Şamaxı r-nu ərazisində dağ. Qozluçayla Çigilçay arasındadır. Hün. 901 m. Tədqiqatçılara görə, dağın adı “mülk”, “yaşayış yeri”, “ölkə”, “torpaq” mənalarını bildirən yurt (yurd) sözündən, məkan bildirən – ən şək.-sindən və dağ coğrafı terminindən ibarət olub, “yurd yeri olan dağ” mənasındadır.
Dağ keçmişdə maldar əhalinin yurd yeri olduğu üçün belə adlandırılmışdır. Yurpəndağ variantında da qeydə alınmışdır. Bu variantda dağın adı “titrəyən, əsən dağ” kimi izah edilir və ərazidəki zəlzələlərlə əlaqələndirilir.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, II cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 288