MİRZƏ MƏHƏMMƏDHƏSƏN İSMAYIL OĞLU
(1851, Şamaxı – 1917, Şamaxı) – xanəndə, şair. Onun formalaşmasına Mahmud ağanın sarayında təşkil olunan muğam məclislərinin (bax: Şamaxı Muğam məclisləri) böyük təsiri olmuşdur. Onun ilk muğam müəllimi Kərbəlayı Əkbər Mahmud ağanın sarayında xanəndə idi. Gənc Məhəmmədhəsən dini mərasimlərdə iştirak etmiş, Kərbəlayı Əkbərdən muğam və təsnifləri dərindən öyrənmişdir. Onun istedadını dəyərləndirən Mahmud ağa onu öz sarayına dəvət etmişdir. O, burada püxtələşərək, dövrünün mahir xanəndələrindən biri kimi tanınmış, hətta muğam məclislərində Hacı Hüsü, Əbdülbaqi Zülalov kimi ustad xanəndələrlə yarışa girmişdi; muğamatı və poeziyanı dərindən bildiyinə və özü də şeirlər yazdığına görə onu “Mirzə” çağırırdılar.