NƏZƏRLİ Hacıbaba Hacı Ələsgər oğlu
(22.3.1895, Şamaxı – 1939) – Azərbaycan yazıçısı, ictimai xadim. İlk təhsilini M. Ә. Sabirin “Ümid” məktəbində almışdır. 1920-29 illərdə Qızıl Orduda xidmət etmiş, Azərbaycanda Qırmızı diviziyanın təşkilatçılarından biri və siyasi komissarı, Bakıda çıxan “Qızıl əsgər” qəzetinin redaktoru olmuşdur. 1930-33 illərdə Moskvada Qırmızı Professura İnstitutunda oxumuş, sonra ali məktəblərdə fəlsəfə və xarici ədəbiyyat fənlərindən dərs demişdir. Əsərləri 1925 ildən dərc edilir. Vətəndaş müharibəsi, yeni həyat quruculuğu, qadın azadlığı “Casusun yardımçısı” (1926), “Qışladan kəndə” (1927), “Laçın” (1928), “Satqın”, “Ölülər rəqs edərkən” (hər ikisi 1930) kitablarındakı hekayələrin əsas mövzularıdır.