Turizm baxımından Şamaxı r-nunun zəngin mədəni irsi, tarixi, əlverişli təbii turizm-rekreasiya və s. ehtiyatları vardır. Coğrafi mövqeyinə görə Şamaxı rayonu ölkə turizminin inkişafı üçün ən cəlbedici məkanlardan biri hesab olunur. Bu da onunla əlaqəlidir ki, Şamaxı rayonu paytaxt Bakı şəhərinə yaxındır və istirahət mərkəzləri çoxdur.
Şamaxı rayonu Şirvan regionunun tarixi mərkəzidir, Şirvanşahlar dövlətinin min ilə yaxın paytaxtı olmuşdur. Rayonda turizmin inkişafı baxımından kifayət qədər ehtiyatlar mövcuddur. Belə ki, görkəmli elm-mədəniyyət xadimləri, turizm infrastrukturu, əlverişli coğrafi mövqeyi, iqlimi, müalicəvi mineral su ehtiyatları, fauna-florası, kənd təsərrüfatı, təbii-tarixi abidələri, tanınmış el sənətkarları bu rayonun iftixarıdır.
Şamaxı şəhəri haqqında turistlər və yaxud qonaqlarda ilk təəssürat şəhərə çatanda yaranır. Belə ki, şəhərin giriş hissəsində onun qədimliyini divarlarında Böyük İpək yolunu xatırladan dəvə karvanının əksi, Qız qalasının maketi, “Koroğlu” meydanı kimi yerlər xatırladır. Burada Şirvanşahlar dövlətinin 11-12 əsr abidəsi olan “Gülüstan” qalası maraqlı turizm obyektidir.
Şamaxıda şəhərin tarixi haqqında ətraflı məlumat verən, zəngin ekspozisiyası olan Tarix-Diyarşünaslıq Muzeyi mövcuddur. M.Ə.Sabirin Ev-Muzeyi, Heydər Əliyev Mərkəzi, Dövlət Rəsm Qalereyası da qonaqların maraqlarına səbəb ola biləcək məkanlardır. M.Ə.Sabirin “Yeddi günbəz” qəbiristanlığındakı məqbərəsi, S.Ə.Şirvaninin “Şahxəndan” qəbiristanlığındakı məzarı və qəbirüstü abidəsi, Qafqazın ən qədim müsəlman məbədi olan Cümə məscidi (8 əsr), 13-14 əsrlərə aid Pirmərdəkan türbəsi, 18 əsrə aid 7 türbədən ibarət olan Yeddi günbəz kompleksi, 8-15 əsrlərə aid Gülüstan qalası, 12-14 əsrlərə aid əfsanəvi Qaleybuğurd qalasının qalıqları rayona gələn turistlər üçün əsl möcüzəli yerlərdir.
Hazırda Şamaxıda Şirvanşahlar dövründə inşa edilən məscidlər, körpülər, hamamlar, karvansaralar, “Gündəyməz” müdafiə istehkamı, “Gülüstan”, “Quşçu”, “Başıbağlı” qalaları və digər tarixi abidə və maddi mədəniyyət nümunələri mövcuddur.
Şamaxı pir və ziyarətgahları ilə seçilən bölgələrimizdəndir. “Şeyxməhəmməd”, “Pir-Mərdəkan”, Mir Səid, Qara Sofi (Yel piri də deyirlər), Şeyx Əyyub piri, Uzun yol piri (Xınıslı məhəlləsində), Qəriblər piri, Yeddi günbəz piri (Kələxana kəndində), Alçalı piri (Pirqulu ərazisində, bu pirə “Ziyil piri” də deyirlər), Dədəgünəş piri və bir çox başqa müqəddəs yerlər insanları daim bu əraziyə cəlb etmişdir.
Şamaxı rayonunda turistlərin marağına səbəb ola biləcək çoxlu sayda sənətkarlıq nümunələri vardır. Burada istehsal olunan ipəklər daim məşhur olmuşdur. Orta əsrlərdən başlayaraq Təbriz və Şamaxı xam ipək toxuculuğunun başlıca mərkəzləri kimi tanınmışdır.
Digər sənət sahələrindən dabbaqlıq, misgərlik, dulusçuluq, dərzilik, zərgərlik, ağacişləmə, oyma sənəti, dəmirçilik və s. Şamaxıda yüksək səviyyədə inkişaf etmişdir. Bu sənətkarların yaratdıqları əl işləri suvenir kimi turistlərin ən çox sevdikləri hədiyyə olur.
