(15.12.1909, Bakı yaxınlığındakı Əmircan k.- 14.10.1974, Moskva; Əmircanda dəfn edilmişdir) – Azərb. rəssamı, müasir Azərb. boyakarlıq sənətində mənzərə janrının yaradıcılarından biri. Azərb. SSR xalq rəssamı (1963). Azərb. SSR Dövlət mükafatı laureatı (1972). Azərb. Rəssamlıq Məktəbində (1927-31) və V.İ. Surikov ad. Moskva Dövlət Rəssamlıq İnstitutunda (1933-1940) təhsil almışdır.
Təhsildən qayıtdıqdan sonra tarixi mövzular və tarixi şəxsiyyətlərin təsviri (“Babək üsyanı”, “Fətəli xan”, “Xəttat Mir Əli” və s.) yaradıcılığında əsas yer tutmuşdur. Müharibədən sonrakı illərdə o, mənzərə janrında daha bitkin əsərlər yaratmışdır. 1946-47 illərdə respublika bədii sərgilərində Abşeron etüdləri (“Buzovnada neft mədənləri”, “Əmircan” və s.) nümayiş etdirilmişdir. “Bakıda atəşfəşanlıq” (1947), “Qudyalçay sahili”, “Qudyalçay vadisi”, “Qızbənövşəyə gedən yol” (1953), “Doğma düzənliklər” (1955), “Yuxarı Daşaltı” (1955), “Yaşıl xalça”, “Cıdır düzü” (1957) və s. mənzərələrində tədricən rəng palitrasını zənginləşdirmiş, tablolarında koloritin dekorativliyinə nail olmuşdur. “Neft Daşları” mənzərə silsiləsi Xəzərdə salınmış əfsanəvi neft şəhəri haqqında poetik təsəvvür yaradır. Rəssamın gərgin yaradıcılıq axtarışlarının məhsulu olan “Xəzər üzərində axşam” (1958), “Xəzər gözəli” (1960), “Əbədi məşəllər” (1963), “Kəpəzin göz yaşları” (1965), “Vətənimin baharı” (1967), “Azərbaycan nağılı” (1970), “Suraxanı atəşgahı” (1970), “Əfsanəvi torpaq” (1971), “Şahnabat” (1973), “Naxçıvan. Axşamçağı Ordubad bağlarında” (1974) və s. əsərlərində doğma torpağa, zəhmət adamlarına məhəbbət motivləri başlıca yer tutur. “Torpağın arzusu” (1964), “Nağıl”, “Abşeron tacı” (1970) və s. tablolarında Abşeron təbiətinin özünəməxsus təsvirini vermişdir. Orijinal üslubu ilə seçilən mənzərələrində poetik əhval və kompozisiya quruluşu, kolorit gözəlliyi güclüdür. Əsərlərində real mənzərə motivləri rəssam təxəyyülünün məhsulu olan şərti təsvir formaları ilə əlaqələndirilir. Mənzərələrinin koloritində açıq rənglərin vəhdəti (ağ, mavi, çəhrayı, yaşıl və s.) əsas yer tutur. 1964 ildə Praqada rəssamın qrafika əsərlərindən ibarət fərdi sərgisi təşkil olunmuşdur. Əsərləri respublika, ümumittifaq, həmçinin Əlcəzair, Misir, Livan, Suriya, Tunis, Norveç, Almaniya, Çexiya, Slovakiya, Bolqarıstan, Macarıstan, Rumıniya, İraq, Kuba, Kanada, Belçika, Fransa, Yaponiya və s. ölkələrdə nümayiş etdirilmişdir.
1987 ildə Bakıda şəxsi kolleksiyalarda olan əsərlərindən ibarət sərgi açılmışdır. Bir sıra tabloları ABŞ-da nümayiş etdirilmişdir (1994). Əsərləri Azərb. Milli İncəsənət Muzeyində, Azərb. Dövlət Rəsm Qalereyasında, Moskva və s. şəhərlərin muzeylərində, eləcə də şəxsi kolleksiyalarda saxlanılır. Əmircan qəs.-ndə rəssamın xatirə muzeyi, Bakıda adına küçə və sərgi salonu var. YUNESKO-nun qərarı ilə yüz illik yubileyi keçirilmişdir (2009).
Səttar Bəhlulzadə öz yaradıcılığı boyu Şamaxı mövzusuna (“Şamaxı ətrafı” (1964), “Şamaxı motivi” (1966), “Dədəgünəş” (1972), “Şamaxı dağları” (1972), “Qədim Şamaxı” (1971), “Şamaxı üzümlükləri”) dəfələrlə müraciət etmişdir.
Əd.: Azərbaycan Milli Ensiklopediyası, 3 cild, Bakı, 2011, s.549-550