Məmmədov Zahid Lətif oğlu (10.5.1957, Şamaxı ş.) – şair, yazıçı və tərcüməçi. M.Qorki adına Ədəbiyyat İnstitutunu (Moskva) bitirmişdir. Şamaxıda çıxan “Yeni Şirvan” qəzetində müxbir, şöbə müdiri, “Ədalət” qəzetinin zona müxbiri, Avrasiya Mətbuat Fondunun “Avrasiya” nəşriyyatında, “Şərq-Qərb” nəşriyyatında texniki redaktor, korrektor və redaktor kimi çalışmışdır.
Hazırda Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin nəşr etdirdiyi “Xəzər” dünya ədəbiyyatı jurnalının redaktorudur. “Əlifba bayramında qətl”, “Dərdin sarı çəpkəni”, “Kül” romanlarının, “Üfürülmüş çırağın ruhu”, “Tək işığın haləsi” şeirlər kitabının müəllifidir. Rus yazıçı və şairləri M.Prişvin, S.Mixalkov və A.Bartonun seçilmiş əsərlərini, ingilis klassik mütəfəkkiri Con Miltonun “İtirilmiş cənnət” və “Qaytarılmış cənnət” epopeyalarını Azərbaycan dilinə tərcümə etmişdir. Prezident təqaüdçüsüdür (2009).
Məlumat Z. Sarıtorpaqdan alınmışdır.