Abbasqulu Əlabbas oğlu Mehdizadə (1874, Şamaxı – 11.5.1918, Gəncə) – şair, nasir, dramaturq, publisist, maarif xadimi. Ruhani ailəsində doğulmuşdur. Şamaxıda məhəllə məktəbində (1881-93), Məşhəddə (İran) mədrəsədə (1894), Tehranda “Mədrəseyi-nizamiyyeyi-Nasiriyyə” darülfünununda (1894-1900) təhsil almış, göz həkimi ixtisasma yiyələnmişdir. Qaşqay (İran) xanı Zərğamüssəltənənin sarayında həkim (1900-01), Şamaxı realnı məktəbində Azərbaycan dili müəllimi (1906-18) işləmişdir.
Abbas Səhhət ədəbi yaradıcılığa 19 əsrin sonunda başlamış, 20 əsrin əvvəlində lirik-romantik (“Oxucularıma”, “Dilbəri-hürriyyətə”, “Şikayət”, “Tərcümeyihalım, yaxud hülulum”, “Şair, şeir pərisi və şəhərli”), realist-satirik (“Əkinçi nəğməsi”, “Özlərini sevənlərə”, “Alimnümalar”, “Kəlniyyət” satiraları) şair, tərcüməçi (A.S.Puşkindən, M.Y. Lermontovdan, İ.A.Krılovdan, Qərbi Avropa şairlərindən tərcümələr), nasir (“Bədbəxt ailə”, “Qaragünlü Həlimə”, “Volqa səyahəti”), dramaturq (“Cəhalət səmərəsi, yaxud bir yetimin xoşbəxtliyi”, “Yoxsulluq eyib deyil”, “Tağı və Nağı”), publisist (“Təzə şeir necə olmalıdır?”, “Qara xəbər”, “Məktəblərdə ana dili”) kimi çoxşaxəli fəaliyyət göstərmişdir. Abbas Səhhətin “Sınıq saz” (1912), “Məğrib günəşləri” (1912), “Cəhalət səmərəsi, yaxud bir yetimin xoşbəxtliyi” (1914) kitabları, “Yeni məktəb” (1909), Mahmud bəy Mahmudbəyovla birgə “Türk ədəbiyyatına ilk qədəm” (1914) dərslikləri nəşr olunmuşdur. Yaxın dostu Sabirin əsərlərini toplayaraq, vəfatının ildönümü gününədək ilk dəfə “Hophopnamə” adı ilə nəşr etdirmiş (1912), çox gözəl ön sözüylə Mirzə Əli Əkbər Sabirin yığcam tərcümeyi-halını qələmə almışdı.
Abbas Səhhətin əsərlərinin əsas qəhrəmanı vətəndir, millətdir:
Hər kimin qəlbi, ya vicdanı deyildir satılıq,
Hər kimiıı daş kimi yoxdur ürəyində qatılıq,
Millətin halını gördükcə gərəkdir yansın
Dərdinə qalmağı daim özünə borc bilsin.
Vətən uğrunda gərək şəxs fədakar olsun,
Böylə mövsiimdə yatan kimsələrə ar olsun.
…Ya ər ol ortaya çıx, gəl kömək et qardaşına,
Ya gedib evdə otur, həm də ləçək sal başına.
Başqa bir şeirində vətənpərvər şair belə deyir:
Şişə çəkməkdə diriykən ətimi,
Atmaram mən Vətəni, millətimi…
Maarifçilik, islamçılıq və türkçülük baxışları zəminində istiqlaliyyət, siyasi azadlıq, milli müstəqillik uğrunda mübarizə Abbas Səhhət yaradıcılığının leytmotivini təşkil edir. Şairin “Fəryadi-intibah, yaxud amali-vətənpərvəranə”, “Dilbəri-hürriyyətə”, “Qəzet nədir?”, “Bəradərim Abdulla Şaiq cənablarına”, “Bəradərim Firidun bəy Köçərli cənablarına”, “Şair, şeir pərisi və şəhərli”, “İrəli” və s. əsərlərində intibaha çağırış nidaları qabarıq surətdə ifadə olunmuşdur:
Böylə qoyulmuş aləmin binası,
Dəyişməkdir tərəqqinin əsası.
Bəxt, qismət kimi əlfazı ıınut,
Səy eylə, bazuyu-iqbalını tut.
1917 il Fevral inqilabından sonra Abbas Səhhətin istiqlal haqqında düşüncələri konkretləşir, onların əməli surətdə həyata keçirilməsi üçün axtarış dövrü başlanır. Ədibin yaradıcılığında, xüsusilə publisistikasında cümhuriyyət quruluşunun təbliği ön plana keçir, Oktyabr çevrilişindən sonra isə ölkədə yaranmış hərc-mərclikdən xilas olmaq üçün “mükəmməl, adil, tərəqqipərvər bir Hökumətimizin” qurulması zəruri siyasi tələb kimi irəli sürülürdü.
“Millət məclisi” məqaləsində isə Abbas Səhhət maarifçilik dünyagörüşündən çıxış edərək, “cümhuri” idarəyə malik olmaq üçün vətəndaşlarda “cümhuriyyəti ruh” tərbiyə etməyi başlıca şərt sayırdı. Şairin fıkrincə, “öz hüquq və vəzifəsinə, bəşəriyyət haqqına, insanlıq vəzifəsinə” bələd olmayan xalq qazandığı azadlığı qoruyub saxlaya bilməz. Şair ziyalıları səfərbər edib xalqın arasına göndərməyi, “vaxt və zamana münasib vəzifə və hüquqi-bəşər haqqında, hürriyyət və məşrutiyyət babında sadə və asan bir dil ilə camaata bəyanat verməyi” lazım bilirdi. O, əhalini siyasi cəhətdən maarifləndirdikdən sonra hürriyyətin “möhkəm və payidar” olacağına inanırdı. Abbas Səhhət özünü belə amal uğrunda mübarizəyə hazırlayırdı.
1918 ilin martında erməni-daşnak quldur dəstələrinin Şamaxıda törətdiyi soyqırımından sonra başlanan qaçqın həyatı, üzləşdiyi məşəqqət və nəhayət, yatalaq xəstəliyi şairin ölümü ilə nəticələndi. O, cümhuriyyət barədə arzularını həyata keçirmək üçün əməli fəaliyyət göstərə bilmədi.
Əd.: Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, Bakı,“Lider Nəşriyyat”, 2004, s. 95