddən köçüb gəlmişdir. Yerli əhali arasında keçmiş Əngəxaran kəndinin ərazisi Binə Əngəxaran adı ilə tanınır. Zarat Xeybəri kəndindən şm.-q.-də, Yeddi qardaş platosundadır.

Kəndin adı ehtimal ki, ahəngəran sözündən olub, “dəmirçilər” mənasını daşıyır. Toponimi tat dilindəki əng (arı) sözündən və an şəkilçisindən ibarət “arı saxlanılan yer” mənasında da yozurlar. Kəndin ərazisində eyniadlı dağ və min. bulaqlar var.

.
Əd.:  ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh.184

 

19 ƏRÇİMAN Şamaxı rayonu Ərçiman kənd i.ə.d.-nin mərkəzi. Rayon mərkəzindən 30 km aralıda, Pirsaat çayının sahilində, Baş Qafqaz silsiləsinin ətəyində, dəniz səviyyəsindən 1500-1550 m hündürlükdə yerləşir. Əhalisi 585 nəfərdir (2009), 139 təsərrüfatı var. Kənddə feldşer-mama məntəqəsi, klub və kitabxana fəaliyyət göstərir.

Bəzi tədqiqatçılara görə, kəndin adı arçan (ardıc bitkisi) və man (ətraf) sözlərinin birləşməsindən yaranaraq yerli tələffüz nəticəsində indiki formasını almışdır. Kənd ətrafı arçan ağacları ilə

zəngin olan dağın ətəyində salındığı üçün belə adlandırılmışdır. Toponimik sözlüklərdə Ərçiman variantında olan bu söz 1917 ildə Arçiman şəklində qeydə alınmışdır. Arçilər Qərbi Dağıstanda yaşayan və avarlara yaxın olan etnik qrupdur. Türk dillərində arçi sözü “dağlı” sözünün sinonimidir, man komponenti isə “adam”, “yer, məkan”, “əhatə olunmuş” mənalarını ifadə edir. Arçiman sözü “dağlılar”, yaxud “dağlıların məskunlaşdığı yer” kimi başa düşülməlidir. Türkmənistanda Köpətdağın ətəyində Arçiman adlanan kurort şəhərinin olduğu da məlumdur.

 

Əd.:  ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh.45

20 GÖYLƏR DAĞ Şamaxı rayonu Göylər kənd i.ə.d.-nin mərkəzi. Rayon mərkəzindən 17 km cənubda, Ləngəbiz silsiləsinin şimal ətəyindədir. Әhalisi 6462 (2009) nəfərdir, 1860 təsərrüfatı var. Tam orta və doqquzillik məktəb, kitabxana, mədəniyyət evi, kinoqurğu, xəstəxana, Şeyx Tair türbəsi (Azərbaycan alimi Tair Tac əl-Hüda Mədəkani dəfn olunmuşdur; XII əsr), orta əsrlərə aid bir neçə başqa türbə, yaşayış yeri, qəbiristan var.

Kəndin adı Göylər/Göglər və dağ (dağlıq ərazi) komponentlərindən düzəlib, “dağlıq ərazidə olan Göylər kəndi”

deməkdir.

 

Əd.:  ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh.210

21 HACILI Şamaxı rayonu Hacılı kənd i.ə.d.-nin mərkəzi. Rayon mərkəzindən 25 km şimal-şərqdə, dağ ətəyindədir. Əhalisi 365 (2009) nəfərdir, 73 təsərrüfatı var. Tam orta məktəb, kitabxana var.

Yaşayış məntəqəsi təklə tayfasının tağıbəyli, Şəkərbəyli, odaqlı, seyidəhmədli, mehralı, mollaməhərrəmli və mahmudlu tirələrindən ibarət olmuş hacılı qoluna mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır.

 

Əd.:  ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh.221

22 HACIQƏDİRLİ Şamaxı rayonu Hacıqədirli kənd i.ə.d.-nin mərkəzi. Şirvan düzündədir. Əhalisi 525 nəfər (2009), 94 təsərrüfatı var. Əhali əsəsən kənd təsərrüfatı, əkinçilik və maldarlıqla məşğul olur.

19 əsrdə Şamaxı qəzasında maldarlıqla məşğul olmuş 84 ailədən ibarət bir elat hacıqədirli adlanırdı. Onlar yayı Dağlıq Şirvanda, qışı isə Şirvan düzündə keçirirdilər. XIX əsrin sonlarında oturaqlaşmağa başlayan hacıqədirlilər bu yaşayış məntəqələrində məskunlaşmışdılar.

 

Əd.:  ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh.220

23 HƏMYƏLİ Şamaxı rayonu Həmyəli kənd i.ə.d.-nin mərkəzi. Pirsaat çayının sahilində, dağlıq ərazidədir. Əhalisi 1102 nəfərdir (2009), 205 təsərrüfatı var. Əsasən maldarlıq və əkinçiliklə məşğul olurlar.

