Nuru paşanın komandanlığı altında 1918-ci ildə Azərbaycan xalqına qardaşlıq köməyinə gəlmiş Qafqaz İslam Ordusunun (QİO) döyüşçüsü olan naməlum türk hərbçisinin Bakı-Şamaxı avtomobil yolunun kənarında, Acıdərə vadisində qəbri. Qədir Əfəndi adlı türk zabitinin qəbri olduğu ehtimal edilir.
Şamaxının Təklə kəndinin Məlik Məmməd adlı sakini bu qəbri abadlaşdıraraq, üstünü götürmüşdür. Qəbrin üzərinə qoyulmuş sənduqədə aşağıdakı kitabə həkk olunmuşdur: «Bir türk oğlu qəhrəmanındır bu məzar. Gör necə yer ilə yeksan eləyibdir xar-zar. Ərseyi – hərb içrə bir aslanındır bu məzar. Bu qəbir Osmanlı alayı qoşunlarından olan zabitin qəbridir. Qafqaza gəldi, müharibə etdi və şəhid oldu… 1336-cı ildə şərəfli şəhadət daddı, ilqarını seçdi» (yazıda şəhidlik tarixi 1336-cı il göstərilir. Əslində, 1918-ci il hicri-şəmsi ilə 1334-cü ilə uyğun gəlir).
Qəbir 1964-cü ildə yenidən abadlaşdırılmışdır. Bu dəfə belə bir qayğını əslən şamaxılı olan Bakı sakini Babaxan Qara oğlu Rzaxanov öz üzərinə götürmüşdür. Türk əsgərinin qəbrinin üstü və ətrafı sonuncu dəfə 2000-ci ildə abadlaşdırılmışdır. Bu işin təşəbbüsçüsü Türkiyənin Azərbaycandakı hərbi attaşesi tuğgeneral Sadık Ercandır. Qəbrin abadlaşdırdması və yaxınlıqdakı meydançada QİO-nun şəhid olmuş döyüşçülərinə qoyulmuş abidə türk mütəxəssisləri tərəfindən layihələşdirilmişdir. Abadlaşdırma işləri zamanı qəbrin ətrafı möhkəmləndirilmiş, kənarlarına daş döşənmiş və önündə Azərbaycanın və Türkiyənin bayraqları qaldırılmışdır.
Xatirə abidəsi qəbirdən 250 metr aralıdadır. Abidə səlcuq memarlığının ənənələrinə uyğun ucaldılmışdır. Əsasını 2,5 metr hündürlüyündə 1,20×1,20 metrlik platforma üzərində qranit daş təşkil edir. 74,24 kv.m sahəni əhatə edən abidənin ön tərəfındə ağ rəngdə ay-ulduz şəkli və kitabə həkk edilmişdir.
Əd.: Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, II cild, Bakı,“Lider Nəşriyyat”, 2005, s. 413