(19.5.1898, Şamaxı – 10.11.1972, Bakı) – Azərbaycan müğənnisi (lirik tenor). Azərbaycan SSR xalq artisti (1938). Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir (1928). 1910 ildən “Nicat” cəmiyyətinin nəzdindəki xorda oxumuş, 1913 ildən “Səfa” cəmiyyəti dram truppasının tamaşalarında çıxış etmişdir. 1916 ildən Azərbaycan musiqi truppası ilə Zaqafqaziya, Orta Asiya və İranın bir çox şəhərində qastrolda olmuş, əsasən qadın partiyalarını oxumuşdur: Leyli, Əsli, Gülçöhrə, Gülnaz (“Leyli və Məcnun”, “Әsli və Kərəm”, “Arşın mal alan”, “O olmasın, bu olsun”, Ü. Hacıbəyov). 1920-60 illərdə Azərbaycan Opera və Balet Teatrının solisti olmuşdur. Nadir tembrli gözəl səsə, virtuoz vokal texnikasına malik olan Hacıbababəyov milli tamaşalarda Məcnun, Kərəm, Әsgər (“Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Arşın mal alan”, Ü. Hacıbəyov), Şah İsmayıl, Әlyar (“Şah İsmayıl”, “Nərgiz”, M. Maqomayev), Qərib (“Aşıq Qərib”, Ü.Hacıbəyov), Xosrov (“Xosrov və Şirin”, Niyazi) partiyalarını oxumaqla yanaşı, klassik rus və Qərbi Avropa bəstəkarlarının operalarında da çıxış etmişdir – Almaviva, (“Seviliya bərbəri”, C. Rossini). Hacıbababəyovun yaradıcılığı xanəndəlik, aşıq sənətinə xas vokal ifaçılıq xüsusiyyətləri, improvizasiya məharəti ilə fərqlənmişdir. Hacıbababəyov Azərbaycan xalq mahnılarının, Azərbaycan bəstəkarlarının vokal əsərlərinin ifaçısı kimi də tanınmışdır. Qırmızı Әmək Bayrağı, “Şərəf nişanı” ordenləri və medallarla təltif edilmişdir.
Əd.: ASE, X cild, Bakı, 1987, s.146