Keçmiş adı Ərəb Həmyə olmuşdur. Yaşayış məntəqəsi bura köçürülmüş ərəb tayfalarının məskunlaşması nəticəsində yaranmışdır. Həmyə sözünun ərəb dilindəki həmyun (müdailə etmək, himayə etmək) sözündən olması ehtimal edilir. Görünür, sözün ilkin mənası “müdafiəçi ərəblər” mənasında olmuşdur.

Əd.:  ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh.226

24 İKİNCİ CABANI Şamaxı rayonu İkinci Cabanı kənd i.ə.d.-nin mərkəzi. Keçmiş adı Cabanı olmuşdur. Kənd Cabanı yaylasının yamacında yerləşdiyi üçün belə adlandırılmışdı. XIX əsrin 30-cu illərində burada Rusiyadan gəlmə rus ailələri məskunlaşmış, rəsmən Nikolayevsk adlandırılsa da, yerli əhali arasında Rus Cabanısı kimi tanınmışdır. Sovet hakimiyyəti illərində dövlət xadimi F.E.Dzerjinskinin şərəfinə Dzerjinovka adlandırılmışdır. 5 oktyabr 1999-cu ildən adı dəyişdirilərək İkinci Cabanı qoyulmuşdur. Rayon mərkəzindən 6 km şimal- şərqdə, Şamaxı-Dəmirçi şose yolundan 4 km və Pirsaat çayından 3 km aralı, dağ ətəyindədir. Әhalisi 457 (2009) nəfərdir, 125 təsərrüfatı var. Orta məktəb, klub, kinoqurğu, tibb məntəqəsi var. İkinci Dünya müharibəsində həlak olmuş həmyerlilərin şərəfinə abidə qoyulmuşdur.

ASE, III cild, B., 1979

25 İKİNCİ ÇAĞAN Şamaxı rayonu Dədədgünəş i.ə.d.-də kənd. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi keçmiş Çağan Məmmədsəlimli (indiki

Birinci Çağan) kəndindən çıxmış ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır. Əhalisi 149 nəfərdir (2009), 36 təsərrüfatı var.

 

Əd.: Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, s. 254 

 

26 İKİNCİ ÇAYLI Şamaxı rayonu Həmyəli i.ə.d.-də kənd. Pirsaat çayı sahilində, dağətəyi ərazidədir. Əhalisi 510 nəfərdir (2009), 91 təsərrüfatı var. Əhalisi əsasən maldarlıq və əkinçiliklə məşğuldur.
27 KEÇMƏDİN Şamaxı rayonu Qəleybuğurt iəd.-də kənd. Buğurt çayının (Ağsu çayının qolu) sahilində, dağlıq ərazidədir. Əhalisi 211 nəfərdir (2009), 51 təsərrüfatı var. Əhalisi əsasən maldarlıqla məşğuldur.

Ərazi sıx meşəlik və dağlıq olduğundan vaxtilə guya toqquşma zamanı qoşun Qaladərəsi kəndi istiqamətinə keçə bilmədiyi üçün kənd belə adlandırılmışdır. Kəndin ərazisindəki Davalı nova, Yaralı düzü kimi mikrotoponimləri də kəndin adı ilə əlaqələndirirlər. Lakin güman etmək olar ki, kəndin adı qədim türk dillərindəki keşməl keçmə (körpü) və din (dağlıq ərazidə yaylaq, dayanacaq) komponentlərindən düzəlib, “körpü yaylaq” mənasındadır

 

Əd.: Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, s. 270

 

28 KƏLƏXANA Şamaxı rayonu Kələxana kənd i.ə.d.-nin mərkəzi. Rayon mərkəzindən 7 km cənub-qərbdə, Şamaxı platosundadır. Әhalisi 804 (2009) nəfərdir, 139 təsərrüfatı var. Doqquzillik məktəb, kitabxana, tibb məntəqəsi; memarlıq abidələrindən 17 əsrə aid türbələr kompleksi var. İkinci Dünya müharibəsində həlak olmuş həmyerlilərin şərəfinə abidə qoyulmuşdur.

Kəndin adı tarixi-memarlıq kompleksi olan Kələxana türbələrinin adından alınmışdır. Ərəb dilindəki kələ (məbəd, sərdaba, zaviyə) və fars dilindəki xana (bina, ev, tikili) komponentlərindən düzəlib, “məbəd, sərdaba, kompleks tikili” mənasındadır.

 

Əd.: Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, s. 273

 

29 KƏRKƏNC Şamaxı rayonu Kərkənc kənd i.ə.d.-nin mərkəzi. Kərkənc yaylasındadır. Əhalisi 730 nəfərdir (2009), 166 təsərrüfatı var. Əhalisi əsasən maldarlıq və əkinçiliklə məşğuldur.

Kəndin adı qıpçaqların kərki və əncə tayfa adlarını əks

etdirir. XIX əsrdə Altayda tubaların və toqusların yaşadığı Kərkəc adlı əyalət qeydə alınmışdır.

