Şamaxı r-nu Adnalı kənd i.ə.d.-nin mərkəzi. Rayon mərkəzindən 7,5 km cənub-qərbdə, Ləngəbiz silsiləsindəki Orta bulaq dərəsinin sağ tərəfində, Adnalı yaylasında yerləşir. Əhalisi 1005 (2008) nəfərdir, 175 təsərrüfatı var; taxılçılıq, heyvandarlıq və üzümçülüklə məşğuldur. Tam orta məktəb, uşaq bağçası, tibb məntəqəsi, klub, kitabxana var.
19 əsrdə Şamaxı qəzası Kürdəmir sahəsinin Hacısəmidli nahiyəsində Adnalı köçü (37 ailə, 21 nəfər) qeydə alınmışdır. 1933 ildə bu kənd Kələxana i.ə.v.-nin tərkibində qeydə alınmışdır. Adna qədim türk dillərində adana/adına/aduna formasında olub “axtalanmış dəvə; at ilxısı; at saxlanılan yer” mənalarında işlənmişdir. Şamaxı r-nu yaxınlığında, Ağsu r-nununa aid İlxıçı kəndinin olması bir daha əsas verir ki, Adnalı sözü “ilxısı olan, at saxlanılan yer” kimi izah olunsun.
Əd.: Azərbaycan Milli Ensiklopediyası, I cild, Bakı, 2009, s. 96
“Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 12
N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, s.88