İBRAHİM II
Şeyx İbrahim, Şeyxşah (?-1524) – Şirvanşah [1502-24], Fərrux Yasarın oğlu. Dərbəndilər sülaləsindən idi. 1500 ildə I Şah İsmayılla döyüşdə atası öldürüldükdən sonra Şirvan qoşunlarının qalıqlarını toplayıb qızılbaşlara müqavimət göstərməyə cəhd etsə də, Gilana qaçmağa məcbur olmuşdu.
İSRAFİLBƏYOV (QƏDİRLİ) Möhsün Nəcməddin oğlu
(12.8.1893, Şamaxı – 1941) – Azərbaycanda sovet hakimiyyəti və sosializm quruculuğu uğrunda mübariz, respublikada səhiyyə işinin təşkilatçılarından biri, professor (1934). Kiyev Universitetində oxuyarkən (1911-17) tələbələrin inqilabi nümayişlərində iştirak etmişdir. 1917 ildə Bakıya gəlmiş, bolşevik “Hümmət” təşkilatının katibi və büro üzvü, RSDF(b)P BK və Bakı Sovetinə üzv seçilmişdir.
KAVUS
(? – 1372/73) – Şirvanşah [1345 – 1372/73]. Keyqubadın oğlu. 14 əsrin 30 illərindən ölkəni atasının adından idarə edirdi. Şirvanın müstəqilliyi uğrunda mübarizədə Çobani Məlik Əşrəfə ciddi müqavimət göstərən Kavus 1348 ildə onun vassallığını qəbul etməyə məcbur oldu. Qızıl Orda xanı Canı bəylə Məlik Əşrəf əleyhinə ittifaq bağlayan Kavus 1356/57 ildə qızılordalıların Azərbaycana hücumu zamanı onlara hərbi yardım göstərdi.
KEYKAVUS I
(? – ?) – Şirvanşah [1294 – 1317/18], III Axsitanın oğlu, Kəsranilər sülaləsindən idi. Lakin onun hakimiyyətinin nə vaxt başlanılıb, nə vaxt qurtardığı hələlik dəqiq məlum deyil. Hakimiyyətinin sonu təxmini olaraq 1317/18 il hesab edilir.
KEYQUBAD I
(? – ?) – Şiravanşah [1317/18 – 1347/48], II Fərruxzadın oğlu, Kəsranilər sülaləsindən idi. Zambaur və Bartold Keyqubad ibn Fərruxzadın hakimiyyətə başladığı tarixi 1317/18 il göstərirlər.
MAHMUDBƏYOV Ələsgər bəy
(1875, Şamaxı – 1968, Qahirə) – Azərbaycan Milli Şurasının üzvü. Bakı realnı məktəbini, Peterburq Politexnik İnstitutunu bitirmişdir. Təhsilini başa vurduqdan sonra Hacı Zeynalabdin Tağıyevin toxuculuq fabrikində çalışmış, 1908 ildə Tiflisə köçərək ictimai fəaliyyət göstərmiş, Qafqaz Müsəlman Xeyriyyə Cəmiyyətinin işində yaxından iştirak etmişdir.
MƏHƏMMƏD İBN YƏZİD
(? – 4.6.956) – Şirvanşah [948 – 956], Əbu Tahir Yəzid ibn Məhəmmədin oğlu. Atasının ölümündən sonra hakimiyyətə keçmişdi. Oğlanları Əhmədi Laican (Layzan), Heysəmi isə Təbərsaran (Tabasaran) hakimi təyin etmişdi. Hələ atasının sağlığında Şirvanşahlar dövlətinin həyatında mühüm rol oynayan Məhəmməd ibn Yəzidin dövründə Şirvanda iqtisadi həyat nisbətən dirçəlmişdi.
MƏHƏMMƏDSƏİD XAN
(? – 1786, Salyan) – Şamaxı xanı [1747-68; 1774]. Xançobanı tayfasından idi. 18 əsrin ortalarında Məhəmmədsəid xan qardaşı Ağası xanla birlikdə Nadir şahın dağıtdığı Şamaxını abadlaşdırmış və özlərini xan elan etmişdilər. 1763 ildə Yeni Şamaxını (Ağsu) tutaraq Şamaxı xanlığına birləşdirmişdi.
MƏNUÇÖHR I
(? – 1034) – Şirvanşah [təqr. 1027/28 – 1034]. Yəzid ibn Əhmədin oğlu. I Mənuçöhrün dövründə Dərbənd hakimliyi Şirvanın tərkibindən çıxdı. 1029 ildə I Mənuçöhrün Dərbəndə hücümu müvəffəqiyyətsizliklə nəticələndi. 1030 ildə Azərbaycana hücum etmiş ruslarla Bakı yaxınlığında və Kür çayı sahilində baş vermiş döyüşlərdə I Mənuçöhr məğlub oldu. 1032 ildə alanlar və sərirlilər Şirvana soxularaq Yəzidiyyəni qarət etdilər.