 

Əd.: Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, s. 277

 

30 LALƏZAR Şamaxı rayonu Quşçu i.ə.d.-də kənd. Ləngəbiz silsiləsinin yamacındadır. Əhalisi 384 nəfərdir (2009), 62 təsərrüfatı var. Əhalisi əsasən maldarlıq və əkinçiliklə məşğuldur. Keçmiş adı Kərimbəyli Kiçik Quşçusu olmuşdur. Yaşayış məntəqəsi qədim türk tayfalarından olan quşçuların kərimbəyli tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. 1960-cı illərdə adı dəyişdirilərək Laləzar adlandırılmışdır.

 

Əd.: Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı, “Şərq-Qərb”, 2007, s. 81

 

31 MEYSƏRİ Şamaxı rayonu kənd i.ə.d.-nin mərkəzi. Zolağava çayının sahilində, dağlıq ərazidədir. Əhalisi 690 nəfərdir (2009), 162 təsərrüfatı var. Kənd 15 əsrdə səfəvilərin ordu hissələrindən birinin adı ilə adlaşdırılmışdır. Mənbələrin məlumatına görə, bu dövrdə ordunun “sol cinahı” cəvanğar və ya meysərə adlanırdı.

 

Əd.: Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı, “Şərq-Qərb”, 2007, s. 101

 

32 MƏDRƏSƏ

 

Şamaxı rayonu Mədrəsə qəsəbəsi i.ə.d.-də qəsəbə. Rayon mərkəzindən 7 km cənub-qərbdə, Ləngəbiz silsiləsinin ətəyindədir. Əhalinin sayı 2115 (2009) nəfərdir. Tam orta məktəb, klub, kitabxana və tibb məntəqəsi var. Qədim yaşayış məntəqələrindən olan kəndin adı ehtimal ki, bu ərazidəki dini məktəbin adındandır. Mədrəsə ərəb dilində “tədris müəssisəsi, məktəb” mənasındadır. Keçmişdə Mədrəsə kəndinin ətrafı, oradakı Cümə məscidinin malikənəsi vəqf torpağı olmuşdur.

 

Əd.: Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı, “Şərq-Qərb”, 2007, s. 101

 

 

33 MƏLCƏK Şamaxı rayonu Mirikənd i.ə.d.-də kənd. Dağatəyi ərazidədir. Əhalisi 487 nəfərdir (2009), 94 təsərrüfatı var. Yaşayış məntəqəsi 19 əsrdə Cavad qəzasında yaşayan qaravəlli Vahid bəy adlı elatın (52 ailə) Məlcək adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Məlcək türkdilli xalqların toponomiyasında “sığınacaq” mənasında işlənmişdir.

 

Əd.: Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı, “Şərq-Qərb”, 2007, s. 102

 

34 MƏLHƏM Şamaxı rayonu Məlhəm i.ə.d.-də kənd. Rayon mərkəzindən 8 km şimalda, dağ ətəyindədir. Əhalisi 1392 nəfər, təsərrüfatlarının sayı 414-dür (2009). Taxılçılıq və heyvandarlıqla məşğuldur. Tam orta məktəb, klub, kitabxana, tibb məntəqəsi var. Böyük Vətən müharibəsində həlak olmuş həmyerlilərin şərəfinə abidə qoyulmuşdur.

“Məlhəm” sözünün etimologiyası barədə müxtəlif mülahizələr mövcuddur. Mənbələrdən məlum olduğuna görə, Xaqaninin əmisi Kafiəddin Ömər ibn Osman hələ 12 əsrdə Məlhəm ərazisində stasionar müalicəxanası olan “Tibb mədrəsəsi” (“Mədrəseyi tibb”) açmışdı. Xalq etimologiyasına görə o dövrdə yaranmış yaşayış məntəqəsinin adı da bununla bağlıdır (məlhəm-dərman deməkdir). Məlhəm ərazisində e.ə. 1 minilliyin sonundan başlayaraq orta əsrlərədək müxtəlif tipli arxeoloji abidələr mövcuddur.

 

Əd.: Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı, “Şərq-Qərb”, 2007, s. 102

 

35 MƏLİKÇOBANLI Şamaxı rayonu Məlikçobanlı kənd i.ə.d.-nin mərkəzi. Zoğalava çayının sahilində, dağ ətəyindədir. Əhalisi 1882 nəfərdir (2009), 347 təsərrüfatı var. Yaşayış məntəqəsi keçmişdə Göyçay qəzasında maldarlıqla məşğul olmuş məlikçoban (və yaxud məlikçobanlı) elatına mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır.

