Şamaxı r-nunun Saqiyan kənd i.ə.d.-nin mərkəzi. Rayon mərkəzindən 18 km qərbdə Ləngəbiz silsiləsindədir. Әhalisi 646 (2009) nəfərdir, 145 təsərrüfatı var. Tam orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, doğum evi var. İkinci Dünya müharibəsində həlak olmuş həmyerlilərin şərəfinə abidə qoyulmuşdur.
19 əsrə aid bir sənəddə Bakı quberniyası Şamaxı qəzasının Qoşun sahəsində Saqiyan adlı kənd (160 ailə, 936 nəfər əhali) qeydə alınmışdır.
Yaşayış məntəqəsi ərazidəki şirin sulu axarsız kiçik göl ilə əlaqədar adlandırılmışdır. Türk dillərindəki saqa (çayın mənsəbi, su olan yer) və yan (kənar, sahil) komponentlərindən düzəlib, “suyun sahili, kənarı” mənasındadır.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, II cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 170
N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, s.30