(18.2.1955, Naxcıvan MR, Şahbuz r-nunun Aşağı Qışlaq k.) – Azərbaycan astrofiziki, fizika üzrə elmlər doktoru (2004), Azərbaycan MEA-nın müxbir üzvü (2007). Azərbaycan Dövlət Universitetini bitirmişdir. Azərbaycan EA Şamaxı Astrofizika Rəsədxanasının Batabat bölməsində laborant və kiçik elmi işçi, Bakı şəhərində Kosmik Tədqiqatlar Elmi-İstehsalat Birliyində kiçik elmi işçi, elmi işçi, Azərbaycan EA Şamaxı Astrofizika Rəsədxanasında elmi katib, SSRİ EA Yer Maqnetizmi, İonosfer və Radio Dalğaların Yayılması İnstitutunda elmi işçi, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışmışdır. 2004 ildən Şamaxı Astrofizika Rəsədxanasında Günəş və Günəş-Yer əlaqələri şöbəsinin müdiri işləmişdir. Hazırda eyni zamanda bu müəssisənin direktoru vəzifəsini icra edir. Tədqiqat sahəsi kosmik plazmada (Günəş, ulduz və heliosfer plazmalarında) maqnit-dinamik proseslərin nəzəri tədqiqinə həsr olunmuşdur. 120-dən çox elmi işin müəllifidir. Prof. J.Staude (Almaniya) ilə birgə “Günəşin qlobal tərəddüdləri“ adlı monoqrafiyası nəşr olunmuşdur.
Məlumat N.Cəlilovdan alınmışdır.