 

Əd.: Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı, “Şərq-Qərb”, 2007, s. 102

 

36 MƏRZƏNDİYƏ Şamaxı rayonu Mərzəndiyyə kənd i.ə.d.-nin mərkəzi. Əhalisi 1026 nəfərdir (2009), 169 təsərrüfatı var.
37 MİRİKƏND Şamaxı rayonu Mirikənd kənd i.ə.d.-nin mərkəzi. Ləngəbiz silsiləsinin Şm.-ş ətəyindədir. . Əhalisi 799 nəfərdir (2009), 170 təsərrüfatı var.

Kəndin adı burada məskunlaşmış qaravəlli tayfasına mənub bir qrup ailələrin başçısı olmuş Miri adlı şəxsin adı ilə bağlıdır.

 

Əd.: Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı, “Şərq-Qərb”, 2007, s. 111

 

38 MUĞANLI Şamaxı rayonu Muğanlı kənd i.ə.d.-nin mərkəzi. Dağətəyi ərazidədir .Şamaxı şəhərindən 12 km məsafədə yerləşir. Əhalisi 1061 nəfərdir (2009), 240 təsərrüfatı var. Türkdilli Azərbaycan tayfası olan muğanlıların adı ilə bağlıdır. Muğanlı tayfa adı 16 əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeydə alınmış muğanlılar 19 əsrin əvvəllərində 8 tirədən ibarət olmuşlar. Tayfa vaxtilə Muğan düzündə yaşadığına görə bu adla tanınmışdır.

 

Əd.: Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı, “Şərq-Qərb”, 2007, s. 119

 

39 NAĞARAXANA Şamaxı rayonu Nağaraxan kənd i.ə.d.-nin mərkəzi. Yaşayış məntəqəsi 19 əsrin ikinci yarısında Rusiyanın köçürmə siyasəti ilə əlaqədar rus kəndlilərinin Azərbaycanda yerləşdirilməsi nəticəsində Nağaraxana adlı yerdə salınmış və Madiyevka adlandırılmışdı. Sovet hakimiyyəti illərində dövlət xadimi S.M.Kirovun şərəfinə kəndə Kirovka adı verilmişdır. 5 oktyabr 1999 ildən adı dəyişdirilərək Nağaraxana adlandırılmışdır. Rayon mərkəzindən 14 km şimalda, Şamaxı—Dəmirçi avtomobil yolu kənarında, orta dağlıq qurşaqdadır. Әhalisi 864 (2009) nəfərdir, 212 təsərrüfatı var. Tam orta və ibtidai məktəb, klub, kitabxana, kinoqurğu, tibb məntəqəsi var. İkinci Dünya müharibəsində həlak olmuş həmyerlilərin şərəfinə abidə qoyulmuşdur.

ASE, V cild, Bakı,1981

40 NÜYDİ Şamaxı rayonu Çarhan i.ə.d.-də kənd. Ləngəbiz silsiləsinin ətəyindədir. Əhalisi 630 nəfərdir (2009), 113 təsərrüfatı var. Kəndin adı tat dilindəki nüy (yeni, təzə) və di (kənd) sözlərindən düzəlib, “yeni kənd” mənasındadır. Yaşayış məntəqələri köhnə kənd yerlərinin yaxınlığında olduğu üçün belə adlandırılmışdır.

 

Əd.: Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı, “Şərq-Qərb”, 2007, s. 140

 

41 OVÇULU Şamaxı rayonu Ovçulu kənd i.ə.d.-nin mərkəzi. Şamaxı r-nunun Bağırlı i.ə.v.-də kənd. Ləngəbiz silsiləsinin yamacındadır. Əhalisi 1127 nəfərdir (2009), 249 təsərrüfatı var. Yaşayış məntəqəsinin adı ovçulu tayfasının adı ilə bağlıdır. Tayfaya məxsus bir qrup ailə 19 əsrin sonlarında Cavad qəzasında maldarlıqla məşğul olmuşdur. Müxtəlif mənbələrdə Ovçalu, Ovcullu, Ovçular variantlarında da qeydə alınmışdır.

 

Əd.: Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı, “Şərq-Qərb”, 2007, s. 148

 

42 PİRBƏYLİ Şamaxı rayonu Qızmeydan i.ə.d.-də kənd. Dağətəyi ərazidədir. Əhalisi 184 nəfərdir (2009), 38 təsərrüfatı var. Yaşayış məntəqəsi pirbəyli nəslinə mənsub ailələr tərəfındən salındığı üçün həmin nəslin adını daşıyır.

Əd.: Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı, “Şərq-Qərb”, 2007, s. 157

 

43 QALADƏRƏSİ Şamaxı rayonu Qaleybuğurd i.ə.d.-də kənd. Qala çayının (Ağsu çaynın qolu) sahilində, dağətəyi ərazidədir. Əhalisi 143 nəfərdir (2009), 36 təsərrüfatı var. Söz “Qala çayının dərəsi” mənasındadır.

