(?-?) – Şirvanşah [1196/97-1200/01], III Mənuçöhrün oğlu. Kəsranilər sülaləsindən idi. Şamaxıda zəlzələ vaxtı I Axsitanın arvadı və uşaqları həlak olduğundan, varis qalmadığı üçün taxta onun qardaşı I Şahənşah çıxdı. Altıağac kəndindən tapılmış iki dəfinədə Şirvanşah Şahənşahın adından zərb edilmiş azacıq gümüş qarışığı olan mis sikkələr aşkar olunmuşdur. Üz tərəfində dini rəmz və xəlifə ən Nasir-lidin-Allahın adı, habelə Qurandan parçalar, əks tərəfində isə “Məhəmməd rəsulillah, əl-məlik əl-müəzzəm, Şahənşah, ibn Mənuçöhr Şirvanşah” sözləri həkk olunmuşdur. Şahənşahın hökmranlığı uzun sürməmiş, özündən sonra sikkələrdən başqa heç bir abidəsi qalmamışdır.
Əd.: S.Aşurbəyli “Şirvanşahlar dövləti”, Bakı, “Avrasiya Press”, 2006, s. 170-171