(10.10.1911, Naxçıvan MR, Şərur r-nunun Maxta k. – 1.4.1993, Bakı) – Azərbaycan ədəbiyyatşünası, tərcüməçi, mətnşünas, filologiya elmləri doktoru (1968), professor (1971), Azərbaycanın əməkdar elm xadimi (1980), Azərbaycan EA müxbir üzvü (1983), Türk Dil Qurumunun (Türkiyə) müxbir üzvü (1971), Səlcuq Universitetinin (Türkiyə) fəxri doktoru (1988). Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir.
“Gənc işçi” qəzeti redaksiyasında məsul redaktorun müavini (1933-34), “Ədəbiyyat” qəzetində məsul katib, “Azərnəşr”in bədii ədəbiyyat şöbəsinin müdiri (1937-39), Opera və Balet Teatrının və Dövlət Filarmoniyasının direktoru (1940-41) olmuşdur. ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri (1971-79), Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru vəzifələrində çalışmışdır (1979 ildən). “Sabir və müasirləri” monoqrafıyası Təbrizdə fars dilində çap olunmuşdur. M.Ə.Sabir, H.Nəzərli, S.Ə.Şirvani, S.M.Qənizadə və başqalarının əsərlərini rus və Azərbaycan dillərində tərtib və nəşr etdirmişdir. M.Ə.Sabir haqqında xatirə və məqalələri toplayıb ön sözlə “Sabir xatirələrdə” (1982) adı ilə kütləvi tirajla çap etdirmişdir. I dərəcəli Vətən müharibəsi ordeni və medallarla təltif olunmuşdur.
Əd.: ASE, IV cild, Bakı, 1980, s.498