Şamaxı r-nu Qızmeydan kənd i.ə.d.-nin mərkəzi. Rayon mərkəzindən 30 km şimal-şərqdə, Qozluçayın sağ sahilindən 3 km aralı, Qızmeydan platosundadır. Şosse yolu Qızmeydanı Şamaxı ilə birləşdirir. Əhalisi 1114 nəfərdir (2009), 258 təsərrüfatı var. Əhalisi taxılçılıq və heyvandarlıqla məşğuldur. Məişət xidməti obyektləri, tam orta məktəb, kitabxana, klub, xəstəxana və rabitə şöbəsi var.İkinci Dünya müharibəsində həlak olmuş həmyerlilərin şərəfinə abidə qoyulmuşdur. Yaxınlığında mineral bulaq var.
Müəyyən müddət adı Astraxanka olmuşdur. Çar hökumətinin Rusiyanın mərkəzi quberniyalarından müxtəlif dini təriqət nümayəndələrini (molokan, baptist, duxobor və b.) milli ucqarlara, o cümlədən Azərbaycana köçürmə siyasəti ilə əlaqədar 1849 ildə Həştərxan vilayətindən köçüb gələnlər burada məskən salmışlar. Astraxanka – “Həştərxandan gələnlər” mənasındadır. Rusların gəlişinə kimi bu ərazi Şirəli bəyin mülkü, qalan sahələr isə Kolanı və Quşçular tərəfindən yazlaq kimi istifadə olunmuşdur.
Əd.: ASE, I cild, Bakı, 1976, s.446
“Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 51.
N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, s.121