Şamaxı mətbəxinin nümunələri öz ləzizliyi, çeşidi və digər xüsusiyyətləri ilə seçilir. Şamaxının gündəlik və mərasim yeməkləri, qənnadı məhsulları bu ərazidə tarixən formalaşmış kulinariya mədəniyyətindən xəbər verir və turistlərdə maraq doğuran amillərdəndir.
Şamaxıya səfər edən turistlərin marağına səbəb ola biləcək məskənlərdən biri də N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasıdır. Bu elmi mərkəzdə çətin müşahidə edilən Cənub səmasının tədqiqatları aparılır. Rəsədxananın muzeyində qiymətli eksponatlar nümayiş etdirilir.
Təbiət bu diyardan heç nəyi əsirgəməyib, torpağına bərəkət, hüsnünə yaraşıq, insanlarına təpər vermişdir. Aqroturizm, kənd yaşıl turizmi baxımından da rayonda əlverişli şərait vardır. Tarixən rayonun ərazisində maldarlıq, arıçılıq və ipəkçilik, eləcə də bağçılıq və üzümçülük kimi sahələr inkişaf etmişdir. Vaxtilə Şamaxının “Abbasi” və “Maləccə” armud sortları bütün Qafqazda məşhur olmuşdur. Üzümçülük və şərabçılıq mərkəzlərindən biri kimi məşhur olan rayonda yerli süfrə şərabları qədimdən hazırlanmış və karvanlar vasitəsilə yayılaraq, bu məkana şöhrət gətirmişdir.
Bütövlükdə rayonun iqlimi mülayim, torpaqları münbit, flora və faunası zəngindir. Rayonun dağlıq zonası müalicə və kurort əhəmiyyətli mineral sularla zəngindir. Rayonun istər tarixi, istərsə də coğrafi baxımdan ərazisi, ekoloji durumu istirahət və turizm üçün olduqca əlverişlidir. Sərin və bol sulu bulaqları, zəngin təbii gözəlliyi, müxtəlif növ tərkibli bitki örtüyü və heyvanat aləmi olan Ulu düzü, Bülövdaş, Şərədil, Dədəgünəş, Qonaqkənd meşələri xüsusilə seçilir. Dəniz səviyyəsindən 1400-1500 metr yüksəklikdə yerləşən Pirqulu zonası istirahət və turizm üçün olduqca əlverişlidir. Hazırda həmin zonada onlarla istirahət guşələri yaradılmışdır. 1968 ildə yaradılan Pirqulu qoruğu, sonradan təşkil olunan Şahdağ Milli Parkının ərazisinə birləşdirildikdən sonra burada piyada gəzinti, idman, macəra, elmi, ovçuluq, atçılıq, ekoloji və s. turizm növlərinin inkişafı üçün ehtiyatlar yaranmışdır. Milli parkın ərazisində cüyür, qaban, çöl pişiyi, tülkü, canavar, ayı, çoxlu quş növləri yaşayır ki, bu da turizm baxımdan əlverişli ehtiyatlar hesab olunur.
Ov həvəskarları olan turistlər üçün Ulu-düzü, Bülövdaş, Xırda meşə, Şahbəyli adlanan ərazilər ov turizminin inkişafı üçün münasib ərazilər hesab olunur.
Rayonda turistlərin istirahəti üçün əsas cəlbedici sahə rayonun şimal hissəsi hesab olunur. Bura əsasən dağlıq, meşəlik və mineral və müalicəvi bulaqları ilə zəngindir. İnsanlar əsasən Çuxurdyurd-Pirqulu zonasında yerləşən Avaxıl, Dədəgünəş, Qaladərəsi, Keçmədin, Sis, Nağaraxana, Qonaqkənd, Meysəri, Mədrəsə, Qızmeydan, Pirbəyli və s. kəndlərdə əsrarəngiz gözəlliyə malik olan ərazilərdə istirahət etməyi çox xoşlayırlar. Xüsusən də yayın qızmar vaxtında buraların havası sərin olur və əyləncə məqsədilə müxtəlif tədbirlərin keçirilməsinə şərait vardır.
Şamaxıda “Sehrli həyat”, “Qızıldaş”, “Qoşabulaq”, “Babayurd”, “Dağlar qoynunda” və s. istirahət mərkəzləri il ərzində ən çox qonaq qəbul edən obyektlərdir. Bura paytaxt sakinlərinin və idman turizmi həvəskarlarının populyar istirahət yeri hesab olunur. Xüsusilə atçılıq, velosiped, qış vaxtlarında isə xizək turizminin inkişafı üçün burada münbit şərait vardır.
