“Şirvan ədəbi mühiti”- dedikdə, onu əlahiddə bir ada kimi deyil, Şimallı-Cənublu Ümumazərbaycan kontekstində, özünəməxsus keyfiyyətləri üzə çıxarmaq istəmişik. Şirvan tarix boyu özünün Söz sərvətilə tanınıb. Bütün sənətlərdə olduğu kimi, ədəbiyyatda da peşəkar və həvəskar səviyyələri var. Peşəkar dedikdə, heç də, işi-peşəsi ancaq yazmaq olan adamları yox, sözə həssas, yaradıcılıq qüdrəti uca olan sənətkarları düşünürük. Biz, şeirinin cövhərində elm və irfan olmayan, ancaq maddi dünyanın həzz və iztirablarını korşalmış naşı qələmiylə yazan həvəskar səviyyəli şairləri 1000 illik ədəbi mühiti ehtiva edən bu kiçik həcmli icmalda xatırlatmamağa çalışdıq. Şirvan ərazicə o qədər geniş olmasa da, dünyaya verdiyi ruh və fikir nəhənglərinin sayı və keyfiyyətinə görə lider olaraq qalır. Yetirdiyi dahi şairlər baxımından, söz sərrafları, Şamaxını ancaq İranın Şiraz vilayətilə müqayisə edirlər. İsalamdanqabaqkı dövrlərdə Şamaxının ədəbi mühiti haqqında hələ ki, söz demək üçün əldə tutarlı faktlar yoxdur. Arxeoloji asari-əntiqə burada antik dövrdə və ilk orta əsrlərdə ticarətin və sənətkarlığın, bir sözlə, iqtisadi vəziyyətin yüksək səviyyəsindən xəbər verir. Təkcə bu fakt, Şamaxıda o vaxtlar söz və saz sənəti bazasının olduğu fikrini demək üçün kifayət edər.
654 ildə Şirvana İslamın demək olar ki, müqavimətsiz gəlməsilə əlaqədar, ərəbdilli ümumislam elm və mədəniyyətinə qovuşmaq şəraiti yarandı. Şirvanlı alim və fazillər xilafətin paytaxtına üz tutdu. Bu ənənə uzun əsrlər boyu yaşadı. Hicri-qəməri 356 (967) ildə Bağdadda 72 yaşında vəfat edən Əbül-Fərəc Əli bin əl-Hüseyn əl-Katib əl-Qüreyşi əl-İsfəhaninin (895-967) qələmə aldığı “Kitab əl-əğani” (Nəğmələr kitabı) adlı çoxcildli əsərində mahnı müəllifləri; klassik Ərəb şair, bəstəkar və musiqiçilərinə dair son dərəcə maraqlı məlumat verir. Kitabın “Əl-Xutayə və onun şəcərəsi və əz-Zibrikan ibn Bədr haqqında qoşduğu həcvin səbəbi haqqında hekayət” adlı fəsli bizim üçün çox maraq kəsb edir. Əbu-Bəkrin xəlifəliyi zamanında bədəvilər içərisindən çıxıb islamı qəbul edən şair çox yüksək sənətkarlığı ilə Ərəb şairləri içərisndən seçilir. O, əsəbiləşəndə həcvlər də deyirdi. Yəzid əş-Şammaxın qardaşı Muzarrid ibn Dirar üçün dediyi həcvində bu beyti işlədib:
Baş kəsənsənsə, qılıncım itidir,
Söz deyənsənsə, deyim mən bal ilə.
Həmtayın olamaz Həssan bin Sabit,
Seyf, Şammax, nə əl-Muhabbal ilə.
(tərcümə F.Qurbansoyundur)
beytdən məlum olur ki, Şamaxıdan çıxan sənətkarlar, hələ 1460 il əvvəl də ərəbdilli poeziya mühitinə daxil ola bilmişdilər. Dövlət quruluşu bərqərar olan məmləkətlərdə idarəedici ilə idarə olunan arasında iki müxtəlif qütb qədər fərq olur. Bütün insanlar kimi, idarəedənlərin də xoş sözə ehtiyacı olur. Hər gün eşitdiyi yaltaq sözlərinə qulağı öyrəşən hakimlər sənətkarlardan yeni, daha gözəl tərif gözləyir, xoşuna gəldiyi təqdirdə səxavətlə mükafat verirdi. “Qələmiyyə” (qələm haqqı, qonorar) bəzən o qədər yüksək olurdu ki, şairlərin özləri də bəzən buna təəccüb edirdi. İlk islam hakimi Məhəmməd (s.ə.s.) Peyğəmbər Kəəb ibn Zübeyrə öz əbasını qələmiyyə kimi verdiyi üçün, “xələt”- sözü saz və söz ustalarına çatan maddi ödəniş anlamı daşıyırdı.
Göndər gəlsin Ələsgərin xələtin,
Eyləmə əməyin zay, Sarıköynək.
İslam dininin yayıldığı geniş coğrafiya, hərbi və iqtisadi qüdrətinin günü-gündən artması, xəlifə sarayına sasani şah ənənələrini gətirməklə, islami özülü zəiflətdi. İçki məclislərinin təşkili, sazəndə və xanəndələrin xüsusi hörmətə mindirilməsi idarə edənlərlə idarə olunanlar arasında kəskin fərqləri yaratdı. Abbasi xəlifələri sarayında gecə – gündüz əmrə müntəzir olan şairlər növbə çəkirdi. Xəlifələr keyfi istəyən vaxt; yuxudan hövlnak duranda, günorta, axşam, gecə, səhərə yaxın – müddətdən asılı olmayaraq, tapşırıqla verilən hər bir mövzuya bədahətən şeir demək istedadına malik olmalıydı. Xəlifənin söz xoşuna gəlirdisə, şairin ağzını ləl-cəvahirat, ya da qızıl dinarlarla doldururdu. O zamandan “ağzından ləl-cəvahirat tökülür” ifadəsi bəlağətli söz deyənlərə şamil edilib.
Şirvanda da ədəbi mühit tərəqqi edirdi. 10 əsrdə Şamaxıda doğulmuş şairlərdən RUHİ ŞİRVANİ (942-1001) yazıb-yaratmışdır.
11 əsrdə Şamaxıda dünyaya gəlmiş şairlərdən ŞEYX MƏHƏMMƏDƏLİ ƏBU ƏBDULLAH BABA KUHİ (931-1051), PİR HÜSEYN ŞİRVANİ (954-1054), ƏBU NASİR ŞİRVANİ (993-1079) yazıb-yaratmışlar.
12 əsrdə Şamaxıda doğulmuş şairlərdən İMAM ŞƏHABƏDDİN OĞLU İBN CƏHL ŞƏHABƏDDİN (1063-1138), İZZƏDDİN ƏMİR ŞİRVANİ (1120-1165), FƏRRUX ŞİRVANİ (1125-1176), XOCA İMADƏDDİN ŞİRVANİ (1164-1192), FƏTHƏLİ ŞİRVANİ (1111-1174), VƏHİDƏDDİN KAFİYƏDDİN OĞLU (1149-1178), SƏNAN ŞİRVANİ (1076-1167), ƏSİRƏDDİN ŞİRVANİ (1170-1200) yazıb-yaratmışlar.
799-1538 illər arası hakimiyyətdə olan Şirvanşahlar söz sənətinə layiqincə qiymət verirdi. Şirvanın hər yerindən, hətta Azərbaycan ərazisindəki başqa dövlətlərdən də bura istedadlı şairlər sərvət və şöhrət ardınca axışıb gəlirdi. Şirvanşahlar sarayında məlik əş-şüəra olmuş mərhum Əbül-Əla Gəncəvinin qazandığı hörmətə görə, həmyerlisi Şeyx Həkim Nizami Gəncəviyə Şirvanşahın qasid göndərib əsər sifariş verməsi təsadüfi sayılmamalıdır. Dünya ədəbiyyatının korifeyi Şeyx Həkim Nizami Gəncəvi 24 sentyabr 1188 (30 rəcəb 584) il, şənbə günü tamamladığı “Leylı və Məcnun” dastanında şirvanşah Mənuçöhr oğlu Məlik Ağsitanın (1150-1197 illərdə şah olub) səxavəti haqqında belə deyir:
Çənd an ke konəd be ruzi y xərc
Onun bir gündə xərclədiyini
Dovran nə konəd be salha dərc.
Dövran illərlə hesablaya bilməz.
Bəxşidəne-qohərəş be kil əst,
Gövhəri çanaq-çanaq bağışlayar
Təğdir ğulam xil-xil əst.
Qullarının miqdarı dəstə-dəstədir.
Zan cam ke, Cəm be xud nəbəxşid,
Cəmşidin özünə bağışlaya bilmədiyi camdan
Ruzi nə bovəd ke, səd nə bəxşəd.
Elə gün olmaz ki, yüzünü bağışlamasın.
( Nizami “ruzi” sözünün verdiyi həm bir gün, həm də ruzi mənalarını eyni zamanda işlətmişdir.-F.Q.)
Səftiyyi-cəsəd cəhan nə darəd,
Dünyada elə bir şıq geyinmiş vücud yoxdur ki,
Kəz xələti u nişan nədarəd.
Onun xələtindən onda nişan olmasın.
Ba cudəş meşk qir başəd,
Səxavəti qarşısında mişk qır kimidir,
Çini nə ke, Çin həqir başəd.
Nə çinli, Çin belə həqirdir.
(Nizami “çini” sözünün verdiyi – çinli və bahalı çini qab mənalarını eyni zamanda işlətmişdir. -F.Q.)
Girəd be cərideye-hesari,
Bir nizə ilə bir qalanı tutar,
(Hasar cərgələrini tutar mənası da var. –F.Q.)
Bəxşid be ğəsideyi-diyari.
Bir qəsidə üçün bir ölkə bağışlayar.
An feyz ke rizəd u be yek cuş
Onun bir coşmasıyla o qədər feyz süzülür ki,
Dəryaş nəyavərd dər ağuş.
Dəniz ağuşuna ala bilməz.
Zər dər dele-u pəs fərax əst,
Onun çox geniş qəlbində qızıl,
Guya nə zər əst, səngəlax əst.
Sanki qızıl deyil, çınqıl qalağıdır.
Gər hər şəh ra xəzinə xizəd,
Hər şah xəzinə yığar,
Şah ust kəz u xəzinə rizəd.
Şah odur ki, ondan xəzinə səpələnsin.
