(26.4.1908, Cənubi Azərbaycan, Əndəbil k. – 28.9.1978, Bakı) – Azərbaycan yazıçısı, ədəbiyyatşünas, Azərbaycanın əməkdar elm xadimi (1969), respublika Lenin komsomolu mükafatının fəxri laureatı (1968), filologiya elmləri doktoru (1947), professor (1948).
Gəncə Darülmüəllimini bitirmiş, Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində (1930-32), Azərbaycan Dövlət Elmi-Təqiqat İnstitutunun aspiranturasında təhsilini davam etdirməklə yanaşı, müəllimlik etmişdir (1932-35). Onun ədəbiyyat nəzəriyyəsinə dair araşdırmaları, xüsusilə məşhur “Ədəbiyyatşünaslığın əsasları” dərsliyi Azərbaycan filoloji mühitində diqqətəlayiq yer tutur. Ədibin “Klassik irs və müasirləri”mizə dair məqalələri, monoqrafik tədqiqatları, “Azərbaycanda ədəbi məktəblər” mövzusunda yazdığı doktorluq dissertasiyası, “Füzuli sənətkarlığı”, “Cəlil Məmmədquluzadə realizmi haqqında” və sair bu kimi əsərləri onun ədəbi-nəzəri düşüncə ilə ardıcıl və sistemli şəkildə məşğul olmasını təsdiqləyən çox ciddi faktlardır. 1928 ildən ədəbi fəaliyyətə başlamışdır. “Kommunist” qəzetində şöbə müdiri, “Gənc işçi” qəzetində məsul katib, həm də Azərbaycan EA Ədəbiyyat İnstitutunda elmi işçi olmuşdur (1932-35). Uzun illər Azərbaycan Dövlət Universitetində çalışmışdır. Azərbaycan ədəbiyyatı kafedrasının müdiri olmuşdur (1961 ildən). SSRİ yazıçılarının II, III, IV qurultaylarına (1954, 1959, 1967) nümayəndə seçilmişdir. Ədibin “Dirilən adam”, “Bir gəncin manifesti”, “Yaşıdlar” əsərləri indi də sevilərək oxunur. Şamaxı əsilli şair və ədiblər – Arif Şirvani, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Abbas Səhhət, Sultanməcid Qənizadə haqqında tədqiqatların müəllifidir. Qırmızı Əmək Bayrağı, Oktyabr İnqilabı və iki dəfə Şərəf nişanı ordenləri ilə təltif olunmuşdur. İkinci Fəxri Xiyabanda dəfn edilmişdir. Bakı küçələrindən birinə onun adı verilmişdir.
Əd.: ASE, VI c, Bakı, 1982, s.586