1985 ildə çəkilmiş Azərbaycan bədii filmi. Filmin əsasını paralel inkişaf edən iki hadisə təşkil edir. Birinci süjet kəndə toy səhnəsini lentə almağa gələn kino işçilərinin fəaliyyətindən danışır. Çəkiliş zamanı rejissor (Həsənağa Turabov) görür ki, ssenari və çəkilən material real həyatdan çox uzaqdır. Beləliklə o, uydurma toy səhnəsi əvəzinə kənddə olan toyu lentə alır. Əsl toyla bağlı əhvalatlar isə filmin ikinci süjet xəttini təşkil edir. Burada şən və qüssəli əhvalatlar bir-birinə üzvi surətdə bağlanıb. Eyni zamanda tamaşaçı kənd həyatının maraqlı və zəngin ənənələri, adətləri ilə tanış olur. Bu əyləncəli kinokomediya hər şeydən əvvəl insan səadəti, bu səadət uğrunda aparılan mübarizə haqqındadır. Film Şamaxının Məlhəm kəndində çəkilib. Rejissor Ceyhun Mirzəyev, Vaqif Mustafayev, ssenari müəllifi Mövlud Süleymanlı, Operator Ələsgər Ələkbərov, Rəssam Elbəy Rzaquliyev, Rafiq Nəsirov, Bəstəkar Emin Sabitoğludur. Baş rollarda Həsənağa Turabov, Yaşar Nuri, Şamil Süleymanov, Səyavuş Aslan, Hacı İsmayılov, Natəvan Məmmədova Nəsibə Zeynalova və başqaları çəkilmişlər.
Mənbə: www.shamakhi-encyclopedia.az