 

Əd.: Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı, “Şərq-Qərb”, 2007, s. 11

 

44 QALEYBUĞURD Şamaxı rayonu Qaleybuğurd i.ə.d.-nin mərkəzi. Rayon mərkəzindən 20 km şimal-qərbdə, Ağsu çayının sağ sahilində, Niyaldağ silsiləsinin ətəyindədir. Әhalisi 801 (2009) nəfərdir, 192 təsərrüfatı var. Tam orta məktəb, kitabxana, klub, tibb məntəqəsi var. Yaxınlığmdakı qədim Buğurt (Qalaye-Buğurd) qalasının adını daşıyır. Yazılı mənbələrdə adı ilk dəfə 13 əsrdən məlumdur. Qalanın özü isə arxeoloji qazmtılara görə, 11 əsrdən mövcuddur. Buğurd qalasını 1538 ildə Səfəvi hökmdarı I Təhmasib dağıtmışdır. Qala öz adını Buğur (Bukur) dağının adından almışdır ki, bu da qədim türk dillərindəki buqur (qozbel) sözündəndir. Buqurdağ “qoz- bel dağ” mənasım verir. Sonralar danışıqda buqur sözünə t səsi əlavə olunmuşdur. 13 əsr müəllifı Zəkəriyyə Qəzvini qalanın adını Biqur kimi qeydə almışdır. S.Ə.Şirvaninin söylədiyinə görə, bu qalanın əsası hələ ilk Şirvanşahlar tərəfındən qoyulmuşdur. Qala keçmişdə əhali arasında Qız qalası da adlanmışdır. Beləliklə, qalaya dağın adı verilmişdir. H.Ciddi bu adın türk dillərindəki berkut (qartal) quşınun adından olduğunu göstərmişdir. Lakin qala qədim mənbələrdə Boykur formasında olmuşdur. Deməli, d səsi sonralar danşıqda əlavə olunmuşdur. Əslində isə dağın adı başqa türk dillərindəki buxur/bokur sözündəndir ki, bu da “dağ çıxıntısı” deməkdir. Belə ki, qala 16 əsrdə dağıdıldıqdan sonra əhalisi səpələnmiş və bir hissəsi indiki Göyçay r-nundakı Bığır (bukur sözündən təhrif) kəndinin əsasını qoymuşdur.

 

Əd.: Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı, “Şərq-Qərb”, 2007, s. 12

 

45 QARAVƏLLİ Şamaxı rayonu Mirikənd i.ə.d.-də kənd. Ləngəbiz silsiləsinin ətəyindədir. Əhalisi 1143 nəfərdir (2009), 278 təsərrüfatı var. Əhalisi əsasən maldarlıq və əkinçiliklə məşğuldur.Keçmiş adı Qaravəlli Qambay bəy olmuşdur. Qambay bəy adlı birisinə mənsub qaravəlli ailələri 19 əsrin 80-ci illərində Daştulan adlı yerdə oturaqlaşaraq kənd salmışlar. Kənd tayfanın adını daşıyır.

 

Əd.: Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı, “Şərq-Qərb”, 2007, s. 36

 

46 QIZMEYDAN Şamaxı rayonu Qızmeydan kənd i.ə.d.-nin mərkəzi. Rayon mərkəzindən 30 km şimal-şərqdə, Qozluçayın sağ sahilindən 3 km aralı, Qızmeydan platosundadır. Şose yolu Qızmeydanı Şamaxı ilə birləşdirir. Əhalisi 1114 nəfərdir (2009), 258 təsərrüfatı var. Əhalisi taxılçılıq və heyvandarlıqla məşğuldur. Məişət xidməti obyektləri, tam orta məktəb, kitabxana, klub, xəstəxana və rabitə şöbəsi var.İkinci Dünya müharibəsində həlak olmuş həmyerlilərin şərəfinə abidə qoyulmuşdur. Yaxınlığında mineral bulaq var.

Müəyyən müddət adı Astraxanka olmuşdur. Çar hökumətinin Rusiyanın mərkəzi quberniyalarından müxtəlif dini təriqət nümayəndələrini (molokan, baptist, duxobor və b.) milli ucqarlara, o cümlədən Azərbaycana köçürmə siyasəti ilə əlaqədar 1849 ildə Həştərxan vilayətindən köçüb gələnlər burada məskən salmışlar. Astraxanka – “Həştərxandan gələnlər” mənasındadır.

 

Əd.: ASE, I cild, Bakı, 1976, s.446

Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı, “Şərq-Qərb”, 2007, s. 50

 

 

47 QONAQKƏND Şamaxı rayonu Qonaqkənd kənd i.ə.d.-nin mərkəzi. Cabam yaylasının şm.-ş. ətəyindədir. Əhalisinin sayı 829 nəfərdir (2009), 166 təsərrüfatı var. 19 əsrin əvvəllərində Quba xanı Şeyxəlixan (1791-1810) dövründə, onun zülmünə dözməyən Qonaqkənd kəndindən bir qrup ailənin köçüb məskunlaşması nəticəsində yaranmışdır. Yeni yaşayış məntəqəsinə də Qonaqkənd adı verilmişdir.

