Şamaxı r-nunun ərazisi geoloji keçmişinə görə çox qədim və maraqlıdır. Özünün mürəkkəb fiziki-coğrafi şəraitini, relyefi, mühiti, bitki örtüyü və heyvanlar aləmi ilə fərqlənir. Burada yaşayan heyvanların müxtəlifliyi, rəngarəngliyi, çoxsaylı qruplara mənsub olması məhz yuxarıdakı amillərlə əlaqədardır. Bütün bu keyfiyyətləri özündə birləşdirən, xüsusən son dərəcə zənginliyi ilə fərqlənən Şamaxı rayonu ərazisinin biomüxtəlifliyi hələ çox qədimdən bir çox tədqiqatçıların diqqətini cəlb etmişdir. Bu haqda qədim yunan, Roma və ərəb yazıçılarının, tarixçilərinin, coğrafiyaşünasların, orta əsrlərdə yaşayan Qərbi Avropa səyyahlarının, habelə klassiklərinin əsərlərində, xalqın iqtisadi həyatında mühüm rol oynayan bir sıra sənaye və təsərrüfat əhəmiyyətli heyvanlar haqqında ümumi şəkildə məlumatlar verilmişdir.
Şamaxı rayonunun ərazisinin böyük hissəsini dağlıq və dağ ətəyi zonaları təşkil edir. Müəyyən hissəsini isə düzənliklər tutur. Eyni zamanda bölgədə iri çaylar və göllər vardır. Onların da böyük iqtisadi əhəmiyyəti vardır. Ərazi özünə məxsus zəngin faunası ilə fərqlənir. Fauna onurğalılar və onurğasızlar qrupunu əhatə edir. Qoruğun ərazisində müxtəlif növ heyvanlar yaşayır. Onların bəzi növləri “Qırmızı kitab”a düşmüşdür. Su hövzələrində (çaylar və göllər) çoxlu miqdarda onurğasız heyvanlar (azqıllı qurdlar, zəlilər, xərçənglər, su həşəratları) və onurğalı heyvanlar (müxtəlif növ balıqlar, su ilanları, tısbağalar, qurbağalar) yaşayırlar.
Su hövzələrinin hidrofaunasını təhlil edərkən məlum olmuşdur ki, göllərin hidrofaunası çaylara nisbətən zəngindir. Göllərdə əsasən su həşəratları (iynəcə sürfələri, gündəcə sürfələri, yarımsərtqanadlılar, bulaqçılar, ikiqanadlılar) dominantlıq edirlər. Çayların faunasında isə azqıllı qurdlar, zəlilər, xərçənglər, yumşaqbədənlilər rastgəlmə intensivliyinə görə fərqlənirlər. Su hövzələrində onurğalı heyvanlardan balıqlar üstünlük təşkil edir. Balıqlardan durna balığı, çəki, çapaq, külmə, qızıl üzgəc, həşəm, şirbit, zərdəpər, naxa, qıjovçu, poru, qarasol, kərkə, sıf, xanıbalığı, Qafqaz çay xulu və b. növlər müşahidə olunur. Balıqların qidalanmasında onurğasız heyvanların rolu böyükdür.
Onlar ekosistemdə qida zəncirinin bir hissəsini təşkil edirlər. Onların bəzi növləri su hövzələrinin təbii yolla öz-özünə bioloji təmizlənməsində fəal iştirak edirlər. Onlardan çay xərçənginə hətta su hövzələrinin sanitarı da deyirlər.
Bölgənin ərazilərində çoxlu miqdarda həşərat növləri qeydə alınmışdır. İndiyə kimi Azərbaycan faunasında 15000 növdən artıq həşərat növü aşkar olunmuşdur ki, onun 40%-ə yaxını Şamaxı rayonu ərazisində yaşayır. Həşəratlar yaşama tərzinə görə müxtəlif tipdə olurlar. Onların bəzi növləri dağlıq qurşağında, bəziləri meşə ekosistemində müəyyən hissəsi dağətəyi zonada, bir qrupu isə düzənlik zonada yaşamağa uyğunlaşıblar. Ərazidə bığcıqsızlar, ayağıquyruqlular, dəvədəlləyikimilər, termitlər, düzqanadlılar, uzunbığcıqlılar, dəriqanadlılar, bərabərqanadlılar, yarımsərtqanadlılar, böcəklər, torqanadlılar, əqrəbciklər, pulcuqqanadlılar, zərqanadlılar və s. dəstələrin nümayəndələri geniş yayılmışdır. Qeyd etmək lazımdır ki, həşəratların bir neçə növü “Qırmızı kitab”a daxil edilmişdir. Şamaxı bölgəsinin hər bir sahəsində həşəratlar yayılmışdır. Kənd təsərrüfatının inkişafı ilə bağlı olaraq entomofaunanın ekoloji tarazlığının kəskin dəyişməsi müşahidə olunur. Hələ keçən əsrin 70-80 illərində regionda üzümçülüyün və şərabçılığın intensiv inkişafı ilə əlaqədar olaraq çoxlu miqdarda heyvan növləri sıradan çıxmış və ya yerlərini tamamilə dəyişmişlər. Həmin ərazidə hər il elm üçün yeni olan növlər aşkar olunub və təsvir olunmuşdur.
