ÇERNYAYEVSKİ Aleksey Osipoviç
(1840, Şamaxı – 14.12.1894, Tiflis) – Azərbaycan maarifçisi, pedaqoq-metodist. Әmək fəaliyyətinə kənd poçtunda (1857) başlamış, 1866 ildə Mərəzə kəndində ilk xalq məktəbi yaratmış, Qori seminariyası Azərbaycan şöbəsinin ilk inspektoru (1879-1893) olmuşdur. K. D. Uşinskinin mütərəqqi pedaqoji ideyalarının Azərbaycanda ilk davamçılarından biri, Şərqdə səs (sövti) üsulu ilə yazılmış ilk “Vətən dili” (Azərbaycan dilində 1882; eyni adlı əsərin 2-ci hissəsini 1888 ildə S. Vəlibəyovla birlikdə) və “Rus dili” (1883) dərsliklərinin müəllifidir.