Azərbaycan Respublikasının Şamaxı şəhərindən 1-1,5 km şimal-qərbdə qədim məskən və qəbiristan. Arxeoloji qazıntılar (1958 ildən) nəticəsində zəngin maddi mədəniyyət nümunələri, pul dəfinəsi və s. aşkar edilmişdir. Yaşayış məskəni müxtəlif təbii və siyasi hadisələrlə əlaqədar dəfələrlə öz yerini dəyişmişdir. Mədəni təbəqənin qatı Kür-Araz mədəniyyətinə aiddir. Gil qablar, daş və sümükdən alətlər, silahlar, buranın ilk Tunc dövründə böyük yaşayış yeri olduğunu göstərir. E.ə. təqribən 6-5 əsrlərdə Xınıslı iri yaşayış məskəninə çevrilmiş, e.ə. I minilliyin sonlarında isə şəhər kimi formalaşmışdır. Tapılmış sütun altlıqları, kirəmit qırıqları, özüllər Xınıslıda iri binaların mövcud olduğunu göstərir. Eramızın ərəfəsində şəhər tamamilə dağıdılaraq xarabalığa çevrilmişdir. Müxtəlif formalı, zövqlə bəzədilmiş keramika, incə şüşə qablar və metal məmulatı şəhərdə sənətkarlığın, Ön Asiya, Roma və qonşu ölkələrdən gətirilmiş bəzək əşyaları, şüşə qablar və s. isə geniş iqtisadi və mədəni əlaqələrin inkişafını göstərir. 6 əsrdə Sasanilərin şimala hərbi yürüşləri zamanı Xınıslı dağıdılmışdır. Qəbiristanda xeyli daş qutu qəbir tədqiq edilmiş, Sasani pulu, möhür, şüşə, gümüş, saxsı qab və s. tapılmışdır. Xınıslıda yaşayış izləri ərəb istilalarına qədər mövcud olmuşdur. Maddi mədəniyyət nümunələri Xınıslını, yunan coğrafiyaşünası Ptolemeyin Qafqaz Albaniyasının yaşayış məntəqələri sırasında adını çəkdiyi Kemaxa və ya Memaxiya ilə eyniləşdirməyə imkan verir.
Əd.: ASE, X cild, Bakı, 1987, s.89-90