 

Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı, “Şərq-Qərb”, 2007, s. 64

 

48 QURDTƏPƏ Şamaxı rayonu Qurdtəpə kənd i.ə.d.-nin mərkəzi. Əhalisi 804 nəfərdir (2009), 139 təsərrüfatı var.
49 QUŞÇU Şamaxı rayonu kənd i.ə.d.-nin mərkəzi. Rayon mərkəzindən 26 km cənub-şərqdə, Pirsaat çayından 8 km, Bakı—Şamaxı şose yolundan 12 km aralı, Ləngəbiz silsiləsinin yamacındadır. Әhalisi 3681 (2009) nəfərdir, 558 təsərrüfatı var. Tam orta və ibtidai məktəb, kitabxana, tibb məntəqəsi, kənddən 2—3 km cənub-qərbdə qədim yaşayış yeri (e.ə. I minilliyin sonu, eramızın I minilliyi) var. Eyniadlı palçıq vulkanı kəndin yaxınlığındadır. Kəndin adı türkdilli quşçu tayfasının adı ilə bağlıdır. Tədqiqatçıların fikrincə, Azərbaycan ərazisində bu tayfanın məskunlaşması nəticəsində yaranmış bir neçə toponim var. 19 əsrdə Qafqazda quş komponentli 38 toponim qeydə alınmışdır. Bu toponimlərin erkən orta əsrlərdə meydana çıxması güman olunur.

 

Əd.: ASE, III cild, Bakı, 1979, s.290

Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı, “Şərq-Qərb”, 2007, s. 64

 

50 SABİR Şamaxı rayonu Sabir i.ə.d.də qəsəbə. Rayon mərkəzindən 7 kmcənub-şərqdə, Pirsaat çayının sahilində, Ləngəbiz silsiləsinin ətəyindədir. Әhalisi 3702 (2009) nəfərdir, 546 təsərrüfatı var. Doqquzillik məktəb, mədəniyyət evi, kitabxana, xəstəxana var. Yaşayış məntəqəsi 1960 ildə üzümçülük sovxozunun təşkil edilməsi ilə əlaqədar orada çalışan fəhlələr üçün salınmışdır. Qəsəbə Azərbaycan şairi Mirzə Ələkbər Sabirin (1862-1911) şərəfınə adlandırılmışdır.

 

Əd.: Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı, “Şərq-Qərb”, 2007, s. 168

 

51 SABİRLİ Şamaxı rayonu Çarhan i.ə.d.-də kənd. Ləngəbiz silsiləsinin ətəyindədir. Əhalisi 380 nəfərdir (2009), 61 təsərrüfatı var. Keçmiş adı Osmanbəyli olmuşdur. Yaşayış məntəqəsinin ərazisi vaxtilə Şahbaz bəy adlı şəxsə məxsus olduğı üçün bir müddət Şahbazbəyli, 1930-56 illərdə isə Azərbaycan KP MK-nın birinci katibi olmuş M.C.Bağırovun şərəfınə Bağırovka adlanmışdır. 1956 ildən kənd şair M.Ə.Sabirin adını daşıyır. Ərazidə eyniadlı palçıq vulkanı da mövcuddur.

 

Əd.: Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı, “Şərq-Qərb”, 2007, s. 168

 

52 SƏFALI Şamaxı rayonu Dəmirçi i.ə.d.-də kənd. Sərdəxana platosunun q.-ində, Pirsaat çayının sahilindədir. Əhalisi 134 nəfərdir (2009), 31 təsərrüfatı var. Keçmiş adi Zarat olmuşdur. Dağ sürüşməsi nəticəsində kənd başqa əraziyə köçürülmüş, lakin bir müddətdən sonra əhali yenidən əvvəlki yaşayış məntəqəsinə qayıtmışdır. Kəndin adı onun gözəl təbiəti ilə bağlı yaranmışdır

 

Əd.: Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı, “Şərq-Qərb”, 2007, s. 183

 

53 SAQİYAN Şamaxı rayonu Saqiyan kənd i.ə.d.-nin mərkəzi. Rayon mərkəzindən 18 km qərbdə Ləngəbiz silsiləsindədir. Әhalisi 646 (2009) nəfərdir, 145 təsərrüfatı var. Tam orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, doğum evi var. İkinci Dünya müharibəsində həlak olmuş həmyerlilərin şərəfinə abidə qoyulmuşdur. Yaşayış məntəqəsi ərazidəki şirin sulu axarsız kiçik göl ilə əlaqədar adlandırılmışdır. Türk dillərindəki saqa (çayın mənsəbi, su olan yer) və yan (kənar, sahil) komponentlərindən düzəlib, “suyun sahili, kənarı” mənasındadır.

