HÜSEYNOV Teymur Əbdüləli oğlu
(1892, Şamaxı – 1938) – sovet partiya və dövlət xadimi. 1917 ilin sentyabrından Sov.İKP üzvü. 1911 ildə Qori seminariyasını bitirmiş və Bakıda müəllimlik etmişdir. 1917-19 illərdə Tiflisdə müəllimlər institutunda oxumuş, inqilabi hərəkata qoşulmuş, bolşevik “Hümmət” təşkilatının bərpa olunmasında iştirak etmiş, fəhlə və əsgərlər arasında təbliğat işi aparmış, gizli ədəbiyyat yaymış, şəhər qulluqçularının tətilinin iştirakçılarından olmuşdur.