1958 ildə üzüm plantasiyaları salmaq məqsədilə təpəlik sahədə təsərrüfat işləri aparılarkən Xınıslı yaşayış yeri ilə birlikdə aşkar edilmişdir. 300-dən çox gümüş sikkə tədqiq olunmuşdur. Sikkələr Roma (denari), Afina (5 tetradraxma), Frakiya (3 tetradraxma), Vifiniya (7 tetradraxma), Pont (1 tetradraxma), Selevki (76 tetradraxma), Arşaki (161 draxma) və yerli bənzətmə alban (72 ədəd) pullarından ibarətdir. Dəfinədə ən qədim pul Lisimaxın (e.ə. 323-281) Frakiyada zərb edilmiş tetrdraxması, ən sonuncu isə III Fraatın (e.ə. 70-58) Arşaki draxmasıdır. Dəfinənin e.ə. təqribən birinci əsrin III rübündə basdırıldığı ehtimal olunur. Sikkələrlə yanaşı, gümüş bəzək əşyasının bir parçası (5,52 qr), yastı gümüş lövhə (58,74 qr), gümüş külçə (29,96 qr) da tapılmışdır. Külli miqdarda bənzətmə alban sikkələri ilk dəfə Xınıslı dəfinəsində aşkar edilmişdir. Bu sikkələr əsasında əvvəllər ayrı-ayrı yerlərdən tapılmış naməlum pulları müəyyənləşdirmək mümkün olmuşdur. Xınıslı dəfinəsi hələ eramızdan əvvəl Azərbaycanda yerli sikkələr kəsildiyini, geniş pul əmtəə tədavülünün olduğunu göstərir.
Əd.: “Şamaxı Tarix Diyarşünaslıq Muzeyi”, Bakı, 2009, s.46