Dini təriqət. 13-14 əsrlərdə Cəmaləddin Təbrizi, Zahid Gilani və Lahıclı Ömər Xəlvəti tərəfindən Şirvana gətirilən və burada formalaşmağa davam edən Xəlvətilik, adını qurucusu Pir Ömərin dağlarda və meşələrdə xəlvətə çəkilərək yalnızlıq halında təfəkkür və ibadət etməsindən almışdır. Ərbəin və çilə də adlandırılan “Xəlvət” prinsipi sufinin yetişdirilməsində tətbiq edilən psixoloji və pedaqoji bir metod idi. Qırx günlük yalnızlıq daha çox xanəgahda, xüsusi dar bir hücrədə və sufi mürşidin nəzarəti altında gerçəkləşdirilirdi. Burada yemə, içmə, yatma, söhbət kimi nəfsin istəklərinə qoyulan məhdudiyyətlər ilə sufinin öz iradəsini nəzarət altına alması, zikr, təfəkkür və ibadətlə qəlb gözünün açılması, qəlbin mənəvi ilhamları qəbul etməyə uyğun hala gəlməsi məqsədi güdülürdü. Xəlvətilər bu prinsipin yerinə yetirilməsində böyük diqqət göstərər və bunu ildə bir dəfə tətbiq edərdilər.
Xəlvətilik 15 əsrin ilk rübünə qədər mərkəzi Şamaxı olmaqla Şirvanda fəaliyyət göstərən məhəlli bir təriqət idi. Ancaq təriqət, bu dövrdə Şamaxıdan Bakıya gələn gənc bir sufi şeyx tərəfindən yeni bir mərhələyə qədəm qoydu. İmam Musa Kazım nəslindən, Şirvanşahlar dövlətində Nəqibül-əşraf vəzifəsində olan Seyid Bəhaəddinin oğlu Seyid Cəmaləddin Yəhya, Xəlvətilərin yeni mürşidi oldu.
Xəlvətiyyə təriqəti Seyid Yəhyanın xəlifələri vasitəsi ilə Azərbaycan, Anadolu, İran, Orta Şərq, Şimali Afrika və Balkanlarda geniş şəkildə yayılmışdır. Xəlvətiyyədə ən çox xəlifə yetişdirən və bunları ətrafa göndərən mürşid Seyid Yəhya qəbul edilir. Xəlifələrinin əksəriyyəti Osmanlı və Bəyliklər Anadolusundan gələn şəxsiyyətlərdir. Onların bir çoxu təhsillərini tamamladıqdan sonra icazənamə alaraq yenidən Anadoluya qayıtmış və buralarda Xəlvətilik məktəbini yaymışlar. Bu şeyxlər ilə onların davamçıları xəlvətiliyi türk və islam dünyasının ən böyük təriqətlərindən biri halına gətirmişlər. Xəlvətiyyə, Seyid Yəhyanın vəfatından bir əsr sonra, qırxdan çox şöbə və qola sahib ən çox müntəsibi və təkkəsi olan təsəvvüf məktəbi olaraq, islam dünyasının ən böyük təriqətinə çevrilmişdir. Bu vəziyyət daha sonrakı əsrlər boyunca da artaraq davam etmişdir. Buna görə müntəsiblərinin sayının yüz minlərə çatdığı təxmin edilə bilər. Bu xəlvətiyyənin necə böyük bir təsir gücünə və yayılma qabiliyyətinə malik olduğunu göstərməkdədir.
Xəlvətiyyə təriqəti, Seyid Yəhya tərəfindən yenidən təsis edilib yayıldığı üçün, bütün xəlvətiyyə şöbələrinin başında onun adı mövcuddur. Hətta silsilənamələrdə bir çox şöbənin və qolun silsiləsi, Seyid Yəhya Şirvani ilə başlamaqdadır. Şöbələrin təşəkkülündə bəzən yenilikçi (mücəddid) şeyxlərin təriqət içində ortaya çıxmasının rolu olmuşdur. Belə ki, heç bir təriqət içərisində bu qədər çox qüvvətli xarakteri və xüsusiyyəti olan şeyx mövcud olmamışdır. Zaman içərisində ortaya çıxan bu mürşidlər, mənsubu olduğu xəlvətiyyə təriqəti içərisində, bəzi məsələlərdə yenilik gətirmə ehtiyacı duymuşlar. Hər yenilik bir dəyişmə olduğu üçün, o yeniliyi gətirən mürşidin adı ilə xatırlanar olmuş və bir şöbə adı alaraq ortaya çıxmışdır. Daha sonra şöbələrdən də qollar çıxmışdır.
Əd.: R. Mehmet, “Seyid Yəhya Bakuvi və Xəlvətilik”, “Qismət Nəşr”, Bakı. 2005.