Ağa Məsih Məhəmməd oğlu Şirvani (1687-1765), – Azərbaycan şairi. Şamaxı şəhərinin yaxınlığındakı Dədəgünəş kəndində doğulmuşdur. Qəzəl və müxəmməslərində Füzuli və Nişat Şirvani yaradıcılığının təsiri duyulur. Xalq şeiri ruhunda qoşmalar yazmışdır. Bəzi şeirlərində dünyəvi məhəbbəti tərənnüm etmiş, zülm və haqsızlıqdan şikayətlənmişdir. Ağa Məsih Şirvani tarixi mənzumələr də yazmışdır. Bizə gəlib çatmayan “Şahnamə” əsəri Qubalı Fətəli xana həsr olunmuşdur. Feodal çəkişmələrindən bəhs edən başqa bir mənzuməsi 18 əsr Azərbaycan ictimai-siyasi həyatını öyrənmək baxımından əhəmiyyətlidir. Azərbaycan şairlərindən Vaqif, Zakir, Zülali, Sabir və b. Ağa Məsih Şirvaninin şeirlərinə nəzirələr, bənzətmələr yazmışlar. M. F. Axundov, F. B. Köçərli, S. Mümtaz onun ədəbi irsini yüksək qiymətləndirmişlər.
Əd.: Azərbaycan Milli Ensiklopediyası, I cild, Bakı, 2009, s.152