Şeyx Həkim Nizami Gəncəvi Şirvanşahın səxavət və şəfqətinə o qədər arxayın idi ki, hətta oğlu Məhəmmədi onun hüzuruna göndərmək istəyirdi. Görünür, sonra özü də Əbül-Əlanın yerinə Şirvana köçmək fikrindəydi. Saray çəkişmələrində istedadı zəif yaltaq və paxılların gələcəkdə Nizami ilə qarşıdurma təhlükəsi, Nizaminin bu planının həyata keçirməsinə mane oldu. Onu hətta Xaqani də başa düşmədi, aralarına sərinlik çökdü…
Bütün incəsənət sahələri kimi, ədəbi yaradıcılıq sənəti də dövlətin və ya dövlətlilərin qayğı, mühafizə və müdafiəsinə möhtacdır. Tarix boyu şairlərdən çox az bir qisminin özünü dolandıra biləcək başqa sənəti də olub. Əsasən yaradıcılıq və mütaliə ilə məşğul olan sənət adamlarının yaxşı yaşayıb gözəl sənət nümunələri yarada bilmələri üçün iqtidarda olan qüvvələrin nümayəndələri tərəfindən bəyənilməli idi. Şaha, onun ətrafında olan vəzifə sahiblərinə, onların yaxınlarına tərif dolu mədhlər yazılırdı. Bu mədhlər bəzən o qədər amansızlıqla şişirdilirdi ki, nəinki öyən, heç öyülən də deyilən sözün səmimiyyətinə inanmırdı. Bəs onda sual doğur: bu yalançı mədhlərsiz keçinmək olmazdımı? Mədhlər kimə və nə üçün lazımdır? Dövlətlilərə mədhnamələr iki səbəbə görə lazımdı: 1. Hər bir şəxsin xoş sözə ehtiyacı var, hakimlərdə isə bu ehtiyac daha böyükdür. Onlara elə gəlir ki, əbədidirlər, ölməyəcəklər, ömrü boyu da əldə etdikləri sərvət onları hər bir dərdü bəladan qoruyacaq. Maddi cəhətcə özündən aşağıların mənəviyyatını əzmək, onları enerji istehsal edən maşına döndərmək istəyirdilər. Belə adamlar “Kitabi-Dədəm Qorqud” dastanlarında əsir düşənləri məcbur edirdilər ki, qalib gələni tərifləsin. Məsələn, “Salur Qazan tutsaq olub oğlı Uruz çıqardığı boyu bəyan edər” boyunda deyilir ki, Təkur əsir düşən Qazan xana deyir: “Həm bizi ög, Oğızı sındırğıl, səni qoyu verəlim”- bizi təriflə, Oğuzu pislə, səni buraxaq, get.” Görəsən, Təkura tərif nəyə görə lazım imiş? Hakimiyyətdə olanlar tərif dolu sözlərin, hətta ağ yalan olduğunu bilsələr belə, yenə də mədhiyyə eşitməkdən zövq alırlar. Niyə? Ona görə ki, onlar sözün daşıdığı mənəvi bio – enerjinin hesabına sağlam qalmaq istəyindən tərif eşitməyə möhtacdırlar. Avropa nücəbaları tanınmış rəssamlara öz ailə üzvlərinin portretlərini sifariş edirdilərsə, İslam sferasında bunun əvəzində mədhnamələrdən istifadə olunurdu.
2.Yaşından və şöhrətindən asılı olmayaraq, gözəl söz deməyi bacaran şair, siyasi müstəvidə səhvlərə yol verməzsə, gələcəkdə öz şöhrətini təmin etdiyi kimi, öydüyü adamları da tanıdacaqdı. Başqa sözlə, dövlətlilər öz zamanında tanınmaq və gələcəkdə də özlərini məddah şairin şöhrəti ilə paralel olaraq tanıtmaq istəyirdi. Təsadüfi deyil ki, o qədər də şöhrəti olmayan Ərzincan hakimi Bəhram şah, bir-iki qəzəlini eşitdikdən sonra, hələ şöhrəti bilinməyən Nizami Gəncəviyə onun şərəfinə dastan yazmağı təklif edir. Şeyx Həkim Nizami Gəncəvinin ilk əsərini ona gətirəndə o qədər sevinir ki, çığıra-çığıra deyir: açın xəzinələrin qapısını, məni ölümsüz edən şairə göndərin… O vaxta qədər ən böyük qonorar bir beytə bir qızıl sikkə idisə, Nizamiyə hər misraya görə bir qızıl sikkə və əlavə olaraq, başqa müxtəlif çox dəyərli hədiyyələr də göndərirlər.
Şairlər hakim zümrələrə həsr etdikləri mədhnamələr və mərsiyələrilə, Avropada bədii xronikalar olduğu kimi, hakimlərinin ədəbi salnaməsini yazır, qələmiyyə alıb yaşayır, bunun hesabına da, əsl sənət hesab etdikləri başqa örnəkləri yaradırdılar. Uğursuz şairlərin əsas səhvi onda idi ki, hakimlərin heç vaxt əsl dostu olmaz, hikmətini bəzən unudur, hakimlərin ilıq münasibətini dostluq və yoldaşlıq kimi qəbul edirdilər. Ərklə deyilən sözləri hakimlər üzdən qəbul etsələr də, şairləri daxildən sındırmaq üçün həmişə fürsət axtarıblar. Gözlənilməz zərbədən şairlər çaşmış, bunu bədxahların quraması kimi qəbul edərək, özünü dolaşıq münasibətlər girdabına atmışlar. Xaqaninin müsibətlərinin əsas səbəbi məhz bu idi. XAQANİ ŞİRVANİ (1126-1199) nəinki Azərbaycan ədəbiyyatının, eləcə də Dünya və İslam Şərqi kontekstində bütün xalqların ən mübariz filosof şairi kimi nümunədir. O, heç kəsdən söz götürməyən, hətta yeri gələndə Şirvanşahın da sözünün üstünə söz deməyi bacaran cəsur ruhlu böyük arifdi.
MƏHƏMMƏD FƏLƏKİ ŞİRVANİ (1126-1159) Əbül Əla məktəbinin layiqli davamçısı kimi şöhrət tapmışdır. Qısa ömür yaşamasına baxmayaraq, tam olmayan divanı günümüzədək gəlib çatıb.
Avropanın indi mədəni ölkələri sayılan bir sıra məmləkətlərin cahiliyyə və antisanitariya şəraitində yaşamalarına rəğmən, səliqə-sahman, təmizlik işləri bizdə həmişə üstün olub. 12 yüzillikdə yaşayan şairlərin əsərlərində “sabun” sözünə rast gəlinir. Bu söz latın dilli elmi ədəbiyyata “sapo” şəklində düşüb və sonradan Avropa xalqları arasında yayılıb. Fələki Şirvani “sabun” sözünü bir beytində belə işlədib:
Kəfe-sabun çu təfe-xur nəkonəd camə sefid,
Kəsəre-ğərseyi-xur ğərseyi-sabun nəkonəd.
Tərcüməsi: Sabun köpüyü kirlənmiş camı ağartmır,
Sabunun kəsəri çirkin əsərini aparmır.
13 ƏSRDƏ YAŞAMIŞ ŞİRVAN ŞAİRLƏRİ. İslamdan öncəki zamanlarda Azərbaycan cəmiyyətində şairlər dominant deyildi. Ona görə də, folklor istisna olunmaqla, əldə konkret şair haqqında danışmaq üçün material yox dərəcəsindədir. Ölkəmizdə İslam bərqərar olandan sonra vəziyyət dəyişdi, xəlifələr kimi, şahlar da, şair sözünə ehtiyac duydu. Başqa hökmdarlar arasında fərqlənmək üçün qüdrətli şairinin olub-olmaması, onun haqqında hansı şairin necə yazdığı ilə öyünmək fürsəti düşdü.
12-13 yüzilliklərdə Ümumislam mədəniyyəti qanunları ilə yanaşı, milli kökənli üsul və üslublardan da istifadə etmək bu dövrdə yaşayıb-yaradan Şirvan şairləri üçün xas cəhət idi. Səlcuq-Türk dövlətlərinin meydana gəlməsi anadilli ədəbiyyatın sıçrayışlı inkişafına böyük şərait yaratsa da, hələ ki, Şirvanda inersiya ilə farsca yazırdılar. Musiqinin müşaiyətilə oxumalarda şairlərin qəzəllərindən istifadə edirdilər. Xanəndələrə “xuniyəqər” (oxuyan) deyirdilər. Oxunan şeirlərə küll halında “qaul” adı vermişdilər. İlk baxışdan sevgini tərənnüm kimi görünən şerlərin çoxu gizli rəmzi anlamlarla dini-mənqəbəvi, fəlsəfi, sosial mövzuları da əhatə edirdi. Bu dövrdə qəzəldən başqa qəsidənin MƏDHİYYƏ (hər hansı şəxsin tərifi), HƏCVİYYƏ (fərdin söyülüb yamanlanması), FƏXRİYYƏ (özünütərif), SÖVGƏNDNAMƏ (andiçmə), ŞİKAYƏTNAMƏ və ya “bass əş-şəkvə”, HƏBSİYYƏ, XAMRİYYƏ (içkinin tərifi), ƏXƏVANİYYƏ (qardaşlıq), SAQİNAMƏ kimi janrlardan geniş istifadə olunurdu. Ancaq axirəti düşünməklə irfani şeirlər, bu dünyanın iztirablarını təsvir etməklə “nigarani əz zindəgi” (həyatdan nigaran nəzm) ərsəyə gəlirdi. Oxucunun beynini məşğul etmək üçün tapmaca xarakterli LÜQƏZ, MÜƏMMA, əbcəd hesabı ilə hər hansı bir hadisənin tarixini gizli söyləyən MADDİYİ-TARİX kimi şeir janrlarından da istifadə edirdilər. Saraylarda baş şair vəzifəsi “məlik əş-şüəra” adlanırdı. Bu daimi bir vəzifə deyildi, şahların zövqünə uyğun olaraq tez-tez dəyişdirilə bilinirdi. Şairlərin deyişməsi “münazirə” adlanır. Yüksək əda ilə şeir yaratmaq “müfaxirə”, təbiətin təsvirləri “vəsfi-təbiət”, şəhərlərin təsviri “vəsfi-şəhrha”, xarabalıqların təsviri “ətlal” və ya “diman”, dəvələrin təsviri “şuturiyyə”, atların təsviri “əsbiyyə” adlanaraq müxtəlif şeir şəkillərində: rübai, qitə, müfrəd, dübeyti, qəsidə, qəzəl, tərci-bənd, tərkib-bənd, müsəmmət, müstəzad və məsnəvi kimi janrlarda mövzular öz təzahürünü tapırdı. Əgər təsvir şairin fərdi keyfiyyətləri, müsbət cəhətləri, əsil-nəcabəti haqqında olardısa, şeir “mufaxirə” adlanırdı. Aşiqlərarası münasibətləri qəzəllə deyirdilər.Yaxın adamın itkisini “mərsiyə”, (“risa” ərəbcə, ağlamaq deməkdir) və ya “driğa” (farsca, təəssüf deməkdir) ilə bildirirdilər. Gecə namazlarından sonra dua etmək vaxtı oxunmaq üçün şairlər “münacat” yazırdı. O zamanlar mətbuat olmadığı üçün yerini şeirlər tuturdu. “Şəhraşub” deyilən şeir janrı da vardı, şəhərə vəlvələ sala biləcək təsvirləri (konkret bir gözəlin, qayda-qanunu pozan quldurun, rüşvətxorun, cinayətkar əməl törədən bazar adamının) əyani, ünvanlı şəkildə deyilir, oxucu bu mənzum felyetonu (həcmcə kiçik rübai də ola bilər) oxuyub məsələdən hali olurdu. Şairlər haqq sözün daşıyıcısı, ədalətin tələbkarı missiyası daşıyırdı. Bu zaman kəsiyində yaşayan şairlərin demək olar ki, hamısı ölkənin ictimai-siyasi həyatında görkəmli rol oynamışlar.
13 əsrdə Şamaxıda fars və ərəbcə yazıb yaradanlar sırasında QİYASƏDDİN ŞİRVANİ (1176-1261), ZEYFUN ŞİRVANİ (1211-1275), SEYİD ZÜLFİQAR ŞİRVANİ (1192-1305), HÜSEYNƏLİ İBN ƏBDULLAH DİRİ BABA (1208-1276), MÜHƏZZƏB DAİN ŞİRVANİ (1226-1294), FƏXRƏDDİN ƏL-MƏSTƏRİ (1241-1298) nümunə göstərilə bilər.
