MƏHCUR ŞİRVANİ
(? – ?) – şair. 18 əsrin ikinci yarısında Şamaxı və Fitdağ şəhərlərində yaşamış ünlü şairlərdən olmuşdur. Nəsihətamiz və didaktik səpkidə yazılmış “Qisseyi-Şirzad” məsnəvisində sədaqət və mərdlik tərənnüm edilmişdir. Nağıl-dastan ünsürlərinin güclü olması şairin folklordan təsirləndiyini göstərir.
MƏHƏLLƏLƏR
Şamaxı şəhərinin bölündüyü hissələr.
1617 ildə Şamaxıda olmuş alman alimi Adam Oleari yazırdı: “Şamaxı hər iki tərəfdən ayrıca divarlar ilə əhatə olunmuş iki hissədən ibarətdir. Burada müsəlmanlardan başqa gürcü, yəhudi, rus və hind tacirləri də yaşayır və ticarətlə məşğul olur.
MƏHƏMMƏD İBN YƏZİD
(? – 4.6.956) – Şirvanşah [948 – 956], Əbu Tahir Yəzid ibn Məhəmmədin oğlu. Atasının ölümündən sonra hakimiyyətə keçmişdi. Oğlanları Əhmədi Laican (Layzan), Heysəmi isə Təbərsaran (Tabasaran) hakimi təyin etmişdi. Hələ atasının sağlığında Şirvanşahlar dövlətinin həyatında mühüm rol oynayan Məhəmməd ibn Yəzidin dövründə Şirvanda iqtisadi həyat nisbətən dirçəlmişdi.
MƏHƏMMƏD NURİ ƏFƏNDİ ŞİRVANİ
(? – ?) – din və şəriət alimi. Həyatı barəsində müfəssəl məlumat yoxdur. Əslən şamaxılıdır. 18 əsrin ikinci yarısı və 19 əsrin əvvəllərin Şamaxı şəhərində yaşamış və müəllimlik etmişdir. Şirvanlı Baba Əfəndidən mükəmməl dini və elmi təhsil almışdır.
MƏHƏMMƏD ŞƏMSƏDDİN ŞİRVANİ
(Məhəmməd ibn Əhməd ibn Saleh, ? – 1300, Şamaxı ş.) – hüquqşünas, fəlsəfə alimi. Sufi təriqətinin tərəfdarı idi. Bu barədə Səlahəddin Xəlil ibn Aybək Səfədi özünün “Əl-Vafi bi-l-vəfayət” adlı əsərində məlumat vermişdir.
MƏHƏMMƏD ŞİRVANİ
Məhəmməd ibn Əbubəkr (? – ?) – 13 əsr musiqişünası. Şəhabəddin Şirvanidən ərğənun (içərisində olan borulara körüklər vasitəsilə hava verilərək çalınan klavişli böyük musiqi aləti) çalmağı öyrənmişdir.
MƏHƏMMƏD TƏRRAH ŞİRVANİ
(? – 1904) şair. 19 əsrin ikinci yarısı və 20 əsrin əvvəllərində yaşamışdır. Mədrəsədə təhsil almış, fars dilini öyrənmişdir. “Beyt üs-səfa” məclisinin iştirakçısı olmuşdur. Şeirlərinin az bir qismi bizə gəlib çatmışdır.
MƏHƏMMƏD YUSİF ŞİRVANİ
(? – ?) – alim, təbib. “Tibbnamə” adlı əsərin müəllifidir. 18 əsrdə yaşamışdır. Doğum və ölüm ili bağlı səhih məlumat yoxdur. Sonuncu Səfəvi hakimi dövründə Şirvanda eşik ağası olan Lütfəli bəyin yanında həkim olmuşdur.
MƏHƏMMƏDSƏİD XAN
(? – 1786, Salyan) – Şamaxı xanı [1747-68; 1774]. Xançobanı tayfasından idi. 18 əsrin ortalarında Məhəmmədsəid xan qardaşı Ağası xanla birlikdə Nadir şahın dağıtdığı Şamaxını abadlaşdırmış və özlərini xan elan etmişdilər. 1763 ildə Yeni Şamaxını (Ağsu) tutaraq Şamaxı xanlığına birləşdirmişdi.