Bir sözlə, regionda aşkar edilmiş onurğasız heyvanların çox böyük hissəsini buğumayaqlılar təşkil edir. Onlar qızmar qumlarda, meşələrdə, dağlarda, otlaqlarda, çəmənlərdə, bağlarda, evlərdə, torpaq altında, çaylarda, göllərdə, bataqlıqlarda, su hövzələrində yaşayırlar.
Rayonun ərazisində çoxlu miqdarda onurğalı heyvanlara-quşlar, məməlilər, sürünənlər və suda-quruda yaşayanlara rast gəlinir.
Quşlar (Aves)- Şamaxı rayonunun ərazisində 100-dən çox quş qeydə alınmışdır. Onlar aşağıdakı qruplara daxildir:
Dendrofil quşlar (meşələrdə məskunlaşanlar) meşə göyərçini, alabaxta, meşə cüllütü, meşə bayquşu, meşə antı, Suriya ağacdələni, yaşıl ağacdələn, meşə çərənçisi, boz alacəhrə, şəfəq bülbülü, boz milçəkqapan, qırqovul, adi odquyruq, yaşılca, meşə sərçəsi, qara qaratoyuq, iri və qarabaş arıquşuları, ququ quşu, iri zəvzək, boz silvi və s.
Pefrofil quşlar (açıq, quru iqlimə malik sahələrin quşları) çöl göyərçini, yaşıl və qızılı qızlarquşu, adi göycəqarğa, çöl torağayı, kəkilli torağay, tarla torağayı, çaxraqcıl, çöl sarı, payız bülbülü, adi sığırçın, turac, boz kəklik, bildirçin, adi muymul və s.
Himnodofil quşlar (göl, bataqlıq, çay, subasar sahələrdə yaşayanlar) otluq cüllütü, qaşqaldaq, qamış toyuğu, fitçi ördək, iri və kisik ağ vağlar, ağ titrəkquyruq və s.
“Qırmızı kitab”a daxil edilənlərdən saqqallı quzugötürən, leşcil ağqartal, ağbaş kərkəs, çöl muymulu, adi ilanyeyən, çöl belibağlısı, xırda qırğı, məzar qartalı, Qafqaz tetrası və başqalarını qeyd etmək olar.
Şamaxı rayonu ərazisində yayılan amfibi və reptililər
Suda-quruda (Amphibia) yaşayanlardan Şamaxı ərazisində-karelin tritonuna, yaşıl quru qurbağasına, Kiçik Asiya qurbağasına rast gəlinir.
Azərbaycanda yayılan tısbağaların hər üç növünə Şamaxı ərazisində rast gəlinir: Aralıq dənizi tısbağası, bataqlıq tısbağası və Xəzər tısbağası.
Sürünənlərdən (Reptilia) isə kərtənkələlər dəstəsinə aid olan növlərdən, Xəzər nazikbarmaq qekkonu, Qafqaz kələzi, koramal, cılız koramal, uzunayaq Şneyder kərtənkələsi, zolaqlı kərtənkələ, ortancıl kərtənkələsinə rast gəlinir.
İlanlar dəstəsinə aid olan növlərdən bu ərazidə: qurdvari korilancıq, adi suilanı və suilanı, zeytuni təlxə, qırmızıqarın təlxə, pallas təlxəsi, rəngbərəng təlxə, Cənubi Qafqaz təlxəsi, naxışlı təlxə, qonur ilan, xaltalı eyrenis, dinc eyrenis, dam ilanı, Şamaxı gürzəsi, Levantiya gürzəsi qeyd olunmuşdur.