14 ƏSRDƏ YAŞAMIŞ ŞİRVAN ŞAİRLƏRİ. Yüzillər böyu İrfan düşüncə tərzi Şirvandan bütün Yaxın Şərqə yayılmışdı. İslamın birinci imamı Əli ibn Əbu Talibin “Divani-İmam”, “Nəhc ül-bəlağə” və bir sıra Elm ül-Həvas sahəsində yazdığı əsərlərinı öyrənərkən ruh alimləri Allaha doğru gedən yolun ən səmimi və ən qısa yolunu: diriykən ölüb Ona qovuşmağın nəzəri əsaslarını tapmışlar. Bu yöndə kütlədən ayrılıb təkkələrdə, xanəgahlarda ümumislam rituallarından savayı sakral ibadət yönləri, bədəndən ruhu ayıran səma rəqsləri, zikrlər və s. üsullarını kəşf etmişlər. Şirvan arifləri insanlara qutsal ruha malik olmanı öyrətmişlər.
SEYİD YƏHYA BAKUVİ. İslami İrfan çevrəsində böyük Azərbaycan mütəfəkkiri, piri-əzim Seyid Yəhya Cəmaləddin Seyid Bəhaəddin oğlu Bakuvi Şirvaninin adı hörmətlə anılır. Onu həm də, qiymətli əsərlərinə görə “Kəşfül-qulub, Əsrarül-vüdu, Vəəs-Səlat rümuzul-işarat, Məqamül-əxlaq əz təsərrüfati- Seyyid Yəhya” kimi tanıyırlar. Xəlvətiyyə təriqətinin çağdaş fərdləri hər bir zikr məqamında onu qüddus öncüllərin silsilə cərgəsində mütləq xatırlayırlar. Bir sıra kitab saxlanclarında onun əlyazma əsərləri qorunmaqdadır.
Seyid Yəhya Bakuvi böyük arif olmaqla yanaşı, həm də misilsiz alim və irfan şairi olmuşdu. Bakı və Manisada mühafizə olunan əlyazma kitablarında alim-şairin farsca qələmə aldığı 16 qəzəli məlumdur. Qəzəllər irfan özüllü olub “Seyid” təxəllüsüylə yazılıb.
Hər dərd ki, Ondan gələ, dərman yerindədir,
Can dostuna bu lütf elə bil, şan yerindədir.
Eşqindən onun dərdü bəla hasilim olmuş,
Təşrif gətirən dərd elə mehman yerindədir.
Aşiq əgər eşqindən onun ölməyib isə,
Bir yoxla, fəna içrədə, bican yerindədir.
Gər fani olan fanidə mütləq fəna olur,
Baqi olan bəqadə də canan, yerindədir.
Yoxluq dənizində itərək qərq olacaqsan,
Axtar ki, bəqa hardadı, tufan yerindədir.
Bu fırtınadan kimsə nicat tapsa,onunçun
Bir qorxu iki aləmə nöqsan yerindədir.
Sahildə susuz təşnədən ölmək gecə-gündüz,
Bir macaralı, gülməli dastan yerindədir.
Hər kimsə fəqir zövqünü duysa, fəqir olmaz,
Bil ki, iki aləmdə də insan yerindədir.
Alimləri zahidləri saysan, saya gəlməz,
Sevgi tanımaz qəlbləri viran yerindədir.
Dəryaya cuman dalğıca oxşar hər ağıllı,
Aşiqsə görər gövhərü mərcan yerindədir.
Şükran oluban, Seyyida, sən canı nisar et,
Bil ki, fələyin gərdişi, hər an yerindədir.
(Fars dilindən tərcümə F.Qurbansoyundur)
1923 ildə Türkiyə alimi Mehmet Ali Ayni (1868 – 1945) Bakıya Salman Mümtazın dəvətiylə gəlmişdi. İndiki Şirvanşahlar sarayı kompleksinə daxil olan Seyid Yəhya Bakuvinin məzarını ziyarət edərək Universtetdə konfrans vermiş, Seyid Yəhya Bakuvi və Gülşəni Bərdəyi haqqında məruzə etmişdi. Həmin ildə “İnqilab və Mədəniyyət” jurnalının dördüncü nömrəsində bu mühazirənin yığcam xülasəsi dərc olunmuşdu.
Seyid Yəhya şəxsiyyətinə və irsinə böyük məhəbbətlə yanaşan Ali Ayni “Şeyhi Ekberi Niçin Severim,” adlı əsərində yazırdı: “Şirvan, Seyid Yəhya sayəsində bir vaxtlar aləmin təvaf yeri olmuştu. Seyid Yəhya Xəlvətiyyə təriqətinin ikinci piridir. Xəlvətiyyə yolunu əsasən Siracəddin Ömər Xəlvəti qurmuşdu. Ancaq ona da bu yolun ədəb və öyrətiləri doğru silsilə ilə İmam Əli əfəndimizdən gəlmişdi. Xəlvətiyyə yolunun böyüklüyü, Siracəddindən sonra sırasıyla Əxi Əmrəyə, ondan Hacı İzzəddinə, ondan Sədrəddin Hiyaviyə ondan sonra bəhs açdığımız Seyid Yəhyaya gəlincə təriqət sürətlə hər tərəfdə, hətta Misirə, Hicaza, Hindistana qədər yayılmağa başladı.
Seyid Yəhya Bakuvi bir Allah dostu kimi irfan məsələlərini həm nəsr, həm də nəzmlə yazdığı əsərlərində rəmzlərlə açıqlayıb. Onun dilimizdə nəsrlə qələmə aldığı “Şifa əl-əsrar”(Sirlərlə şəfa) adlı əsəri irfan sferasını öyrətməklə bərabər, həm də əzəmətli dil abidəsidir. Nəsrlə yazdığı əsərlərinin içində “qitə”, “misra”, “şeir” və “beyt” adlarıyla, əsasən farsca, az miqdarda ərəbcə nəzm parçalarına rast gəlirik. Bu poetik misralar məzmunu daha yaxşı çatdırmaq funksiyası daşıyır.
Seyid Yəhya Bakuvi ayrı-ayrı lirik parçalardan savayı, irfani-fəlsəfi əsərlərini uruzca janrı ilə nəzmlə qələmə almışdır. “Risalə be mənazil əl-aşiğın”(Aşiqlərin mənzilləri), “Şərh- “Məratib əsrar əl-ğulub” (“Qəlblərin sirr mərtəbələri”nin şərhi), “Şərh- “Əsmai Səmaniyyə” (“Səmaniyyə” adının şərhi), “Şərh-“Səvalati-Gülşəni-əsrar” (“Gülşəni-əsrar” sualları”nın şərhi), “Risalə ətvar əl-ğulub” (Qəlblərin dəyişməsi risaləsi), “Risalə fi bəyan əl-elm” (Elmin açıqlanma risaləsi) və “Mənaqibe-Əmir əl-möminin Əli Kərəm-Allah vəcəhhəh ” (Əmir əl-möminin Əli Kərəmullah vəcəhhəhin mənaqibi) adlı yeddi urcuzası, “Qisseyi-Mənsur” mənzuməsi, qəzəliyyatı mövcuddur. Başqa müəllifin əsərinə yazılan şərhləri, mənaqibi, suala cavab mövzularını mütəfəkkir Bakuvi urcuza janrında oturaq edə bilmişdi. Biz bu urcuzaların ikisi barızdə bəhs açacağıq.
8 əsrdən başlayaraq urcuza şeir şəkli 19 yüzilliyin əvvəllərinədək Yaxın və Orta Şərq ədəbiyyatlarında geniş yaylmışdı. “Urcuza” rəcəz sözündəndir. Lüğətlərdə “rəcəz” sözü “iztirab” və “sürət” mənalarına gəlir, Əruz elmində isə “müstəfilən” sözünün müxtəlif konfiqurasiyalarından düzələn 79 təfiləli bəhrin adıdır.
Rəcəz Ərəblərin tarixi həyatında müstəsna əhəmiyyətə malikdir. Döyüş meydanlarında düşmənin gözünün odunu almaqdan ötrü, Ərəblər bu bəhrdə rəqiblərinə düşünməyə belə imkan vermədən sürətlə öz şücaətlərini öyən şeirlər deyirdi. Belə psixi təsirdən düşmənlər iztiraba düşdüklərindən, bəhr “rəcəz” adlanıb.
İlk urcuzaların rəcəz bəhrində yazılmağı bu poetik janrın adını müəyyən edib. Müəlliflər urcuzaları bəzən “rəcəz”, “risalə”, “ğasidə”, “mənzumə”, “nəzm” kimi də adlandırıblar.
Urcuza başqa poetik janrlardan onunla fərqlənir ki, burada tərənnüm, təsvir və lirik ricətlərə yer yoxdur. Ona görə də, urcuzalarda poetik vüsət axtarmaq, şairin böyük sənətkarlığından danışmağın məqamı yoxdur. Burada alım-şairin sənətkarlığı, geniş məlumatı dar imkanlı beytə necə sığışdıra bilmək bacarığı ilə təyin edilir.
Alim-şairlərin məqsəd və məramlardan asılı olaraq, urcuzalar poema qədər uzun, qəzəl qədər qısa yazıla bilər. Açar sözlərə aksent olunmaqla nəzm şəklində mövzu əhatələnirsə, urcuza yaranır.
Əsasən, məsnəvi formasında yazılan urcuzaların misralarındakı ritm və qafiyələr ancaq bir-faktik materialları daha yığcam və yaddaqalar çatdırmaq funksiyası daşıyır. Bəzən bir neçə səhifəlik məlumatı bir beytə sığışdırmaq lazım gəlir. Bu poetik janr ancaq bəhs açılan elmdən məlumatlı oxucuya hesablanır. Başqa sözlə, urcuza məlumatlı oxucu üçün,hər hansı elmi əhatələyən nəzmə çəkilmiş konspektdir. Elmlərə həvəs yaratmaqdan ötrü, dərsləri daha yaxşı yadda saxlamaq üçün bütün elm sahələrinə dair urcuzalar qələmə alınıb.
Zaman keçdikcə, urcuzalara möhtəşəm elmi əsərlər kimi ayrıca şərhlər də yazılıb. İslam sivilizasiyasında elm dili olan Ərəbcədə ilk urcuzaları əslən ərəb olmayan müəlliflər yazmışlar. Sonradan fars və türk dillərində də urcuzalar ərsəyə gəldi. Azərbaycan ədəbiyyatında, bizə məlum olan ilk urcuzanı Şeyx Nizami Gəncəvi (1141-1203) “Xosrov və Şirin” dastanında “Kəlilə və Dimnə” ilə bağlı beytlərində qələmə alıb. Nəsiminin təncim və musiqiyə dair qəzəl-urcuzaları məşhurdur. 13-18 yüzilliklər arasında Azərbaycan ədəbiyyatında Azərbaycan və Fars dillərində elmin müxtəlif sahələrinə; fiqhə, dilçiliyə, musiqiyə, rəssamlığa, nücuma və başqa mövzulara aid onlarla urcuza yazılmışdır.