Şamaxı şəhərinin mərkəzində yerli və əcnəbi qonaqların istirahəti və yatacağı üçün müasir şəraitli mehmanxana mövcuddur. Pirqulu qəsəbəsində “Fortuna” adlı istirahət zonasında hər cür şəraitli kotteclər var. Rayonda “Şirvan göl”, “Zümrüd”, “Qaya” və s. restoranlar fəaliyyət göstərir.
Rayon ərazisində bir neçə yerdə turistləri maraqlandıran palçıq vulkanlarına rast gəlmək olur. Bunlardan ən böyüyü Şamaxı-Dəmirçi yolunun 30-31-ci kilometrliyində yerləşir. Şamaxı-Çağan yolunun sonunda Ağsuçayın yatağında temperatur 38-390 C olan termal Çağan Bədosu yerləşir. Yüksək mineral tərkibli bu su müalicəvi xüsusiyyətlərə malikdir.
ərazinin mühüm əhəmiyyətlindən biri də magistral yolu yaxınlığında yerləşməsi turizm-ekskursiya baxımından da müəyyən üstünlüklər yaradır. Şamaxıdan respublika əhəmiyyətli Bakı-Qazax şose yolu keçir. Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçməsi rayonda turizmin inkişafına təkan verir. Odur ki, digər rayonlara səfər edən turistlər üçün Şamaxı marşrutu maraqlı ekskursiya yeri ola bilər.
Digər rayonlarda olduğu kimi Şamaxı rayonundada olimpiya idman kompleksi vardır. Rayona gələn turistlərin butada dincəlməsi və müxtəlif idman yarışlarına baxmaq imkanları da vardır. Rayon mərkəzində, Beynəlxalq standartlara uyğun şəhər stadionunda, idman kompleksində idmanla məşğul olmaq, onun ətrafında yerləşən istirahət parkında istirahət etmək üçün hər cür şərait vardır.
Rayonda digər idman turizmi növləri ilə yanaşı burada “Mototurizm” idmanının keçirilməsi imkanları mövcuddur. Bunu 2012 sentyabrın 1-2 tarixlərində Şamaxı rayonunun Avaxıl kəndində keçirilən “Mototurizm” turu təsdiq edə bilər. Avaxıl kəndində keçirilən “Mototurizm” turunda 9 peşəkar, 11 həvəskar bayker və bu sahəyə marağı olan 5 şəxs iştirak edib. Tur zamanı Mototreykin açılması, motosikl idman növünü inkişaf etdirmək üçün təkliflər irəli sürülmüşdür.
Rayonda Turizm İnformasiya mərkəzi fəaliyyət göstərir. Şamaxı şəhərində 9 mərtəbəli (120 yerlik) mehmanxana var. Rayonun giriş hissəsində avtomobil vağzalı vardır ki, buradan avtobuslar Şamaxı-Bakı, Şamaxı-Gəncə, Şamaxı-Şirvan və s. istiqamətlər üzrə hərəkət edir. Hazırda rayona gələn turistlərə ekskursiya məqsədilə Şamaxı-Pirqulu istiqamətində yerləşən tarixi abidələrə marşrutlar təklif olunur.
Son vaxtlar Şamaxı rayonunun Şərədil kəndində yüksək səviyyədə müasir standartlara uyğun beşulduzlu “Şamaxı Palace Platinum” mehmanxanası fəaliyyətə başlamışdır. Bu otel təkcə Şamaxı rayonu üçün deyil, bölgə üçün də əhəmiyyətli turizm obyektidir. Mükəmməl infrastruktura malik olan mehmanxana kompleksindəki şərait böyük turizm potensialına malik olan Şamaxıda turistlərin yüksək səviyyədə qəbulu üçün geniş imkanlar yaratmışdır.
Şamaxı rayon Turizm və İnformasiya Mərkəzinin məlumatına görə hazırda rayonda 1002 yerləşmə yeri olan 26 mehmanxana və mehmanxana tipli obyektlər qeydə alınmışdır. Odur ki, son vaxtlar Şamaxıya gələn turistlərin sayı da artmağa başlamışdır.
Turistlər üçün ən vacibi əlaqə vasitələrinin olmasıdır. Artıq Şamaxıda müasir səviyyəli optik elektronlu NGN (Next Generation Network) şəbəkəsinin yaradılması yerli sakinlərin və qonaqların müasir kommunikasiya vasitələrindən istifadələrinə şərait yaratmışdır. Yaradılan şəbəkə həm Şamaxıdan, həm də “Aztelekom”-dan idarə olunur.
Çingiz Gülalıyev,
kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktoru