XƏLVƏTİLİK
Dini təriqət. 13-14 əsrlərdə Cəmaləddin Təbrizi, Zahid Gilani və Lahıclı Ömər Xəlvəti tərəfindən Şirvana gətirilən və burada formalaşmağa davam edən Xəlvətilik, adını qurucusu Pir Ömərin dağlarda və meşələrdə xəlvətə çəkilərək yalnızlıq halında təfəkkür və ibadət etməsindən almışdır. Ərbəin və çilə də adlandırılan “Xəlvət” prinsipi sufinin yetişdirilməsində tətbiq edilən psixoloji və pedaqoji bir metod idi. Qırx günlük yalnızlıq daha çox xanəgahda, xüsusi dar bir hücrədə və sufi mürşidin nəzarəti altında gerçəkləşdirilirdi. Burada yemə, içmə, yatma, söhbət kimi nəfsin istəklərinə qoyulan məhdudiyyətlər ilə sufinin öz iradəsini nəzarət altına alması, zikr, təfəkkür və ibadətlə qəlb gözünün açılması, qəlbin mənəvi ilhamları qəbul etməyə uyğun hala gəlməsi məqsədi güdülürdü. Xəlvətilər bu prinsipin yerinə yetirilməsində böyük diqqət göstərər və bunu ildə bir dəfə tətbiq edərdilər.