Seyid Yəhya Bakuvinin İrfana həsr etdiyi “Risalə fi bəyan əl-ilm” (Elmin açıqlanması barədə risalə) adlı urcuza irfan elmini açıqlayan, onu məlumatlı oxucuya daha yaxşı tanıdan elmi-poetik vəsaitdir. Manisa nüsxəsində əsərin adı “Risalə fi bəyan əl-ilmi-lədunni”dir. Təkcə Allah dostlarına məlum olan lədunni elminə, Qurani-Kərimin 18 Kəhf surəsinin 64-cü ayəsində Xızır əleyhis-səlam haqqında danışarkən işarə edilmişdi: “əlləmnahu min ladunna ilma” (gizli elm öyrətdiyimiz bəndələrdən birindən elm öyrən). Seyid Yəhya Bakuvi bu elmin dərin bilicisi idi, hətta onu öyrətmək üçün urcuza da qələmə almışdı. Onun bu əsərilə İmam əbu Həmid Muhəmməd bin Muhəmməd əl-Qəzali ət-Tusinin (1058-1111) dövrümüzə adda-budda hissələri gəlib çatmış, Ərəbcə yazıdığı “İlmi-lədunni” kitabı arasında paralellər aparmaq üçün kifayət qədər material var.
Seyid Yəhya Bakuvinin həyat və yaradıcılığını filologiya elmi əsasında ilk dəfə və genişliyilə araşdıran Türkiyəli alim, Bakıdakı Qafqaz Universtetinin professoru Mehmet Rıxtım cənablarının olub. “Seyid Yəhya Bakuvi və xəlvətilik” adlı dissertasiyanı Bakıda müdafiə edən alim, 2005 ildə əsərinin nəşrinə nail olub. Onun 2013 ildə “Seyid Yəhya Bakuvi” adlı tanıtım kitabı da Bakıda işıq üzü gördü. Bu alim Seyid Yəhya Bakuvinin əldə olan tam külliyyatı üç cilddə faksimelesiylə və sətri tərcümədə çap edib. “Şəfa əl-əsrar” (Sirlərin şəfası), nəsr və nəzmlə yazılmış Risalələr ayrıca nəşr edilib. Mehmet Rıxdımın təşəbbüsü və rəhbərliyilə Azərbaycanda və Türkiyədə Beynəlxalq konfranslar keçirildi, müxtəlif ölkələrdən olan onlarla alim Seyid Yəhyanın irsini öyrənməyə başladı. Çox təəssüf olsun ki, Seyid Yəhya haqqında 2013 ildə elmi cəhətcə naqis olan “Xəlvətdə qalan alim” adlı sənədli film çəkildi. Filmdə bir sıra məsələlər ciddi təhrif edilib, xüsusən Seyid Yəhya Bakuvinin öyrənilməsi tarixi məsələsi tamamilə yanlış mövqedən təqdim olunub.
Türkiyə Cümhuriyyətində yazıçı Firdevs Kapusızoğlunun 2014 ildə Seyid Yəhya Bakuvinin mənəvi dünyasından bəhs edən “Bin gemiye” adlı romanı nəşr olunmaqla bu nəhəng irfan adamının obrazı milyonlara çatdırılıb.
SEYİD İMADƏDDİN NƏSİMİ ŞİRVANİ (1370-1417) fövqəladə böyük istedada malik, zamanların bir sözünü də poza bilmədiyi əzəmətli şairimizdir. Son 20 ildə onun həyat və yaradıcılığının elmi şəkildə öyrənilməsində səhv istiqamətlər mövcuddur. Təbriz, Şiraz və Anadoluda üç əsr ərzində yaşamış Nəsimi təxəllüslü zəif şairlərlə qarışdırılaraq onun Şirvanlı olması belə təkzib olunur.
14 yüzildə yaşamış şairlərdən ASİF ŞİRVANİ (1342-1396), MOLLA QASIM ŞİRVANİ (1230-1335), ŞAH XƏNDAN JULİDƏ MU (1367-1446), MƏHƏMMƏD SALEH BAKUVİ ŞİRVANİ (1332-1390) yazıb-yaratmışlar.
15 yüzildə yaşamış şairlərdən AŞİQ KÖÇƏR (1420-1480), ŞƏMSƏDDİN MƏHƏMMƏD OĞLU BƏDR ŞİRVANİ (1387-1450), HƏZİNİ ŞİRVANİ (1428-1479), ƏBU BƏKR ŞİRVANİ (1398-1468), ƏBU HƏMİD ŞİRVANİ (1428-1479), ƏBU TAHİR ŞİRVANİ (1397-1465), ŞƏMS ŞİRVANİ (1403-1478), MİRZƏ ƏRSƏL ŞİRVANİ (1421-1450), KƏMALƏDDİN MƏSUD ŞİRVANİ (1431-1499), ƏBDÜRRƏHİM KƏMALƏDDİN ŞİRVANİ (1442-1479), ƏBDÜLMƏCİD ŞİRVANİ (1418-1498) yazıb-yaratmışlar.
16 yüzildə yaşamış şairlərdən ASƏF ŞİRVANİ (1552-1599), HƏLİMİ ŞİRVANİ (1520-1586), MİR QƏDİR ŞİRVANİ (1511-1654), MİR İLAHİYİ ŞİRVANİ (1542-1583), ŞƏMSİ ŞİRVANİ (1442-1599), NİTQİ ŞİRVANİ (1522-1584), XƏZANİ ŞİRVANİ (1527-1580), ABBAS BAYAT (1522-1564), ƏMİR CƏMALƏDDİN ŞİRVANİ (1513-1587), MİR QƏDİR ŞİRVANİ (1532-1576), MİRZƏ ƏSRÜK ŞİRVANİ (1502-1567), SƏHLİ KƏMALƏDDİN MİR HÜSEYN OĞLU (1516-1594), ƏBDÜLLƏTİF ŞİRVANİ (1556-1602) yazıb-yaratmışlar.
17 yüzildə yaşamış şairlərdən. DUSTİ ŞİRVANİ (1587-1643), NİŞANİ ŞİRVANİ (1608-1667), MİRZƏ AĞA HÜSEYN ZÜLALİ (1687- 1739), AĞABAĞIR HACI SƏFƏRALI OĞLU ŞİRVANİ (1666-1701), KƏRİM BƏY LÜTFİ (1613-1667), ƏTİQİ ŞİRVANİ (1587-1669), ƏBU TAHİR ŞİRVANİ (1635-1683), MÜZƏFFƏR ŞİRVANİ (1610-1687), MİR YƏHYA MİR QULU OĞLU YƏQNİ (1575-1658), MOLLA MİRZƏ ŞİRVANİ (1591-1679), MİR HAŞIM ŞİRVANİ (1606-1670), MƏHBUB ŞİRVANİ (1603-1658), ABDULLA MAHİR ŞİRVANİ (1676-1723) yazıb-yaratmışlar.
18 ƏSRDƏ YAŞAMIŞ ŞİRVAN ŞAİRLƏRİ. Bu dövr Şirvan şairlərinin yaradıcılığı üçün xarakterik olan əsas cəhət odur ki, ictimai-siyasi hadisələrə şair münasibətinin ifadələrinə daha çox rast gəlirik. Mücərrəd zalım obrazı konkret mahiyyət kəsb edir. Bu, şeirin bədii siqlətini azaldırsa belə, ictimai təsir qüvvəsini artırırdı. Şirvanlılar poeziyaya böyük önəm verir, həyatın hər bir dönəmində onunla nəfəs alırdılar. Yusif Vəzir Çəmənzəminli 1936 ildə, Şirvana, onun camaatına böyük rəğbətlə qələmə aldığı “Yeni Şirvan” adlı məqaləsində Nadir şahla bağlı belə bir hadisəni nəql edib. Tarixdən məlum olduğu kimi, Surxay xan Nadir şahla qarşıdurmada dözə bilmədiyi üçün ailəsiylə birgə Dağıstana qaçır, Şirvan əhalisini güdaza verir. Nadir şah bütün Şamaxı camaatını çayın sahilində bir düşərgəyə toplayır ki, səhər hamısını edam etsin. Onların arasından Hacı Abbasqulu adında bir şəxs çıxıb deyir, ay camaat, ölmək ölməkdir, biz elə bikar oturub ölülmümüzü gözləyəcəyik? Gəlin, meyxanə deyib şənlənək. Başlayırlar, camaat da “xub əst, xub əst” (yaxşıdır, yaxşıdır) – deyir. Görünür, bu meyxananın vaygirəsi imiş. Şirvan camaatının ölümdən qorxmaması Nadir şahı mütəəssir edir, ölüm cəzasından vaz keçir. Bu, dünya tarixində analoqu az olan unikal hadisədir ki, nikbin poetik ovqat bir şəhərin əhalisini ölümdən qurtarıb.
18 yüzildə yaşamış şairlərdən AĞA MƏSİH MƏHƏMMƏD OĞLU ŞİRVANİ (1687-1765), MƏCRUH ŞİRVANİ (1692-1785), BİDİL ŞİRVANİ (1696-1764), NİŞAT ŞİRVANİ (1673-1759), BABA ŞİRVANİ (1732-1785), CƏLAL ŞİRVANİ (1767-1827), CƏHLİ ŞİRVANİ (1743-1789), ƏSGƏR ŞİRVANİ (1768-1811), ƏHMƏD ŞİRVANİ (1785-1840) VAİZ ƏFƏNDİ ŞİRVANİ (1744-1803), yaşayıb yaratmışdır.
19 ƏSRDƏ YAŞAMIŞ ŞİRVAN ŞAİRLƏRİ. Bu dövrdə yaşamış Şirvan şairlərinin yaradıcılığına xas əsas cəhət odur ki, ictimai-siyasi hadisələrin yüzilliklər boyu formalaşan strukturu dəyişmiş, söz əhlinə diqqət və qayğı azalmış, şeirlərin ümumi mövzusunda ya rəmzi, ya da müstəqim şəkildə ifadə olunan həyatdan narazılıq motivləri güclənmişdi. Xanzadələr, bəylər artıq özlərini öz evinin küll ixtiyar sahibi kimi apara bilmir, əsl ağanın Rus imperatoru olduğunu hər addımda dərk edirdilər. Şairlərin mədhlərinə tələbat azalmış, şairlər ən zəruri məişət tələbatından ötrü ağalara mənzum xahişnamələr göndərirdi. İqtisadi vəziyyətin necə tənəzzülə uğradığını onunla bilmək olar ki, qışda geymək üçün kürk… hətta bir neçə çanaq buğda istəməyi şairlər özlərinə ayıb bilmir, bunu mənzum şəkildə ifadə edirdi. Böyük ənamlardan, yüksək qələmiyyələrdən heç söz belə gedə bilməzdi. Bəylərin özü İmperator xəzinəsinə ödədikləri vergiyə müvafiq hökumətdən məvacib alırdı. Ona görə də, şairlərin həcv deyən dillərinə düşməməkçün az miqdar hədiyyə verməklə mədhnamələrdən imtina etmirdilər.
Rus çarizminin göz önündə olmayan siyasi yönverənləri, İslam mühitindəki bütün ölkələrdə, xüsusilə Azərbaycanda, ələlxüsus Şirvanda geniş xalq kütlələrinə təsir edə bilən iki zümrəni; din xadimləri və şairləri həmişə nəzarətdə saxlayırdı. Məscidlərdə xəbər gəzdirənlərin sayı gün-gündən artırdı. Şoxsaylı söz sahibləri olan şairləri xüsusi rejimlə bir araya gətirmək üçün coğrafi ərazilərin qovuşuğunda, bir sıra məntəqələri əhatə edən şairlərdən ibarət bəylərin mülkündə ədəbi məclislər meydana gəlirdi.