 

Əd.: Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı, “Şərq-Qərb”, 2007, s. 170

 

54 ŞAMAXI Ş. Azərbaycanda şəhər. Eyniadlı inzibati rayonun mərkəzidir. Bakıdan 118 km aralıdır. Kürdəmir dəmiryol stansiyasından (Bakı-Tbilisi dəmiryolu) 72 km şm.-ş.-də, Bakı-Qazax avtomobil yolu kənarında, Baş Qafqaz silsiləsinin c.-ş. ətəklərindədir. Azərbaycanın ən qədim şəhərlərindən biridir. Yaşayış məntəqəsi haqqında antik dövr, ərəb, fars, türk, erməni, gürcü, həmçinin orta əsr Avropa müəllifləri məlumat verirlər. Şəhərin adı ilk dəfə yunan alimi Klavdi Ptolomeyin (2 əsr) “Coğrafı təlimnamə” əsərində Samexeya və ya Kamexeya formasında çəkilib, Şamaxı adının mənası haqqında müxtəlif fıkirlər mövcuddur. Bəzi tədqiqatçılar toponimin antik mənbələrdə (Plini) kamak, qədim erməni mənbələrində (5-7 əsrlər) ijemax kimi qeyd edilmiş tayfa adı ilə bağlılığı fikrini irəli sürmüşlər. Qaraqalpaklarda şamak, qazaxlarda şamakey, türkmənlərdə şamax, qırğızlarda şameke və b. tayfa adları göst ki, kamak və ijemax yerli şamake etnoniminin bir qədər təhrif olunmuş formasıdır. Orta Asiya ərazisində erkən orta əsrlərə aid Şirvan ve Şamaxı adlı qalaların xarabalıqları var.

 

Əd.: Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı, “Şərq-Qərb”, 2007, s. 206

 

55 ŞƏHRİYAR q. Şamaxı rayonu Şəhriyar qəsəbə i.ə.d.-nin mərkəzi. 1931 ildə Lenin adına sovxoz adı ilə yaranmışdır. Həmin ildən təsərrüfatda sürətlə üzümçülük inkişaf etmişdir. Üzümlüklərin ümumi sahəsi 2422 ha. çatdırılmışdır. Dünya şöhrətli “Mədrəsə”, “Şirvanşahı”, “Şamaxı mərəndisi”, “Qara mərəndi”, “Qızılı mərəndi” sortları bu torpaqda yaranmışdır. Sovxozun üçümçülərindən 4 nəfərinə Sosialist Əməyi Qəhrəmanı adı verilmiş, 18 nəfəri isə Lenin ordeni ilə təltif olunmuşlar. Sovxozda yerli üzüm sortlarından hazırlanan “Kaqor”, “Şamaxı” şərabları 2 dəfə Ümumdünya və Ümumittifaq sərgilərinin qızıl, 3 dəfə gümüş medalına layiq görülmüzdür. “Mədrəsə”, “Mədrəsəli”, “Qarayeri”, “Qırmız Azərbaycan”, “Dəllər” şərabları sovxoz şərabçılarının məhsulu idi.

Lenin adına sovxoz 1992 ildə Nadir Məmmədov (vaxtilə sovxozun direktoru olub) adına sovxoz, 1998 ildən isə Şəhriyar qəsəbəsi adlandırıldı. Sovxozda iki uşaq bağçası, tam orta məktəb, klub, kitabxana, mədəniyyət evi, Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialı, FHN-in Mülkü-Müdafiə Qoşunlarının Şamaxı taboru yerləşir.

 

Əd.: N.Məmmədov “Milyonçu sovxoz”, Bakı, Azərbaycan Dövlət Nəşriyatı, 1976

 

56 ŞƏRƏDİL Şamaxı rayonu Şərədil kənd i.ə.d.-nin mərkəzi. Ləngəbiz silsiləsindədir. Əhalisi 577 nəfərdir (2009), 147 təsərrüfatı var. Kənddə beşulduzlu “Şamaxi Palace Platinum By Rixos” oteli fəaliyyət göstərir.Şoradil variantında da qeydə alınmışdır. Kənd eyniadh yaylanın adını daşıyır. Yaylanın adı isə şora (şoranlaşmış) və dil (quru torpaq zolağı) komponentlərindən düzəlib, “şoranlaşmış quru torpaq zolağı” mənasındadır.

 

Əd.: Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı, “Şərq-Qərb”, 2007, s. 214

 

57 ŞİRVAN Şamaxı rayonu Saqiyan i.ə.d.-də kənd. Ləngəbiz silsiləsindədir. Əhalisi 412 nəfərdir (2009), 88 təsərrüfatı var. Kənd 19 əsrdə Cənubi Azərbaycanın Xoy mahalından gələnlər tərəfındən salındığı üçün əvvəllər Xoylu adlanırdı. Sovet dövründə bir müddət erməni yazıçısı A.M.Şirvanzadənin familiyasını daşımışdır. 1992 ildə kəndə Xoylu adı qaytarıldı. 1994 ildən isə kəndə yerləşdiyi Şirvan mahalının adı verilmişdir.

