ÇARHAN
Şamaxı rayonu Çarhan kənd i.ə.d.-nin mərkəzi. Rayon mərkəzindən 9 km cənubda, Ləngəbiz silsiləsinin ətəyindədir. Əhalisi 2599 (2009) nəfərdir. 525 təsərrüfatı var. Şərab zavodu, tam orta və doqquzillik məktəb, klub, kitabxana, xəstəxana; arxeoloji abidələrdən orta əsrlərə aid qədim qəbiristan var. Çarhan kəndi ərazisində Çarhan adlı yayla, yol, bulaq, dərə və palçıq vulkanı da var. 1886 il əhalinin siyahıya alınması zamanı Çarqan kəndi (69 ailə, 490 nəfər) qeydə alınmışdır. Tədqiqatçılar bu sözü gah Orta Asiyada yaşamış türkdilli çaruqan tayfasının adı ilə bağlayır, gah da “dörd karvansara” mənasında izah edirlər. Əslində, kəndin adı İran dillərindəki çaharan (dördlər) sözünün fonetik variantıdır və Azərbaycan toponimiyasında Dördlər adlanan yaşayış məntəqələrinin (Gədəbəy, Neftçala) sinonimidir.
.Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, 1 cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 131
N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, 2009, s.70