Rus çarizmi bərqərar olandan sonra, Azərbaycanda ədəbi məclislər yaratdı. Təsadüfi deyil ki, quberniya mərkəzinə yaxın Gəncədə 1820 ildə “Divani -hikmət” (“Hikmət evi”) Azərbaycanda qurulan ilk ədəbi məclis oldu, sonra quberniya mərkəzi Tiflisə köçdü, yenə Gəncəyə qayıtdı. Şairləri bir məclisə toplamaqla, çarizm onları rahat idarə etməyi planlaşdırmışdı. Bununla onları ictimai həyatın konfliktli mövzularından kənar edir, guya sənətkarlığını yoxlamaq üçün arada yarışmalar təşkil olunur, nifaq salınır, şairlərin bir-birini olmazın ədəbsizliklə qafiyəli təhqir etmələri üçün şərait yaradırdılar. Elə buna görə də, təkcə 19 yüzillikdə, Azərbaycan ədəbiyyatında bütün tarixi boyu yazılmış həcvlərdən daha artıq həcv yazıldı. Hökumətə yarınmaq üçün daha çox canfəşanlıq edib fərqlənənləri hökumət mükafatlandırmaqda xəsislik etmirdi.Ədəb-ərkanı gözləyən şairlər ümumi axına qoşulmadıqlarından qismən az yada düşürdülər. Vaiz Əfəndi Şirvani deyirdi:
Zəmanə halidir, Vaiz, həya saxla həyasızdan,
Həyasızla həyasızlıq edəcək halımız yoxdur.
Şirvan şairləri çox böyük mərifət sahibi və Haqq tərəfdarı idi, onlar pula öz ruhlarını satmırdılar, bazar adamı ilə yaradıcıları biri-birindən fərqləndirirdilər.
Seyd Əzim yazırdı:
Yəqin kəsb əhlisən, canım, gözüm, əl çəkmə şüğlündən,
Gərək kəsb əhli şairlik büsatından kənar olsun.
Yaraşmaz şair olmaq, filhəqiqət, əhli-bazarə,
Gərək tacirlər içrə şəxs sahib-etibar olsun.
Mirzə Əliəkbər Sabir “pula pərəsdiş edən şair”i ən pis sözlə damğalayır.
Onu da deyək ki, ədəbi məclisləri təşkil edənlər çar xəzinəsindən ayrıca məvacib alırdı. Şamaxıdakı “Beyt üs-Səfa” (Saflıq evi) ədəbi məclisi də bu mənada istisna deyil. Məclis elə yarandığı gündən nüfuzlu şairlər hesabına cərgələrini sürətlə artırdı və başqa ədəbi məclislərimizə nisbətən daha çox istedadlı şair yetişdirərək diqqət mərkəzində oldu.
Ənənə üzrə şaha farsca mədhlər yazan şairlər rusca bilmədikləri üçün, yenə də farsca, ancaq indi Rus imperatoruna ünvanlandırdıqları mədhlərdən gözlənilən cavabı almırdı. Bu janr 19 yüzillikdə öz gərəkliliyini itirdiyi üçün qəzəl və qoşma ilə müqayisədə daha az istifadədə qaldı. Həcvlərin sayı çoxaldı. Bu janrda nadir halda sənətkarlıq nümunələri meydana gəlirdi. İctimai mahiyyətdən çox, fərdi münaqişə zəminində çoxmərtəbəli söyüş və təhqirlər, effemizmlər poetik sözü əvəz edirdi. Kimin kimdən bir balaca narazılığı olurdusa, bunu qafiyə və ritmə salıb xoşagəlməz söz yığını ilə “nəzm” nümunəsi yaradıb özünə şairlik imici qazandırmaq istəyirdi.
HACI ZEYNALABDİN AXUND İSKƏNDƏR OĞLU ŞİRVANİ (1780-1838) 16 avqust 1780 ildə Şamaxıda anadan olmuşdur.Onun 5 yaşı olarkən atası Axund İskəndər ailəsini götürüb mədrəsədə dini elmlərdən ərəb dilində dərs demək üçün Kərbəla şəhərinə gəlir. O, atasının da dərs dediyi mədrəsədə orta təhsilini başa vurub, ali təhsil almaq üçün 1796 ildə Bağdad şəhərinə gəlir. Bir neçə illik təhsildən sonra, Zeynalabdin səfərə çıxır. Peyğəmbərimiz Məhəmməddən (s.ə.s.) belə bir hədis var ki, Allahın əzəmətini dərk etmək üçün, heç olmazsa,ömrünüzdə bir dəfə gəmi ilə dəniz səyahətinə çıxın. Sonradan coğrafiyaçı səyyah, tarixçi, xalqşünas (etnoqraf), filosof, şair, ədəbiyyatşünas kimi tanınan Azərbaycan alimi bu hədisin hikmətiylə səfərə çıxır. 40 yaşına qədər səfərlərdə olur. Sonra Şirazda evlənir, iki oğlu iki yaş fərqi ilə dünyaya gəlir.
İndi heç kəsdən gizli deyil ki, bir-iki nəfər istisna olunmaqla, səyyah adıyla ölkələr dolaşanların demək olar ki, hamısı maraq kəsb edən dövlət tərəfindən maliyyələşdirilərək cəsusluq fəaliyyətilə məşğul olmuşlar. Hacı Zeynalabdin isə heç kəsdən asılı olmayaraq, böyük ədalət hissiylə gördüklərini qələmə almışdı.
Dörd dəfə etdiyi səfərlərinin təəssuratı kimi “Riyaz üs-səyahət” (Gül bağına səyahət) əsərinin birinci kitabını 1822 ildə tamamlayır. Burada Məzdək və Babək haqqında indi bizə az məlum olan mənbələrdən topladığı çox maraqlı tarixi faktları göstərilməklə bərabər, 60 şairin həyat və yaradıcılığı haqqında məlumat verilir. İkinci cild isə 1827 ildə işıq üzü görür. Kitabların əlyazma nüsxələri Londondakı British Museumdə, Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitunun Sankt-Peterburq filialındakı kitabxanada qorunur. Görünür, bu nüsxə Abbasqulu ağa Bakıxanovun öz xəttilə köçürdüyü və ölümündən sonra Asiya muzeyinə verilən nüsxədir.
1827 ildə alim “Hədaiq əs-səyahət” (Güllük bağlara səyahət) adlı kitabı üzərindəki 30 illik işini tamamlayır. Hacı Zeynalabdin eyni zamanda bir neçə əsər üzərində işləyirdi. Kitabın əlyazma nüsxələri Londondakı British Museumdə, Parisdəki Bibliothèque nationale de Francedə və İrandakı şəxsi kolleksiyada qorunur. Əsərdə Zeynalabdin belə bir arzusunu bildirir ki, kaş imkan verəydilər, bildiklərimi gənclərə öyrədəydim. Əsərlərinin nəşrindən sonra böyük şöhrət qazanan alimi sarayda yaşayıb yaratması üçün Misir hakimi İbrahim bəy, İrandan Fəth-Əli şah Qacar, Osmanlı sultanı II Mahmud şəxsən dəvət edir. O, heç birinə müsbət cavab vermir.
1832 ildə sayca üçüncü “Bustan us-siyahət” (Gül bağçasına səyahət) əsərini bitirir, ancaq kitab 65 ildən sonra nəşr olunur. Orta yüzilliklərdəki elm, İrfan, və ədəbi məsələlərə əsərdə üstünlük verilib, ən çətin anlaşan məqamlar ustalıqla açıqlanıb. Kitabın əlyazma nüsxələri Londonda, Birləşmiş Ərəb Əmirliyində, Rusiyada, Gürcüstanda və İrandakı şəxsi kolleksiyada qorunur.
1973 ildə Azərbaycanlı tarixçi Ağamir Quliyev Əfqanıstanın Kabil şəhərində Hacı Zeynalabdin Şirvaninin o vaxta qədər elmə məlum olmayan “Kəşf ül-məarif” (Biliklərin kəşfi) əsərini əldə edir. Hal-hazırda əsər onun şəxsi kolleksiyasındadır.
Hacı Zeynalabdinin adına indi Hindistanda muzey, İndoneziyada kitabxana, Məkkə və Ciddədə Coğrafiya Cəmiyyətləri, Bakıda, Şamaxıda və İranın Şiraz şəhərində küçə var.
Böyük vətənpərvər yazıçı xanım Əzizə Cəfərzadə Şirvanın adını dünyada məşhurlaşdıran alimə iki əsər ithaf edib. Professor Vaqif Sultanlı çox haqlı olaraq qeyd edir ki, Əzizə Cəfərzadənin “Xoş gördük, səyyah” adlı povestinin yenidən islənmiş və genişləndirilmiş variantı kimi oxuculara təqdim etdiyi “Eldən-elə” romanı 19 yüzildə yasamış Azərbaycan alimi və səyyah Zeynalabdin Şirvaninin həyatından alınmışdır. Yazıçı həyatının otuz yeddi ilini səyahətdə keçirmiş olan bu görkəmli şəxsiyyətin ömür yolunu vərəq-vərəq izləmiş, oxuculara indiyədək qaranlıq qalan bir çox məqamları üzə çıxarmışdır. Etnoqrafik detallarla zəngin olan “Eldən-elə” romanında İran, Türkiyə, Hindistan, Pakistan, Orta Asiya, ərəb ölkələri haqqında verilmiş zəngin məlumat əsəri oxunaqlı edir. Romanda Zeynalabdin Şirvaninin həyatının – uşaqlıq çağlarından tutmuş ömrünün sonlarınadək olan dövrü əhatə olunmuşdur. Əsər baş qəhrəman Zeynalabdinin gəmidə səyahət edərkən Səudiyyə Ərəbistanında ölümü səhnəsi ilə bitir. Onun arvadına və dostuna da vəsiyyəti ömürünü büsbütün yollarda keçirmiş bir insanın ideal və məramını, romanın isə bədii qayəsini təşkil edir:
“Vəsiyyət yüngüllükdür, islamiyyətin qaydalarındandır, qulaq verin. Əvvəlinci və axırıncı ilk yadigarımı tapşırıram hər ikinizə, kitablarım, yazılarım… bir də balalarım. Yazılarımı əmin yerdə saxlayın, yad əllərə düşməsin. Nəysə əminəm ki, gün gələcək onlar insanlara lazım olacaqdır. Yoxsa heç ömrümü sərf etməyə -balalarımdan, səndən kəsib dünyanı dolaşmağa dəyməzdi. Can sizin, can yazılarım əmanəti. İkincisi, balalarımı oxudun, qoy anlasınlar ki, elm yük deyil, elə bir xəzinədir ki, insanı afətlərdən qoruya bilər, həmişə düz yola dəvət edər”. Onu da xatırladaq ki, əsərdə Zeynalabdinin yolda ölməsi, cəsədi dənizə atıldığından məzarının olmaması rəmzi məna daşıyır.
Hacı Zeynalabidin Şirvani Təmkin təxəllüsüylə Ərəb, Fars və Azərbaycan dillərində incə ruhlu şeirlər yazıb. “Təzkireyi-Seyid Əzim Şirvani”də onun bu qəzəli nümunə kimi verilib:
Gah bu çərxi-fələk aləmə tufan gətirər,
Gah iyman evinə seyli-firavan gətirər.
Gah basar bağrına bülbül yerinə zağü zəğən,
Gah şikar eyləməyə alıcı tərlan gətirər.
Gah atar kin ilə İbrahimi Nəmrud oduna,
Gah Mina dağına İsmaili qurban gətirər.
