MÖVLANƏ HACI İSMAYIL ƏFƏNDİ ŞİRVANİ
Mövlanə İsmayıl Siracəddin əl-Kürdəmiri əş-Şirvani (1782/1783, Şamaxı xanlığının Bölükət mahalının Kürdəmir k. – 1848, Amasiya ş. (Türkiyə)) – din xadimi, sufi şeyxi. Ləqəbi “Siracəddin” (dinin çırağı), nisbəsi “əl-Kürdəmiri” bəzən “əş-Şirvani” kimi yad edilmişdir. Atasının adının Şeyx Ənvər Şirvani olması haqqında qeydlər var. İlk təhsilini Şamaxıda Məhəmməd Nuri Əfəndidən almışdır. Məhəmməd Nuri Əfəndi ona Molla Caminin “Kafiyə Şərhi”nə qədər elmi bilgiləri öyrətmişdir. İ.Şirvani 1800 ildə Ərzincana gedərək dövrün məşhur alimlərindən biri olan Övliyazadə Əbdürrəhman əfəndidən biliklərini təkmilləşdirmək vasitəsilə icazənamə (diplom, şəhadətnamə) alır.