Məməlilər (Mammalia) təkamül sırasının zirvəsində duran ən yüksək qrup olan onurğalılar biosenozlarda, insan həyatında və təsərrüfatlarında mühüm əhəmiyyətə malikdir. Şamaxı rayonu ərazisində yayılmış məməli heyvanların növ tərkibi aşağıdakı kimidir:
I. Cücüyeyənlər dəstəsi – İnsektivora (Ağdöş kirpi-Erinaceus concolor, Qulaqlı kirpi-Hemiechinus auritus, Radde qonurdişi – Sorex raddei, Qafqaz qonurdişi – Sorex caucasica, Xırda qonurdiş- Sorex minitus, Xırda ağdiş – Crocidura suaveollus, Ağ qarın ağdiş- Crocidura leucodon, Uzunquyruq ağdiş – Crocidura guldenstaedti), II. Yarasalar dəstəsi – (Chiroptera) Kiçik nalburun – Rhinolophus hipposideros (“Qırmızı kitab” növü), Blazius nalburunu – R.blassii, Bexşteyn şəbpərəsi – Myotis bechsteini (“Qırmızı kitab”), Matterer şəbpərəsi – Myotis mattereri, Qonur palazqulaq yarasa – Plecoptus auritus, Küli şəbpərəsi – Pipistrellus kuhlii, Dağ gönlücəsi – Eptesicus serotinus), III. Dovşankimilər dəstəsi (Adi dovşan – Lepus europalus), IV. Gəmiricilər dəstəsi (Zaqafqaziya sincabı – Sciurus anomalus, Hind tirəndazı – Hystrix indica (“Qırmızı kitab”), Süleysin – Glis glis, Meşə süleysini – Dryomys nitedula, Kiçik Asiya dağ ərəbdovşanı – Allactage euphatica, Kiçik ərəbdovşanı – A.elater, Boz siçovul – Rattus norvegius, Su siçovulu – Arvicola terrestris, Qafqaz meşə siçanı – Sylvaemus pouticus, Kiçik meşə siçanı – Sylvaemus uralensis, Sarıqarın meşə siçanı – Sylvaemus fulvipectus, Kiçik Asiya kolluq siçanı – Microtus najori, Adi çöl siçanı – Microtus arvales, İctimai çöl siçanı – Microtus sociales, Boz siçancıq – Cricetulus migratorius), V. Yırtıcılar dəstəsi (Carnivora) – Bu dəstəyə Çaqqal – Canis aureus, Canavar – Canis lupus, Adi tülkü – Vulpes vulpes, Qonur ayı – ursus arctos (“Qırmızı kitab”), Daşlıq dələsi – Martes foina, Meşə dələsi – Martes martes (“Qırmızı kitab”), Gəlincik – Mustela nivalis, Safsar – Vormela peregusna (“Qırmızı kitab”), Posuq – Meles meles, Meşə pişiyi – Felis silvestris (“Qırmızı kitab”), Çöl pişiyi – Felis libyca, Qamış pişiyi – Felis chaus, Vaşaq – Felis lyux) dəstəsinə qeyd olunan növlər daxildir, VI. Cütdırnaqlılar dəstəsinin nümayəndələri: Artiodactyla (Çöl donuzu (qaban) – Sus scfora, Avropa cüyürü – Capreolus capreolus – (“Qırmızı kitab”), Nəcib maral və ya Qafqaz maralı – Cervus elaphus (“Qırmızı kitab”), Ceyran – Gazella subguttuzza (“Qırmızı kitab”), Qafqaz köpgəri – Rupicara rupicapra (“Qırmızı kitab”))
Saleh Əliyev
biologiya üzrə fəlsəfə doktoru, BDU-nun dosenti
Əd.: “Azərbaycan heyvanlar aləmi”, I cild, Bakı, “Elm”, 2002
“Azərbaycan heyvanlar aləmi”, II cild, Bakı, “Elm”, 2004
“Azərbaycan heyvanlar aləmi”, III cild, Bakı, “Elm”, 2004
Məməlilər. “Azərbaycan faunası”, X cild, Bakı, “Elm”, 1978
S.M.Quliyev “Azərbaycanın çütdırnaqlılar faunası”. Bakı, 2008
S.Əliyev “Abşeron-Qobustan zonası çaylarının makrozoobentosu”. Bakı, 2006
D.Q. Tuayev “Azərbaycan quşlarının katoloqu”, Bakı, 2000
.Azərbaycan SSR-nın “Qırmızı kitabı”, Bakı, “İşıq”, 1989
Azərbaycan Respublikasının “Qırmızı kitabı”, II nəşr (fauna) Bakı, 2013