Gah Yaqubi edər sakini Beyt ül-Əhzan,
Gah satar Yusifini, möhnəti-zindan gətirər.
Gah fironə verər nüxvətü xəllaqiyyət,
Gah qərq etməyunə Musiyi-İmran gətirər.
Gah nəleyni-Məhəmmədlə verər ərşə bəzək,
Gah onun məsnədinə bir neçə heyvan gətirər.
Gah verər Şiri-Xuda dəstinə Xeybər fəthin,
Gah qolu bağlı onu məscidə nalan gətirər.
Gah salıb şuri-müxaliflə Hizac içrə nəva,
Gah İraq içrə Hüseyn qətlinə fərman gətirər.
Ali-Süfyanə verər izzət üçün təxti-tila,
Ali-Peyğəmbər üçün naqeyi-üryan gətirər.
İzzətü zillətinə baxma onun, ey Təmkin,
Gah dünyaya xəzan, gah gülüstan gətirər.
“Təmkin” təxəllüsüylə şeir yazan Hacı Zeynalabdin Şirvani din və peyğəmbərlər tarixini mükəmməl bilirdi, qəzəldəki beytlərdə dünyanın dualist (ikitirəli) mahiyyətini göstərmək üçün, yeri düşdükcə, bu bilgilərdən səmərəli şəkildə istifadə edib.
Gah salıb şuri – müxaliflə Hicaz içrə nəva,
Həh İraq içrə Hüseyn qətlinə fərman gətirər.
Beytdən göründüyü kimi, Hacı Zeynalabdin Təmkin Şirvani Musiqi elminə də dərindən bələd idi. İraqda, Kərbəla çölündə şəhid olmuş Peyğəmbər nəvəsi İmam Hüseynin qəziyyəsini “Şur”, “Müxalif”, “Hicaz”, “Nəva”, “İraq” və “Hüseyni” muğam adlarını göstərməklə mövzunu lakonik və hüznlü verə bilmişdi.
MİRZƏ MƏHƏMMƏD HƏSƏN FƏLƏKİZADƏ 1828 ildə Şamaxıda dünyaya gəlib. Fələki Şirvaninin nəslindən olduğu üçün bu soyadı daşıyıb. “Mirzə” təxəllüsü ilə zərif ruhlu qəzəllər yazan, xanəndəlik sənətində Ustadi-əzəm kimi tanınan Mirzə Məhəmməd Həsən Fələkizadənin 1916 ildə Bakıda “Məktəb” nəşriyyatında, Tülu (Günəşin çıxması) mətbəəsində “Nalə” adlı yeganə kitabı nəşr olunub. Kitabın üz qabığında
“Səyyad oxunu kəmana qoydu,
İkki gözümü nişanə qoydu” –
beyti yazılıb. Kitab avtobioqrafik xarakter daşıyır. Onun yüksək sənətkarlıqla yazdığı qəzəlindən bir nümunə:
Pərvanə kimi yandı könül, narə desinlər,
Bülbül qəmini güldən ötür xarə desinlər.
Göz yaşı töküb sübhə qədər eylərəm əfğan,
Dil yarələnib, yarələrim yarə desinlər.
Çeşmi-siyəhim yarələri yarə görünməz,
Müjgan oxunun yarəsinə çarə desinlər.
Gəl etmə cəfa, eylə vəfa, ey qədi-rəna,
İnsaf degil, dərdimi əğyarə desinlər.
Dil yarə, günüm qarə, qəmü dərdə nə çarə,
Dərd əhli bilər, dərdi xəbərdarə desinlər.
Məcnunluğu ögrəndi, gözüm Leylidə qaldı,
Mənsur kimi çəkdi məni darə desinlər.
Həsrətdi gözüm sübhü görə, sübh açılmaz,
Şəb zəhmətini ah ilə biçarə desinlər.
Təqdiri-qəza sağ əlimə verdi əsanı,
Neynim məni-biçarə? Güni-qarə desinlər.
Söndü gözümün şəmi, gözüm qarə geyindi,
Mirzə, cigərin aləmə sədparə desinlər.
Qəzəlin ruhundan görünür ki, müəllifin son dövr əsərlərindəndir. Gözləri dünya işığına həsrət qalan qocaman sənətkar dünyasevər insanın açıq etiraf etmək istəmədiyi iztirablarını böyük ədəblə qələmə almışdı.
KƏRBƏLAYİ QURBAN MƏHƏMMƏD OĞLU (1832 – 1899) Kərbəlayi Qurban dövrünün savadlı və sözükeçən adamlarından sayılıb. 12 yüzillikdə Nəsriyyə İrfan təriqətini yaradan Şeyx Nəsirin şəcərəsindəndir. Olduqca iti zəkaya malik Kərbəlayi Qurban Quran hafizi və rəvan təbli şair kimi yaxın ətrafda şöhrət tapıb. Öz adı Qurbanı həm də təxəllüs yerində istifadə edib. Zəmanəsinin tanınmış şairlərilə, xüsusilə Seyid Əzim Şirvani ilə dostluq münasibətləri, şux, xoşagələn zarafatlarının olması haqqında maraqlı hadisələr söylənilir.
Onun ictimai ruhlu, yaradıcılığının son dövrlərini əks etdirən qəzəlindən nümunə:
Mən gördüyüm ol şövkət ilən şan hara getdi?
Fövt oldu asayiş dolu dövran, hara getdi?
Kim caduladı, yoxsa səbəb bədnəzər oldu?
Dovşan çoxalıb çevrədə, aslan hara getdi?
Bu eldə pələng nərəsi bir vaxt ucalardı,
Çaqqal ulayan yerdi bu viran, hara getdi?
Qansızlar alıb hər tərəfi, hala yanan yox,
Bas nəbzüvə əl, yoxlaginən, qan hara getdi?
Heykəl gəzir adəm yerinə hər yana baxsan,
Heykəl, dolanım başuva, insan hara getdi?
İran ilə Turan eli çoxdan səpələnmiş,
Sultan hanı, Kəyan hanı, Xaqan hara getdi?
Rus gəldi, yayıldı obaya atlı kazaklar,
Əsləh tutalım yoxdu, bəs iman hara getdi?
Düşmənli dolan düşmən ilən, xoş dilə uyma,
Dalcan deməsün – “anlamaz heyvan hara getdi?”
Baş əymə başun varsa, nə də başa çıxartma,
Üç-beş quruşu artığı, mizan hara getdi?
Gözguya baxib ordakı pirdən xəbər aldım,
“Bu pəncərədən boylanan oğlan hara getdi?”
Nə qolda gücüm qaldı, nə də qılçada taqət,
Huş-başi özüynən aparıb can hara getdi?
Şeyxi-Nəsir övladi Ələzdən kənar olmaz,
Baş daşların axtar, oxu, Qurban hara getdi?
Folklor araşdırıcısı gözəl alim Əlihüseyin Dağlı “Ozan Qaravəli” çoxcildlik tədqiqat əsərində Kərbəlayi Qurban Məhəmməd oğlunun da yaradıcılığına müraciət etmişdir. Kərbəlayi Qurban həm folklor, həm də divan ədəbiyyatı ənənələrinə müvafiq yazıb-yaratmışdır. Bayatı, qoşma, varsağı, gəraylı ilə yanaşı, qəsidə, qəzəl, müxəmməs, rübai, dübeyti və rübailər də yazmışdı. Onun şeirlərində irfan ənənələri qabarıq görünür. Onun “Bu dünya malı” rədifli varsağısının bəzi misraları ata sözü kimi işlənməkdədir. Hələ ki, Azərbaycan ədəbiyyatında beş hecalı varsağıya ancaq Kərbəlayi Qurbanın yaradıcılığında rast gəlirik.
BU DÜNYA MALI
Harda ki, azdı
Bu dünya malı.
Nəzir-niyazdı,
Bu dünya malı.
Zəhərdü, baldı,
Haram-halaldı,
Dünyada qaldı-
Bu dünya malı.
Şabaş-xəzəldi,
Nazlı gözəldi,
Mədhü qəzəldi
Bu dünya malı.
Yesən, dadındı,
Versən, adındı,
Qalsa, yadındı-
Bu dünya malı.
Qurban, fəhm eylə,
Gətirmə dilə,
Düşməndi elə
Bu dünya malı.
Kərbəlayi Qurbanın bayatılarındakı ritm oynaqlığı, qafiyə əlvanlığı onu yaddaqalan edir.
BAYATILAR
Ani imiş bu dünya, Xoruz xumar çağırar,
Fani imiş bu dünya, Gözün yumar,çağırar.
Dost bildim, canım aldı, Hərə öz istəklisin
Cani imiş bu dünya. Tumar-tumar çağırar.
Kərbəlayi Qurban Məhəmməd oğlunun Azərbaycan dilində kamil divanı olub. O, fars və ərəb dillərində də şeirlər yazıb. Çox təəssüf ki, əsərlərinin az bir qismi bizə gəlidb çatıb. Şair 1899 ildə Yuxarı Ələz kəndində 67 yaşında vəfat edib.
XIX yüzildə Şirvanda MİRZƏ NƏSRULLAH HACI ƏBDÜLQASIM OĞLU BAHAR ŞİRVANİ (1834-1883), KƏRBƏLAYİ QURBAN MƏHƏMMƏD OĞLU (1832 – 1899) , NADİM MİRZƏ BAXIŞ (1785-1880), NASEH AĞAƏLİ BƏY ƏFƏNDİZADƏ (1856-1918), ƏLİƏKBƏR QAFİL (1828-1891), SƏDRƏDDİN ŞİRVANİ (1777-1835), DİDƏ MÖVLANƏ MİRZƏ NƏSRULLAH BƏY QURBANBƏY OĞLU QURBANBƏYOV (1797-1870), HACI MƏHƏMMƏDƏLİ AXUND İSKƏNDƏR OĞLU ŞİRVANİ (1783-1859), ƏSGƏR ŞİRVANİ (1827-1875), AĞABABA ZÜHURİ MƏŞHƏDİ ƏBDULLAH OĞLU (1848-1911), AZAY SƏFƏRALI OĞLU (1844-1918), ALLAHVERDİ RƏFİ OĞLU (1810-1896), KƏRBƏLAYİ ARİF ALLAHİ (1786-1866), HUŞYAR XINISLI (1829-1914), ASİ MOLLA İBRAHİM OĞLU (1826-1888), AXUNDZADƏ AĞACAVAD (1875-1921), KƏRBƏLAYİ MOLLA PƏNAH OĞLU FƏQİR (1842-1914), ƏZA MƏŞHƏDİ AĞA HACI RƏSUL OĞLU (1870-1912), ƏSİR ZAKİR ƏLİABBAS OĞLU ŞİRVANİ (1882-1940) yaşayıb- yaratmışlar.
Şamaxıda tez-tez baş verən dağıdıcı zəlzələlər xalqın illərlə toplanan maddi sərvətini məhv etməklə yanaşı, həm də yüzilliklər boyu toplanmış mənəvi sərvəti, əlyazma kitablarını da məhv edib gələcək nəsillərlə mənəvi körpünü uçururdu. Zəlzələlərin gətirdiyi fəlakətləri şairlər zəlzələnamələrində qələmə almışlar. Molla Ağa Bixud ibn Hacı Molla Təqi Şirvani (1830-1892) zəlzələnaməsində 9 Zilqədə, 1275 (10 iyun 1858) ildə, cümə günü Şamaxıda baş vermiş fəlakəti belə təsvir edir:
Şəmaxi şəhri yeksər oldu viran,
Edər hər guşədə bayquşlar əfqan.
