(1840, Şamaxı – 14.12.1894, Tiflis) – Azərbaycan maarifçisi, pedaqoq-metodist. Әmək fəaliyyətinə kənd poçtunda (1857) başlamış, 1866 ildə Mərəzə kəndində ilk xalq məktəbi yaratmış, Qori seminariyası Azərbaycan şöbəsinin ilk inspektoru (1879-1893) olmuşdur. K. D. Uşinskinin mütərəqqi pedaqoji ideyalarının Azərbaycanda ilk davamçılarından biri, Şərqdə səs (sövti) üsulu ilə yazılmış ilk “Vətən dili” (Azərbaycan dilində 1882; eyni adlı əsərin 2-ci hissəsini 1888 ildə S. Vəlibəyovla birlikdə) və “Rus dili” (1883) dərsliklərinin müəllifidir.
Azərbaycanda ziyalı (xüsusən müəllim) kadrlarının hazırlanmasında (F. Köçərli, R. Әfəndiyev, M. Mahmudbəyov, T. Bayraməlibəyov, S. Vəlibəyov, S. Axundov, C. Məmmədquluzadə, N. Nərimanov və b.) xidməti olmuşdur. Çernyayevskinin pedaqoji təcrübəsindən müasir dövrdə ibtidai sinif dərsliklərinin tərtibində istifadə edilir. İ. Şıxlının “Dəli Kür” romanında Çernyayevskinin obrazı yaradılmışdır.
Əd.: ASE, X cild, Bakı, 1987, s. 318-319