 

Əd.: Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı, “Şərq-Qərb”, 2007, s. 220

 

58 SİS Şamaxı rayonu Qaleybuğurd i.ə.d.-də kənd. Pirqulu dağının c.-q. yamacında yerləşir. Əhalisi 348 nəfərdir (2009), 79 təsərrüfatı var. Kəndin adı yaxınlıqdakı Sisdağın adından yaranmışdır.

 

Əd.: Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı, “Şərq-Qərb”, 2007, s. 191

59 TALIŞNURU Şamaxı rayonu Talışnuru kənd i.ə.d.-nin mərkəzi. Qızmeydanı platosundadır. Əhalisi 317 nəfərdir (2009), 77 təsərrüfatı var. Keçmiş adı Kiçik Avaxıl olmuşdur. Talış və Nuru sözlərindən ibarətdir. Yaşayış məntəqəsi 19 əsrdə Cavad qəzasında yaşamış 63 tüstüdən ibarət talış tayfasına mənsub bir qrup ailənin yaylaq yerində məskunlaşması nəticəsində yaranmışdır. Nuru tayfa başçısının adıdır.

 

Əd.: Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı, “Şərq-Qərb”, 2007, s. 231

60 YENİKƏND Şamaxı rayonu Göylər i.ə.d.-də kənd. Ləngəbiz silsiləsinin ətəyindədir. Əhalisi 180 nəfərdir (2009), 40 təsərrüfatı var.

 

61 YUSİF MƏMMƏDƏLİYEV q. Şamaxı rayonu Avaxıl i.ə.d.-də qəsəbə. Niyaldağ silsiləsinin ətəyindədir. Əhalisi 41 nəfərdir (2009), 6 təsərrüfatı var. Yaşayış məntəqəsi Şamaxı Astrofızika Rəsədxanasının işçiləri üçün salınmış, görkəmli Azərbaycan alimi, kimyası, akademik Yusif Məmmədəliyevin (1905-61) şərəfınə adlandırılmışdır.

 

Əd.: Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı, “Şərq-Qərb”, 2007, s. 288

62 ZARAT – XEYBƏRİ Şamaxı rayonu Dəmirçi i.ə.d.-də kənd. Pirsaat çayının sahilində, dağətəyi ərazidədir. Əhalisi 233 nəfərdir (2009), 40 təsərrüfatı var. Keçən əsrin əvvəllərində Şamaxı qəzasında Zarat sözü ilə bağlı Zarat Bahadərəsi, Birinci Zarat (Zarat Xeybəri), İkinci Zarat adlı üç kənd qeydə alınmışdır. Xeybəri komponenti Zarat adlı bu kəndləri bir-birindən fərqləndirmək üçün artırılmışdır. 1933 ildə kəndin adı Zarat Xeybərli kimi qeyd edilmişdir. Xeybəri mənşəcə ərəb tayfalarından birinin adıdır. Tarixi mənbələrin məlumatına görə, Xəlifə Ömər dövründə (634-644) xeybərlər öz doğma yerlərindən qovulmuşdular. Görünür, Azərbaycanda məskunlaşmış ərəblərin tərkibində xeybərlər də olmuşdur. Xeybər Ərəbistanda Mədinə ilə Dəməşq arasındakı vadinin adıdır. Iranda Xeybər adlı kənd, Əfqanıstanda isə aşırım var.

Əd.: Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı, “Şərq-Qərb”, 2007, s. 292

63 Yeni Qızmeydan  Pirsaat çayının sol qollarından olan Yapalaq çayının başlanğıc sahəsində, Qızmeydan platosunda yerləşir. Kənd vaxtilə Astraxanka adlı rus kəndindən çıxmış ailələr tərəfindən Şirəlibəy mülkündə bina edilmişdir. Qızmeydan yaylasında yerləşən Astraxanka (indi Qızmeydan) kəndindən çıxmış ailələr tərəfindən yeni kənd salındığına görə, Novoastraxanka adı verilmişdir. Hazırda bu kənd Yeni Qızmeydan adlanır.

Əd.: N.Bəndalıyev “Dağlıq Şirvanın toponomiyaları”, Bakı, “Elm”, 2009, s.123

Ətraflı oxu

Şamaxı qalaları

Gülüstan-qalası-1

Şamaxı qədim və orta əsrlər tarixi dövründə özünün bir çox abidələri ilə, o cümlədən qalaları ilə tanınmışdır. Müxtəlif tarixi dövrlərdə inşa olunan bu qalalar Şamaxı tarixinin canlı şahidi kimi çıxış edir. Burada bütün respublika miqyasında tanınan qalalarla yanaşı, yerli əhəmiyyət daşıyan, eyni zamanda hələ də tədqiqini gözləyən qalalar da mövcuddur. Təsadüfi deyil ki, Şamaxı ərazisinin hər guşəsində zəngin mədəniyyət qalıqlarına rast gəlmək olur.

Ətraflı oxu