Buxurati-zəmin etdi tənəvvüc,
Şikaf etdikdə yerlər tapdı nöqsan.
Görən ol halı eylərdi təsəvvür,
Qiyamət qopdu, dünya oldu payan.
Düşüb ənvayi-məxluq iztirabə,
Təmamən xəlq olub “van-nəfs”guyan.
“Tərənnasə sukarən” ayəsinə
Nəticə oldu ol saət nümayan.
Münəccim ki, sölərdi ərzi-sakin,
Xilafinə yetib ol gündə bürhan.
Xəyal eylərdi ol halı görən kəs-
Ki, bu tariki-mərkəz oldu pərran.
Təzəlzül düşdü şəhrə, uçdu evlər,
Nə məscid qaldı, nə bazarü dükkan.
O eyvanlar ki, baş çəkmişdi çərxə,
Dağıldı, oldu torpaq ilə yeksan.
O əsnadə qəribi-yüz nəfər kəs,
Qalıb daş içrə, cümlə oldu bican.
Dağıldı Bixudin qəsri, otaği,
Yetiş fəryadinə ya Həyyü Sübhan!
Minilliklər boyu hər dəfə dağıdıcı zəlzələlərdən sonra yenidən qurulan Şamaxı qoca bürüşmüş dərisini dəyişib cavanlaşan əlkimyaçıya oxşayır. Hər dağılmış evi memari quruluşunu saxlamaqla yenidən tikirdilər.
4 Zilqədə 1319 (12 fevral 1902) ildə, Günəş Dolça bürcündə ikən, çəharşənbə günü, günorta çağı hava işıqlı və sakit olan vaxt Şamaxıda dəhşətli zəlzələ baş verdi. Nasirlərdən Süleyman Sani Axundov “Qorxulu nağıllar”ında Şamaxı zəlzələsini təsvir etdi. Bu fəlakətin canlı şahidi Mirzə Ələkbər Sabir öz qüdrətli sənətiylə sanki saniyəbəsaniyə baş verənləri sözə çevirərək sənədli, reportaj janrlı söz filmi yaradıb.
Üç yüz on doqquz idi bəd həzar,
Səneyi-hicrəti-Rəsuli-kübar.
-beyti ilə başlayan zəlzələnaməsiyə şair həm də fəhmli ssenarist-rejissor olduğunu sübut edib. 82 beytlik bu məsnəvi formatlı zəlzələnamə şərti olaraq, 4 hissəni özündə birləşdirən kamil süjetə malikdir;
1. zəlzələdən bir neçə dəqiqə əvvəlki gözəl, qış olmasına baxmayaraq, günəşli günorta vaxtının sakit əda ilə görüntüləri;
2. zəlzələ anı, cəmi bir dəqiqə ərzində yerin titrəməsi, binaların tamamilə yerlə bir olması, iki min nəfərin torpaq altında qalması, yerdən alovun çıxması, alovun dükanlara, çökən imarətlərə keçməsi, qiyamət saatında olduğu kimi hərənin ancaq öz hayında olması, sonra ayılıb öz yaxınlarını soraqlaması, körpələrin ağlayaraq ata-anasını axtarması, anaların ağı deməsi kimi ürək parçalayan təsvirlər;
3. zəlzələdən bir gün sonra insanların külünglə daşların arasından öz yaxın adamlarının cəsədlərini çıxarması, onların dəfni prosesi. H.Zərdabinin həyəcan təbili çalması. Yaxın ərazilərdən gələn yardımlar.
4. zəlzələdən bir neçə gün sonra, müxtəlif məntəqələrdən göndərilən yardımların ünvanlara çatdırılması, fərqlənənlər üçün dualar; Bu çərçivədə Sabirin təqdimatı, filmşünaslıq kursu öyrənmiş peşəkar sənətkarın filmoqrafik cəhətcə kamil əsərindən fərqlənmir.
19 yüzil bütün Azərbaycanın həyatında keşməkeşlər yaratdı. Bu hal Şirvan ədəbi mühitinə də təsirsiz keçə bilməzdi.Yeni, Avropayönlü mədəniyyət öz görünməz sirayətilə Vətənin ruhuna durmadan nüfuz etməkdəydi. Ayıq şairlər bunu duyur, özünü sözünü bilir, zamanəyə layiq, yadda qalan, camaatın xeyrinə əsərlər yaratmağa meyilli olurdu. Belə sənətkarların ən birincisi dahi şair, böyük arif Seyid Əzim Şirvani idi.
Şamaxının Şah küçə adlanan yuxarı tərəfində hamının “ağa”-deyə tanıdığı Seyid Əzim Şirvani yaşayırdı. Bu boyca o qədər də hündür olmayan, maddi cəhətcə kasıb adamın qarşısında varlı-karlı adamlar, vəzifə və qulluq sahibləri əmrə müntəzir dayanırdı. Hamı onun həcv dilindən çəkinirdi, çünki, ağanın sözü deyilirdisə, deməli hamının dilinin əzbərinə çevriləcəkdi. Heç kəsə qara yaxmaz, hələ gördüklərinin də, hamısını söyləməzdi. Bu adamda qətiyyən kompleks yoxdu; başqalarının yeddi pərdə arxasında gizləyəcəyi, ittiham gətirən qəbahətlərini adi bir iş kimi nəzmli etiraflarında söyləməyi bacarırdı. Onu həcv edənlərə kin saxlamır, dostanə münasibətini də dəyişmirdi, düzdür, cavablarını beş çömçə artıq qaytarsa da, sonra yenidən onların rəğbətini qazana bilirdi, Zamanının istedadlı şairlərindən istər Qasir, istər Qümri olsun, onları sakitləşdirib dostluqlarını davam etdirməyi bacarmışdı.
Seyid Əzim böyük zəka sahibi kimi tarixi şəraitin yaratdığı gerçəklikləri dərinliklə qavrayır, hətta çarizmin yaratdığı xoş olmayan vəziyyətlərdə də elinə-obasına elm-məarif yaymaq üçün məqam tapa bilirdi.Xalqını fanatizmə sürükləyənlərə, var-dövlətini çapıb-talayanlara qarşı mübarizə aparmaqla yanaşı, sadə adamların gözünü açır, onları oxuyub öyrənməyə, Vətənə, xalqa lazımlı və ləyaqətli adamlar olmasına güc sərf edirdi. 19 yüzillik Azərbaycanın şimal hissəsini cənubundan ayırdı. Bu dövrdə Şimali Azərbaycanda bir-iki şair istisna olmaqla, hamı inersiya ilə ənənəvi mövzularda yazırdı. Seyyid Əzim zamanın nəbzini tutub xalqına lazım olan sözlərini oğluna xitabla söyləyirdi.Bu hal həm mövcud zamana, həm də Peyğəmbər (s.ə.s.) hədisinə uyğundu: “Çalışın, övladlarınızı elə tərbiyə edəsiniz ki, böyüyəndə ağa olsunlar. Onları öz adətinizlə tərbiyə etməyin, çünki, onlar gələcək zamanlar üçün xəlq olunmuşlar.”
Əslən Şirvanın Basqal kəndindən olan mərhum ziyalı Bəhram müəllimə məxsus cümgədən Seyid Əzimin bir qəzəlinin üzünü köçürdüm, “Bizim əsr” qəzetində nəşr etdirdim. Çox gözəl əks-sədası oldu, elm adamlarından, sənət xiridarlarından hamı ancaq öz sevincini bildirdi. Bu qəzəl erməni millətçilərinin xalqımıza yönəli məkrli əməllərinə cavab olaraq yazılmışdır, bu gün də aktualdır:
Kim ki, eylərsə libasini mübəddəl kəfənə,
Deyirəm: “Çəng vurub daməni-”Hübb ül-Vətən”ə.
Vətənə, ey Vətən övladi, himayət günüdür,
Toplaşun düşməni dəf etməyə hər əncümənə.
Salınız nərəvü təkbir ilə dünyayaə şərər,
Nəhydir Şəridə kim, rəhm eləmək rahzənə.
Çalınız səngdil ədu başına xəncəri-tiz,
Bəlkə bu hübb ilə təlim edəlim Kuhkənə.
Dəmi-hümmət, dəmi-qeyrət, dəmi-fürsətdi bu gün,
Rəsmi-mərdanəliyi göstərəlim mərdü zənə.
Kişiyə cəng günü vahimə şayəstə degil,
Kişinin qani gərək rəng verə pirahənə.
Qövmi-Yəcucə tərəf səddi-Skəndər kimi dur,
Göz yaşı tökmə, həya qıl, kömək ol səfşikənə.
Bağiban ol, Vətənin bağinə dirlik suyu ver,
Əsməyə badi-xəzan bəlkə bu səhni-çəmənə.
Qəflət uyğusuna getməklə xəta etmə, sakın,
Qoyma gəlsin o həbəşzadəni mülki-Xütənə.
Vətəni, şəkkəri-ey Xosrovi-Şirinsüxənim,
Vermə, Allahımızın eşqinə, zağü zəğənə.
Kim ki, bilməzsə Vətən Yusifinin qiymətini,
Misli-Yaqub düşər axıri beyt ül-həzənə.
Ürəfa bəzminin ey Seyyidi-şirinsüxəni,
Yaz bu əşari, düşə bəlkə, dəhəndən-dəhənə.
MİRZƏ ƏLİƏKBƏR ZEYNALABDİN OĞLU TAHRZADƏ SABİR (30 may 1862-12 iyul 1911 ) yaşadığı təlatümlü bir dövrdə 49 illik ömrünün hər saniyəsindən səmərəli istifadə edib. Onun yaradıcılığını zəlzələ episentrinə bənzətmişlər.
“ Sabir – oyanan Şərqin
Zəlzələlər mərkəzi” (T.Bayram)
Yaxın Şərqdə inqilabi satiranın banisi kimi böyük missiyanın daşıyıcısı M.Ə.Sabir Azərbaycan ədəbiyyatında intermediya, mənzum siyasi pamflet, mənzum felyeton janrlarının da yaradıcısıdır.
Millətin ruhi keşiyində öz ifşaedici güclü sözü ilə güzəştsiz xidmətdə dayanan Seyid Əzim, bu missiyanı şagirdi Mirzə Ələkbər Sabir Tahirzadəyə ötürüb hətta öz kitabını görmək kimi kiçik bir sevinclə də fərəhlənmədən bu dünyanın əziyyətlərindən qurtardı. Seyid Əzim Şirvaninin məktəbində həm dini, həm də dünyəvi elmləri ən yüksək dərəcədə öyrənmiş Sabir xalqını, Vətənini, dinini bütün hüceyrələrinə qədər nurlu bir məhəbbətlə sevib onun tərəqqisi yolunda varından, ailəsinin rifahından, əsəblərindən, canından hər an keçməyi bacarırdı. Sabirin HOPHOPNAMƏsi zamanın ruhi ensiklopediyasıdır. Sabir camaatın hansı fikir və etiqadla yaşadığını sadə, olduqca təsiredici və bir kəlmə artıq söz işlətməyən yüksək sənətkarlıqla söyləyirdi. Sabir millətin genetik yaddaşında olan ən yüksək poetik rəmzləri, deyim tərzlərini satirası üçün üslub seçməklə ən təsiredici məqamı tuta bildi. Millətin irəliləməsinə yönəlik elə bir məqam yoxdur ki, Sabir ona özünün mərdanə münasibətini bildirməmiş olsun. Yüz ildən artıqdır ki, “Allah Sabirə rəhmət eləsin, gör nə gözəl deyib…”- deyə millətlə bağlı hər məsələyə dair onun sözü sitat gətirilməkdədir.
MƏHƏMMƏD HADİ (11879-1920), ABBAS SƏHHƏT MEHDİZADƏ (1874-11 iyul 1918) Şamaxının son dövr klassiklərindəndir. Şamaxıdan çıxan əsl ziyalılar kimi Abbas Səhhətin, Məhəmməd Hadinin yaradıcılığının mahiyyətini əgər bir sözlə ifadə etməli olsaydıq, ancaq “Vətən” yanğısı ifadəsini işlədərdik.
ÇAĞDAŞ ŞİRVAN ŞAİRLƏRİ. Son yüz ildə bir birini çox sürətlə əvəz edən tarixi hadisələr Azərbaycanın mənəvi həyatına da təsirsiz keçməmişdir. Yüz illərlə formalaşan əsl şair obrazına Şirvan kökənli şairlər xəyanət etməmiş, xəlvətə çəkilmiş, öz poetik Mənini siyasi gedişlərin oyuncağına çevirməmişlər. Klassik ənənələr bazasında pərvəriş tapan Şirvan şairləri kolxoz-sovxoz, neft-pambıq, Allahsızlıq mövzularının şeirlə uyğunluğunu təsəvvür belə etməmişlər. Elə ona görə də, Sovet hakimiyyəti dönəmlərində Poeziya liderliyindən könüllü surətdə imtina etmişlər. Ancaq könül çırpıntılarına köklənən dərin mənalı sözlərin eşqi ilə yaşayan Şirvan şairlərindən bir sırası üzə çıxmaq istəməmiş, bir sırasını da düşüncə tərzinə görə mövcud rejim təqdir etməmişdir.
Sovet ədəbiyyatının İrfan məktəbi və İlahi həzzlərdən uzaqlaşması, sözü şüar şəklində qışqırıqlı, birbaşa və kobud demək vərdişləri yüzillər boyu formalaşan zərif, fəlsəfi, gözəl deyim tərzlərinə istehza olunması Şirvanlı yazarları çaşdırmış, üzə çıxmamaq şərtiylə “sandıq ədəbiyyatı” nümunələri yaratmışlar. Onlardan bir sırası sonradan işıq üzü görmüşdü. Bu həm nəzm, həm də nəsr əsərlərinə aiddir. Bununla belə, qələmini ədəbiyyat sahəsində sınayaraq müəyyən mövqeyə çatan şirvanlılar pantionu da yaranmağa başladı.
ƏZİZƏ CƏFƏRZADƏ (1921-2003), FİKRƏT SADIQ (30.5.1930), İSKƏNDƏR ETİBAR (15.2.1937), ORXAN FİKRƏTOĞLU (1966), RƏŞAD BƏYDƏMİRLİ (1952) istedadlı qələm sahibləridir.
AĞAKƏRİM İSRAFİLBƏYLİ xanəndə kimi tanınsa da, Nafiz təxəllüsü ilə klassik üslubda gözəl qəzəllər, saqinamələr, qitələr yazır. Onun 2010 ildə “Ustadi-əzəm” kitabı nəşr olunub. Kitab 19 yüzildə yaşamış şamaxılı xanəndə-şair Mirzə Məhəmmədhəsən Fələkizadə Şirvaniyə həsr edilib. Kitabda Nafiz öz nəzmindən nümunələr də verib.
Azərbaycan ədəbiyyatının Sovet və müstəqillik dövründə Qürbət Əziz, Güləli Rəsul, Şaban Qayıbov, Tahir Taisoğlu, Nadir Mərzəngəli, Mirzə Xələfli, Etibar Etibarlı, Faiz Üzgün, Bünyad Bünyadzadə, Faiq Cəmcəmli, Süleyman Zərbəliyev, Əbülfəz Məlhəmli, Fəxrəddin Nasiroğlu, Əzizxan Qədirov, Şəhriyar Rəşadoğlu və başqaları şeir yaradıcılıqlarında Şamaxı ədəbi mühitinin gözəl ənənələrini yaşatmağa çalışmışlar. Burada ədəbi mühit indi də var. Yazıçılar Birliyinin Şamaxı bölgəsi və ayrı-ayrı kənd kitabxanalarında ədəbiyyat dərnəkləri fəaliyyət göstərir. Bura, bəlkə də, Azərbaycanda yeganə bölgədir ki, demək olar, hamı şeir yazır. Şamaxının yorulmaz və məhsuldar tədqiqatçısı, filologiya elmləri doktoru Seyfəddin Qəniyev Şirvandan çıxan iki min şair və aşığın yığcam bioqrafiyası və şeirlərini toplayıb. Saf-çürük edəndən sonra, iki cildlik məlumat kitabı hazırlayıb. Birinci kitab “Şirvanın 565 şairi” adıyla 2014 ildə “Nurlan” nəşriyyatında nəşr edilib. İkinci cild “Şirvanın 555 şairi” adını daşıyır və öz naşirini gözləyir. Bu kitablara toplanan faktlar Şirvanın son əsrdə yetirdiyi şair və aşıqlar haqqında daha dolğun bilik verir. Seyfəddin müəllim, lütfən öz əsərini təqdim etdi, biz əsərlə tanış olduq, ancaq ondan istifadə etmədik. Səbəb bu idi ki, artıq ensiklopediya üçün tapşırılan icmalı hazırlamışdıq. Bir də, Seyfəddin müəllimin seçdiklərindən kiminsə adını çəkməməyimiz ədəbdən olmazdı, həm də 1120 şairin təkcə adını sadalamaq bir cildlik ensiklopediyanın xeyli səhifəsini məşğul edərdi…
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT
I, TƏZKİRƏLƏR:
15 əsrə aid: ƏMİR DÖVLƏTŞAH SƏMƏRQƏNDİ “Təzkirət üş-şüəra”, ƏLİŞİR NƏVAİ “Məcalisün Nəvais”, ŞAHİ BƏY “Həşt behişt”, LƏTİFİ “Təzkirət üş-şüəra”, AŞİQ ÇƏLƏBİ “Məşair üş-şüəra”
16 əsrə aid: HƏSƏN ÇƏLƏBİ “Təzkirət üş-şüəra”, ƏHDİ BAĞDADİ “Gülşəni-şüəra”, ƏMİN ƏHMƏD RAZİ “Təzkireyi-həft iqlim”, BƏYANİ “Təzkirət üş-şüəra”, ƏLİ “Künh ül-əxbarin” təzkirə qismi, SADİQİ “Məcmu əl-həvas”, RİYAZİ “Riyaz üş-şüəra”, RİZA “Təzkirəyi-şüəra”, KAFZADƏ FAİZİ “Zübdət ül-əşar”
17 əsrə aid: LÜTFƏLİ BƏY AZƏR “Atəşgədə”, RZAQULU XAN HİDAYƏT “Məcmə ül-füsəha”, YUMMİ “Təzkireyi-şüəra”, ASİM SEYRƏKZADƏ “Zeyli Zübdət ül-ali-Osman”, GUFTİ “Təşrifat üş-şüəra”, MUCİB “Təzkireyi-şüəra”, SƏFAYİ “Təzkireyi-şüəra”, SALİM“Təzkireyi-şüəra”, İSMAYIL BƏLLİĞ “Nübhət ül-asar lı Zeyli Zubhət ül-əşar”
18 əsrə aid: SƏFVƏT “Nübhət ül-əsar min feiz ül-əşar”, ƏMİR QULAMƏLİ XAN AZAD HÜSEYN BELGİRAMİ “Xəzaneyi-Amirə”, RAMİZ “Adabı-zürəfa”, MƏHƏMMƏD ƏMİN SİLAHDARZADƏ “Təzkireyi-şüəra”, ƏSRAR DƏDƏ “Təzkireyi-şüərayi-Mövləviyyə”, AKİF “Miratı-şiir”, ŞƏFQƏT “Təzkireyi-şüəra”, ƏSƏD ƏFƏNDİ “Bağçeyi-səfaət”, ARİF HİKMƏT “Təzkirət üşışüəra”, FATİH “Xatimət ül-əşar”
19 əsrə aid: ABBASQULU AĞA BAKIXANOV “Gülüstani-İrəm”, SEYİD ƏZİM ŞİRVANİ “Təzkireyi-Seyid Əzim”, ŞƏMSƏDDİN SAMİ BƏY “Qamus ül-elam”, TOVFİQ “Məcmə üş-şüəra”, MƏHMƏD TOVFİK “Qafileyi-şüəra”, FAİQ “Əslaf ”, MƏHMƏD SİRACƏDDİN “Məcməyi-şüəra”
20 əsrə aid: MİRZƏ MƏHƏMMƏDƏLİ TƏRBİYƏT TƏBRİZİ “Danişməndani-Azərbaycan”, NƏCƏFQULİ BƏY ŞEYDA “Gülşəni-məarif ”, QULAM MƏMMƏDLİ “Təzkirə”, RƏHİMAĞA İMAMƏLİYEV “Vücudnamə, Saqinamə, Tövbənamə, İbrətnamə”, ALİ ƏMİRİ “Tzkirəyi-şüəra”
II. KATALOQLAR:
1.AZADƏ MUSABƏYLİ “Xarici ölkələrdəki Azərbaycan əlyazmalarının toplu katoloqu” 3 cilddə, Bakı, Elm, 2012
2.PƏNAHİ MAKULU “Ədəbi məlumat cədvəli” Bakı, Azərbaycan EA-nın nəşriyyatı, 1962
3.Ч.Ф. СТОРИ “Персидская литература” 3 cilddə, Москва, Главная редакция Восточной литературы, 1972
III. TOPLULAR:
1. FİRUDİN BƏY KÖÇƏRLİ “Azərbaycan ədəbiyyatı”, I-II cildlər, Bakı, 2005.
2. NADİƏLİ PƏYAM “”Səkkiz yüz il Azərbaycan türkcə qəzəli” Təbriz, Asiya, 1378 (1999)
3. SALMAN MÜMTAZ “Azərbaycan ədəbiyyatı”, I cild, Bakı, Nurlan, 2005
IV. DƏRSLİKLƏR:
1.BƏKİR ÇOBANZADƏ “Türk ədəbiyyatı” (əski türk ədəbiyyatının xülasələri). Bakı: 1929
2. ƏLYAR SƏFƏRLİ, XƏLİL YUSİFLİ “Qədim və Orta əsrlər Azərbaycan ədəbiyyatı”Bakı, Ozan, 1998
3. İSMAYIL HİKMƏT “Azərbaycan ədəbiyyatı tarixi. Mənşəyindən 1905-ə qədər” Bakı, Azərnəşr, 1928
V. AKADEMİK TƏDQİQLƏR:
1. Azərbaycan ədəbiyyatı tarixi, I-III cildlər, Bakı 1961
2. Azərbaycan ədəbiyyatı tarixi. Bakı, II-III cildlər, Bakı, Elm, 2007, 2009
3.BƏKİR NƏBİYEV “Şamaxı torpağının yetirdiyi böyük Azərbaycan şairləri” Bakı, Ozan, 2012
4. Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi, I-II cildlər, Bakı, AE AzFan nəşriyyatı, 1943, 1944
5. RƏFAEL HÜSEYNOV “Şirvan şairləri” , Bakı, “Elm və Təhsil”, 2012
Firudin Qurbansoy
filologiya üzrə fəlsəfə doktoru, dosent